çap et  
Ermənistan bir dövlət kimi yox ola bilər
Ermənistan bir dövlət kimi yox ola bilər
Oliqarxlar onu məhvə sürükləyir
Şənbə, 26.12.2009

Ənvər Börüsoy
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi (AMSTM), e

2008-ci ildən bütün dünyada baş verən iqtisadi və maliyyə böhranı nəticəsində bir sıra dövlətlər yoxolma təhlükəsilə üzləşiblər. Yunanıstan, Serbiya, Sloveniya, Çexiya, Yunan Kipri, Ermənistan, Şri-Lanka, Afrika, Güney Amerika, Okeaniya regionlarında bir sıra dövlətlər tamamilə iflas vəziyyətindədir. Bu dövlətlərin xilas imkanları barədə bu gün hər hansı proqnoz çox mücərrəd xarakter daşıyardı.

Ermənistan bu vəziyyətdən xilas olmağa çalışarkən çıxış nöqtəsi kimi ölkəni xarici səhmdarlardan maliyyə asılılığına, bununla da onların tam ixtiyarına verməklə, düşdüyü böhrandan bəlkə uzaq gələcəkdə çıxa biləcəyinə ümid edir. Buna görə də xarici dövlətlərdən, beynəlxalq maliyyə qurumlarından kreditlər almağa, yerli sənaye, maliyyə infrastrukturlarını, mədənləri, iri torpaq sahələrini xarici şirkətlərə satmağa başlayıb. Erməni strateqlərinin özləri də etiraf edirlər ki, "əsas məsələ Ermənistanın mövcudluğunu qorumaq"dır.

Sosial böhranlar məngənəsi

Dünya Bankının İrəvandakı təmsilçiliyinin rəhbəri Aristomen Varudaskis (Aristomene Varudaskis) bildirib ki, qurumun araşdırmalarına görə, Ermənistanda daxili məhsulun gəlirləri 2010-cu ildə 50 faiz azalacaq. Dövlət Statistika İdarəsinin bizə verdiyi raporta görə, indi ölkədə 90 min nəfər vətəndaş həddindən artıq kasıb şəraitində yaşayır. Qənaətimizcə, bu rəqəm real həyatda iki dəfədən artıqdır. Digər tərəfdən, 2010-cu il büdcəsində sosial ayırmalar da ötən illərə nisbətən xeyli azaldılaraq 240 milyard dram (623 milyon dollar) təşkil edir. Təbii olaraq belə bir durumda vətəndaşların həyat tərzi daha da ağırlaşacaq. 2009-cu il üçün Ermənistanda maliyyə və iqtisadi böhran 16-17 faiz həddində olub. Belə bir durum Ermənistan üçün çox böyük rəqəmdir.

İrəvandakı "Siyasi-İqtisadi Araşdırmalar Mərkəzi"nin rəhbəri Andranik Tevanyanın araşdırmalarına görə, hazırda Ermənistan boyunca ağır həyat tərzində yaşayanların sayı 172 min nəfərdir. Gələn il bu sıraya əlavə olaraq, indi nisbətən orta səviyyədə yaşayanlar da qatılacaqlar. Hakimiyyətin son 11 ildə apardığı yanlış sosial və iqtisadi siyasətin nəticəsi kimi indi əhalinin 906 min nəfəri kasıblıq həddində yaşamağa məhkum edilmişdir. Bunun 297 min nəfəri, sadəcə, fiziki cəhətdən mövcudolma şəraitindədir. Bu 11 ildə əhalinin 600-700 min nəfəri ailələrini dolandırmaq üçün xarici ölkələrə getməyə məcbur olmuşdur. İndi dünyada baş verən ağır maliyyə böhranlarına görə bu insanlar ailələrinə maliyyə dəstəyi verə bilmək imkanlarından məhrumdur.

Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyinin etirafına görə, hazırda ölkədə yaşayan 1 milyon 700 min nəfər əhalinin 516 min 802 nəfərini təqaüdçülər və əlillər təşkil edir. Əhalinin 496 min nəfəri orta məktəb şagirdlərindən ibarətdir. Orduda xidmət edən 9 min 697 nəfər orduda qulluq etməklə yanaşı həm də təqaüdçüdür. Təqaüdçülərin orta aylıq gəlirləri isə 24 min 488 dramdır (64 dollar). Sosial sahədə sığortalardan danışmağa belə dəyməz. İrəvan Dövlət Universitetinin "Sosial-İqtisadi Problemləri Araşdırma Mərkəzi" mütəxəssislərinin fikrincə, "Kasıb dövlətlərdə sığorta problemləri sahəsində əhalinin imkanları olmadığı üçün bu yöndə maliyyə problemlərinin ucbatından hər hansı bir sosial müdafiənin təşkili qeyri-realdır. Hökumət iqtisadi sahədə nə qədər ki islahatların başlanmasına hazırlıq tədbirləri görmür, durum beləcə davam edəcək".

Daşınmaz əmlak su qiymətindən də ucuz

"Daşınmaz Əmlak Bazarı"nda nüfuzlu mütəxəssislərdən sayılan Qarik Danileyan bildirib ki, son bir ildə daşınmaz əmlakın dəyəri 3 dəfə düşüb. Belə bir endirim prosesi hələ ki davam edir. Paytaxt İrəvanda son 3 ayda daşınmaz əmlakın dəyəri 25-30 faiz azalıb. Onun fikrincə, bu proses 2010-cu ildə də davam edəcək. Gələn ilin qış mövsümündə endirimlər 10 faiz həddində proqnozlaşdırılır.

2008-ci ildə İrəvanda yeni tikilmiş komfortlu şəraiti olan göydələnlərdə mənzillərin 1 kv. m-i 1200-2000 dollar civarında idi. İndi bu rəqəmlər 40 faiz azalaraq 1100-1500 dollar təşkil edir. İrəvanda şəxsi evlərin qiymətləri bu il orta hesabla 37 faiz azalıbdır. Bu da əmlak bazarına çox böyük zərbə deməkdir. Bütün bunlar azmış kimi regionlarda iri torpaq sahələrinin satış qiymətləri də xeyli azalıb. Bütün bu qiymət azalmalarına baxmayaraq, bazarda müştərilər yoxa çıxıblar. Hətta yerli oliqarxlar belə daşınmaz əmlak almaqda həvəsli görünmürlər.

Bu sahədə ixtisaslaşmış şirkətlərin etiraflarına görə, bazarda oliqarxların nəzarətində olan inşaat mallarının satışında qiymətlərin hələ də baha olması səbəbincə, daşınmaz əmlakın alınması və onun təmiri istiqamətində problemlər yaşanmaqdadır. Digər tərəfdən, xaricdə işləyən və hər ay ailəsinə pul göndərənlərin aqibəti indiki maliyyə böhranında qeyri-müəyyəndir. Onların çoxu sonuncu dəfə ailələrinə nə zaman maliyyə yardımı etdiklərini belə unudublar.

Belə bir durum, təbii ki, Ermənistanda daşınmız əmlakın bazarına çox ciddi zərbə vurmalıdır. İndiki halda daşınmaz əmlakını sataraq xaricdə yaşamaq istəyənlərin sayı günbəgün artmaqdadır. Bazarda isə əmlak alanların sayı hər ay orta hesabla 30-40 faiz azalmaqda davam edir.

Kreditlə yaşayan ölkə

Ermənistanla strateji müttəfiq olan Rusiya 2009-cu ilin avqustunda İrəvana ağır maliyyə böhranlarına görə 500 milyon dollar kredit ayırdı. Prezident Serj Sarqsyan isə dərhal bu vəsaiti əhalinin təqaüdlərinin, məmurların, hərbçilərin, polisin, müəllimlərin, həkimlərin, digər büdcə təşkilatlarında çalışanların maaşlarının verilməsinə yönəltdi. Mütəxəssislərin hesablamalarına görə, bu ilin sonunda həmin vəsait tükənəcəkdir.

Dünya Bankının İrəvandakı nümayəndəsi A.Varudakis bildirib ki, bizim mütəxəssislərin hesablamalarına görə, Ermənistanın xarici borcları 2010-cu ildə orta hesabla 50 faiz artacaq. Ermənistan iqtidarı düzgün iqtisadi siyasət aparmaqla, 2012-ci ildən başlayaraq, xarici borclarını ödəmək imkanı əldə edə bilər. Əgər bütün bunlar baş verməzsə, o zaman xaricdən Ermənistana verilən kreditlər də dayandırıla bilər.

Bütün problemlərə baxmayaraq, hakimiyyət ölkədəki iqtisadi böhranlardan çıxış nöqtəsi kimi yeni kreditlər almaq siyasətini davam etdirir. Beləliklə, 3 milyard dollarlıq xarici borclara yeni borclar əlavə olunmaqdadır. Bunun 70 faizi dövlət borclarıdır, digəri isə özəl sektorun payına düşür. Rusiyadan savayı, bu il daha çox Yaponiya və Almaniyadan kreditlər alınıbdır. "İrs" Partiyası siyasi şurasının üzvü, deputat Vardan Ayvazyan bildirib ki, Ermənistan hökuməti bu il xaricdən 1 milyard 430 milyon dollar həcmində kredit alıb. Alınan kreditlər sayəsində ölkədə iqtisadi, sosial, maliyyə sektorunun inkişafı hiss olunmur. Parlamentin maliyyə və büdcə komissiyasının sədri Qaqik Minasyan isə etiraf edib ki, 2010-cu ilin sonuna kimi Ermənistanın xarici borcları 5 milyard dollardan artıq ola bilər. Parlamentin deputatı Akop Akopyan isə bildirib ki, xaricdən alınan kreditlərin nə zaman və necə qaytarılması barədə hökumət heç maraqlanmır. Hökumət təkcə bu günün deyil, Ermənistanın bütün gələcəyini borclar içində məhv edən bir siyasət aparır.

Oliqarxları və Ermənistanın gələcəyi

"Transrarency Inrenational" beynəlxalq təşkilatının İrəvan ofisinin rəhbəri Amaliya Kostanyan bildirib ki: "Ermənistan korrupsiyalaşmış 180 dövlət arasında 125-ci sırada gedir. Faktik olaraq, Ermənistanın sosial-iqtisadi həyatı oliqarxların tam nəzarətinə keçibdir. Parlamentdəki 131 nəfər deputatdan 100-nün oliqarxların nümayəndəsi olması, 25 nəfər nazirin isə birbaşa oliqarxları təmsil etməsi bunun təsdiqidir. Bütün bunlar ölkədə hər addımda insan hüquqlarının pozulması, iqtisadi və maliyyə sektorunda korrupsiyanın çiçəklənməsinə səbəb olub.

Prezident S.Sarqsyanın oliqarxlarla mübarizə aparmağa, monopoliyanın aradan götürülməsi istiqamətində heç bir təsir gücü yoxdur. Çünki 19 fevral 2008-ci ildə məhz oliqarxlar onun prezident seçilməsini təmin ediblər.

ATƏT İrəvan nümayəndələrinin, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin, Avropa Birliyi konsanltinq qrupunun, Avropa Şurası və digər beynəlxalq təşkilatların, Ermənistandakı ictimai qurumların birlikdə hazırladıqları "korrupsiya hallarının qarşısının alınması strategiyası" hökumət tərəfindən ciddi təpkilərlə qarşılanıb. Baş prokuror Avqan Ovsepyan isə: "Korrupsiya ilə mübarizədə güc strukturlarının gücü yoxdur" kimi etirafda bulunubdur.

2010-cu il üçün Ermənistan və separatçı Dağlıq Qarabağ rejiminin büdcəsinə dəstək olaraq bütün dünyada keçirilən telemarafonlara nədənsə erməni oliqarxları qatılmayıblar. Bu yöndə "Dünya Erməni Fondu"nun rəsmi açıqlamasına görə, Ermənistanı idarə edən 44 nəfərlik oliqarx qrupu faktik olaraq bu telemarafonlarda iştirak etməyiblər. Qaqik Tsarukyan, Hrant Vardanyan, Saşik Sarqsyan (S.Sarqsyanın qardaşı), Sedrak Köçəryan (Robert Köçəryanın oğlu), Ovik Abramyan, Andranik Manukyan, Samvel Aleksanyan, Tiqran Karapetyan, Aşot Ağababayan, Mixail Bağdasarov və digərləri buna örnək göstərilir.

Sabiq baş nazir Hrant Baqratyan mətbuat konfransında bildirib ki, Ermənistanı oliqarxlar məhv edirlər. Onlar milli pul vahidini xüsusi nəzarətdə saxlamaqla, Ermənistanı bir dövlət olaraq iflasa sürükləyirlər. Ermənistan məhz oliqarxların zəngin olmaq ehtiraslarının qurbanına çevrilib. Bütün xarici kreditlər, hətta yatırımlar belə oliqarxlar tərəfindən oğurlanır və talan edilir. Ermənistan dünyada yeganə ölkədir ki, dövlət və hakimiyyət oliqarxların tam nəzarətinə keçib. Polis onlara məxsus 1200 mənzili, 4068 müəssisəni, 140 zavod və fabriki mühafizə etməklə məşğuldur.

Ermənistan Polis İdarəsinin (DİN) yüksək rütbəli məmuru, general-mayor Aram Zakaryan etiraf edib ki, oliqarxların "obyektlər"inin mühafizəsində çalışan polislərin aylıq maaşı 125 min dramdır (320 dollar). Belə bir xidmətə 5 min nəfər polis cəlb edilmişdir.

Almaniyaya məxsus "Deutsche Bank"ın eksperti Yozef Auer bu ölkənin Ermənistana yatırım qoymaq siyasətinə qarşı "Ermənistanda oliqarxlar hər addımda xarici investorlara mane olurlar" açıqlamasını verməyə məcbur olmuşdur...