Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını təbrik ediblər.
DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təbrikdə bildirilir ki, bu il 17-ci həmrəylik bayramını qeyd edən Azərbaycanın 20 faiz torpağı hələ də erməni işğalından azad edilməyib, Güney Azərbaycandakı 35 milyondan artıq türkün milli azadlıq mübarizəsini qan bahasına susdurmağa çalışırlar, soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsində müəyyən problemlər var.
Azərbaycanlıların ən böyük diaspor təşkilatlarından biri olan Dünya Azərbaycanlıları Konqresi dünyanın 50 milyonluq azərbaycanlısının birlik və bərabərliyinin təntənəsi olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni il bayramını təbrik edir, doğma vətən Azərbaycanın bütün sahələrdə güclü, inkişaf etmiş bir ölkəyə çevrilməsi üçün qüvvələrini birləşdirməyə, vətən qarşısında öz borcunu yerinə yetirməyə çağırır.
|