Azərbaycanda medianın 2009-cu ildəki durumu ilə bağlı illik hesabatını açıqlayan Media Hüququ İnstitutu hökumətə tövsiyələr göndərib. Media qanunvericiliyinin inkişafı ilə bağlı təkliflərdə deyilir: "Hökumət media, o cümlədən televiziya və radio fəaliyyətinin tənzimi ilə bağlı qanunvericilikdəki boşluqları doldurmağa yönəlik addımlar atmalıdır. Xüsusilə də nüfuzun qorunması, jurnalist qaynaqlarının gizliliyinin qorunması, maliyyə qaynaqlarının şəffaflığı, MTRŞ-nin müstəqilliyi, yayımın lisenziyalaşdırılması, AzTV-nin hökumət nəzarətindən azad edilməsi təmin olunmalı, yeni yayım texnologiyaları və xidmətləri ilə əlaqəli qanunvericilik mövcud tələblərə və qabaqcıl standartlara uyğunlaşdırılmalıdır. "Nüfuzun qorunması (diffamasiya) haqqında" və "Jurnalistin bilgi qaynaqlarının gizliliyinin qorunması haqqında" təklif edilmiş qanun layihələrinin müzakirəsi və qəbulu təxirə salınmamalıdır".
Tövsiyələrdə ictimai məsləhətləşmələrin təşkili məsələsi də yer alır: "Hökumət media siyasəti və media qanunvericiliyi ilə bağlı geniş ictimai müzakirələri təmin etməli, Milli Məclislə birlikdə sivil toplum nümayəndələrini, özəlliklə media haqları sahəsində çalışan qurumları, peşə birliklərini, müstəqil ekspertləri və başqa sivil tərəfdaşları media siyasəti və media qanunvericiliyinin formalaşması işinə cəlb etməlidir".
Jurnalistlərin azadlığı və təhlükəsizliyi ilə bağlı problemə toxunan Media Hüququ İnstitutu bunları tövsiyə edir: "Həbsdə olan jurnalistlərin və bloqçuların azad olunmalarının ifadə azadlığı mühitinə əvəzsiz sağlamlaşdırıcı təsirini nəzərə alaraq onların azad edilməsi təxirə salınmamalıdır. Jurnalistlərə fiziki basqı hallarının böyük faizinin yetərincə araşdırılmaması praktikasını aradan qaldıran tədbirlər görülməlidir. Özəlliklə Elmar Hüseynovun ölümü, Üzeyir Cəfərovun, Aqil Xəlilin, Həkimeldostu Mehdiyevin, Emin Hüseynovun, Zamin Hacının, Əfqan Muxtarlının, İlqar Nəsibovun döyülməsi halları yetərincə araşdırılmalı, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülməlidir".
MHİ məhkəmələrlə bağlı tövsiyələr də verib: "Məhkəmələr ifadə azadlığı ilə bağlı işlərə baxarkən ifadə azadlığı sahəsində beynəlxalq standartları, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini nəzərə almalıdırlar. Bunun üçün Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsi əsasında çıxarılmış məhkəmə qərarlarının tərcüməsi və hakimlər arasında yayılması təmin edilməli, hakimlərin ifadə azadlığı və informasiya azadlığı ilə bağlı bilgi və vərdişlərinin artırılması üçün maarifləndirmə tədbirləri aparılmalıdır. Ali Məhkəmə ifadə azadlığı, o cümlədən nüfuzun qorunması və informasiya azadlığı haqqında işlərə baxılma qaydaları ilə bağlı tövsiyə xarakterli müvafiq plenum qərarları qəbul etməlidir. Bu tövsiyələr ifadə azadlığı ilə bağlı Avropa Məhkəməsinin müəyyən etdiyi meyarlara və şərtlərə uyğun olmalıdır".
Rəsmi qurumlardan bilgi əldəetmə imkanları məsələsinə toxunan institut hökumətə bunları məsləhət bilir: "Bilgi sahibləri olan dövlət, bələdiyyə qurumları və ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər mediaya qanunla açıq olan məlumatları verməlidirlər. Bu məqsədlə müvafiq dövlət qurumlarında informasiya məsələləri üzrə departament yaradılmalı, şəxslər təyin edilməli, bu qurumların internet saytları ictimai əhəmiyyətli informasiyaları əks etdirməli, informasiya məsələləri üzrə müvəkkilin təyini üçün tədbirlər görülməlidir. Eyni zamanda, bilgi sahiblərinin açıq toplantılarında iştirakla bağlı məsələlər qanunvericiliklə müfəssəl tənzimlənməlidir".
İnstitut başqa tövsiyələr də verib. Tövsiyələrdən biri ictimai yayım xidməti problemini əhatə edir: "Hökumət ictimai yayım xidmətini dəstəkləməkdə davam etməlidir. İctimai yayıma ayrılan vəsaitin hər il müəyyən edilməsi və təsdiqlənməsi qaydası ləğv edilməli, bu vəsait büdcə gəlirlərinə mütənasib olaraq bəlli faizlə müəyyən olunmalıdır. İctimai yayım haqqında qanunun ictimai yayımın dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdıran müddəaları ləğv edilməlidir. Hökumət ictimai yayımın maliyyələşdirilməsi ilə bağlı məsələni həll edərkən bu yayımın keyfiyyətli və ictimai mənafelərə tam uyğun olan proqramlar hazırlayıb yaya bilməsi üçün yetərli maliyyə vəsaitlərinə sahib olmasının qayğısına qalmalıdır. Hökumət ictimai büdcədən maliyyələşən dövlət televiziyasını (AzTV-ni) ictimai yayım xidmətinə çevirməli, onun ictimai yayımı tənzimləyən qanunlar altında çalışmasını təmin etməlidir".
|