çap et  
Gürcüstanda "donuz qripi"ndən daha 2 ölüm
Həyatını itirənlərin sayı 9-a yüksəldi
Şənbə, 26.12.2009

İ.Telmanoğlu

Təhlükəli A/H1N1 virusuna yoluxmuş 26 yaşlı Gürcüstan vətəndaşı Nino Qabaidze Batumi şəhər xəstəxanasında keçinib. APA-nın Gürcüstan müxbirinin verdiyi xəbərə görə, dünyasını dəyişən qadın altı aylıq hamilə olub, həkimlər nə onun, nə də körpəsinin həyatını xilas edə bilməyiblər. Xəstə sətəlcəm diaqnozu ilə xəstəxanaya gətirilib, həkimlər artıq qadının durumunun ağır olduğunu və tibbi müdaxilənin fayda verməyəcəyini bildiriblər. Hazırda Batumi şəhər xəstəxanasında "donuz qripi"nə yoluxmuş iki xəstə qalır. Onların vəziyyəti ağırdır.

Bu gün səhər Tbilisi şəhər mərkəzi uşaq xəstəxanasında 13 yaşlı Mariam İobaşvili vəfat edib. Dekabrın 21-də "donuz qripi" diaqnozu ilə xəstəxanaya gətirilən xəstəyə "Tamiflu" verilsə də, xəstə gecikmiş vəziyyətdə həkimə müraciət etdiyinə görə onun həyatını xilas etmək mümkün olmayıb. Gürcüstan Səhiyyə Nazirliyi əhaliyə müraciət edərək xəstəliyin ilk simptomları müşahidə olunan kimi həkimə müraciət etməyi məsləhət görüb. Xatırladaq ki, bu günə kimi Gürcüstanda 9 nəfər "donuz qripi"ndən dünyasını dəyişib.

Xatırladaq ki, rəsmi rəqəmlərə görə, bu gün Azərbaycanda "donuz qripi"nə yoluxanların və artıq müalicə alanların sayı cəmi 13 nəfər olub, hazırda isə ölkədə donuz qripinə yoluxan qeydə alınmayıb.