Görünən seçkiyə nə bələdçi?
 |
Yaxud gözümlə gördüklərim
Şənbə, 26.12.2009
|
|
Bələdiyyə seçkiləri ilə bağlı bütün bələdiyyələr və seçki məntəqələri üzrə səsvermənin ilkin nəticələri Mərkəzi Seçki Komissiyasına daxil olub və bu məlumatlar MSK-nın rəsmi internet saytında (www.infosentr.gov.az) yerləşdirilib. Rəsmi məlumatlara görə, 23 dekabr bələdiyyə seçkiləri xırda pozuntular nəzərə alınmasa, demokratik, şəffaf və ədalətli keçirilib. Hətta MDB müşahidə missiyası və hökumətə yaxın bəzi QHT-lər də seçkilərin normal keçirildiyini dedilər.
Məsələn, MSK sədri Məzahir Pənahov seçkilərin normal keçdiyini iddia edə bilər, çünki ona rəqəmlər təqdim edilir və bu rəqəmlərin necə peyda olmasını o fiziki baxımdan müəyyən edə bilməz.
Amma mən Məzahir Pənahov qədər nikbin deyiləm. Bu dəfə seçkilərdə 31 saylı Suraxanı İkinci seçki Dairəsinin bir neçə məntəqəsində müşahidə apardım. Özü də avropalılar sayaq məntəqələri turist kimi gəzməklə hər hansı bir qanun pozuntusunun aşkar edilməsi mümkün deyil. Qanunsuzluqları aşkar etmək üçün məntəqədə uzun müddət olmalı və ya imkanın olsa, səhərdən axşama qədər səsvermə məntəqəsindən çıxmamalısan.
Əvvəl bu seçkilər zamanı həyata keçirilən yeni "texnologiya" barədə məlumat verərək sonra faktları sadalamağa cəhd edim. Birincisi, budəfəki seçkidə müşahidəçilərin də əksəriyyəti saxta idi. Məsələn, Qaraçuxurdakı 141 saylı orta məktəbdə təşkil olunmuş 2 saylı seçki məntəqəsində komissiya üzvləri də, müşahidəçilərin əksəriyyəti də eyni kollektivdə işləyən müəllim və müəllimələr idi. Açığı, gənc müşahidəçi müəllimələrə yazığım gəlirdi. Çünki istilik sistemi olmayan məktəbdə təşkil olunmuş məntəqədə dişi-dişlərinə dəyən gənc "müşahidəçi" xanımların hazırda evlərində xəstə yatdıqlarına qəti şübhəm yoxdur. Amma onlar bu məntəqəyə təhkim olunduqları üçün çıxıb evə gedə bilməzdilər. Ümumiyyətlə, məntəqədə, sadəcə, dekorasiya xətrinə oturmuşdular. İnanıram ki, onlar heç müşahidəçinin haqq və hüququnu da bilmirdilər və ya hansısa formada qanunsuzluğun qarşısını almaq iqtidarında deyildilər. Mədəniyyət Sarayındakı 28 saylı seçki məntəqəsində isə soyuqdan donan komissiya üzvləri və müşahidəçilər balaca bir otaqda qoyulmuş "tok peçi"nin başına toplaşmışdılar.
Yəni olduğum başqa məntəqələr, məsələn, qəsəbənin Mədəniyyət Sarayı, Xəstəxanası, Hərbi Hissə, Stomatoloji kabinet və ya digər məktəbdəki məntəqələrdə də komissiya üzvləri və müşahidəçilər müvafiq qurumun personalından təşkil olunmuşdu. Amma məktəb və Mədəniyyət Sarayından fərqli olaraq hərbi hissə və ya xəstəxanalardakı məntəqələrdə istilik sistemi var idi.
Səsvermə prosesinə gəldikdə, bu barədə ümumiyyətlə danışmaq istəmirdim, amma məcburam.
Ya əhalinin ümdə hüququ olan səsvermə hüququndan istifadə etməyə məsuliyyət hissi yoxdur, ya da seçkilərə qəti inamları qalmayıb ki, gəlib kiməsə səs versinlər. Saatlar keçsə də, səsvermədə aktivlik müşahidə olunmurdu.
Habelə bəzi namizədlər və yüksək rütbə daşıyan polislər də hüquqlarını bilmirdilər. Məsələn, 2 saylı məntəqədə bələdiyyə namizədi Fərman Bədəlov gələrək "kimin ona neçə səs verməsi" ilə maraqlanırdı, özü də saat 13.10 radələrində (!). Bu məntəqənin seçicisi olmayan namizədə 3-4 nəfər adamı ilə məntəqədə var-gəl etməsinin qanunsuz olduğunu bildirdikdə, az qala yaxşıca döyüləcəkdim... Vəsiqəsini gözümə soxaraq "Əşi, mən namizədəm!" deyə haqlı olduğunu sübut etməyə çalışırdı...
Nəhayət, komissiya sədri səlahiyyətlərini "yadına salıb" dəstəni məntəqədən çıxardı. Bundan başqa, bələdiyyəyə digər namizəd Rəhim Mirələmov da adamları ilə məntəqəyə gəldi... Doğrudur, o kimin ona nə qədər səs verməsi ilə maraqlanmadı, əsasən səsvermənin necə keçdiyini müşahidəçilərdən soruşdu və cəmi 1 dəqiqəyə də məntəqəni tərk etdi. Sözsüz ki, o da namizədin məntəqəyə daxil olmağa haqqının olmadığı barədə xəbərdarlıq alandan sonra...
Necə deyərlər, bu kimi hallara Azərbaycan sayağı da yanaşmaq olar və demək olar ki, bu məsələlər səsverməni saxtalaşdırmır. Bəs səsvermə necə keçdi? Qəzetdə yer az olduğu üçün hamısını nəql edə bilməsəm də, bir-iki məqamı qeyd etmək istərdim. Demə, barmaqların markalanması heç də "karusel"in qarşısını almır. Çünki gözümün qabağında 2 saylı məntəqədə səs verən insanlar sonra 8, 28 və 7 saylı seçki məntəqələrində də qrup halında "vəzifə borclarını icra edib" səs verdilər. Məsələn, 8 saylı məntəqədə yaşlı bir xanımın hətta hər iki barmağının markalandığı halda ona bülleten verilirdi.
Məsələyə müdaxilə edəndən sonra komissiya sədri mənə "izah eləməyə" başladı ki, 28 saylı məntəqədə "bilməyib əlini markalayıblar və sonra da baxıblar ki, adı siyahıda yoxdur" və guya həmin xanım orada səs verməyib. Amma yenə də onun hər iki barmağının markalanmağı mənə heç cür aydın olmadı.
Yenə qayıdaq 141 saylı məktəbdəki məntəqəyə. Bu cümlələrə görə üzr istəyərək qeyd edim ki, soyuqda çox durduğuma görə təbii ehtiyacımı ödəmək üçün uzun dəhlizin digər tərəfində olan ayaqyoluna qaça-qaça gedib dönməyim 3 dəqiqə çəksə də, boş qoyub getdiyim qutular mən gələndə artıq dolu idi. Habelə bayaqdan seçici yolunu gözləməkdən gözümün kökü saralsa da, "sensasiya" baş vermişdi, səsvermə kabinələri seçici ilə dolu idi. Komissiya üzvləri və "müşahidəçilər" isə qeybə çəkilmişdilər. Düşündüm, yəqin, onlar soyuqdan direktorun otağına çay içməyə keçiblər, yeri gəlmişkən, mənə də orada çay içirtmişdilər. Yəqin, bu da bir strategiya imiş. Həsədlə səsvermə kabinələrindəki seçicilərin çıxacağını gözləsəm də, gəlib oradan çıxmırdılar, nəhayət 5-10 dəqiqədən sonra bir seçici, daha doğrusu komissiyanın gənc xanım üzvü çıxdı və əlindəki 5-6 bülleteni qutuya dürtüşdürməyə başladı. Hay-küy edib buna etiraz etdiyimdən komissiyanın sədri işə müdaxilə elədi və gənc qızı xeyli "məzəmmət" etdi. Amma digər kabinədəkilər bu hay-həşirdən sonra çölə çıxmaq istəmirdilər. Nəhayət, onlar da çıxdı, amma əliboş, özləri ilə topa qutuya atmağa apardıqları bülletenləri də səsvermə kabinəsinin arxa tərəfindən gənc bir xanımın əli ilə aradan çıxardılar. Özümlə pampers apara bilmədiyimə görə 1-2 saatdan sonra təkrar ayaqyoluna üz tutub geri döndüyümdə isə artıq üç qutunun dopdolu olduğunu gördüm. Allah mübarək eləsin!
Bu məntəqə hələ insaflı idi, heç olmasa xahiş-minnət edirdilər ki, protokol yazma. 15 saylı məntəqədə səslərin hesablanması zamanı müşahidəçiləri dəhlizə atdılar və polis kapitanı onları məntəqəyə buraxmadı, 7 saylı məntəqənin xanım sədri isə ağlamsınaraq deyirdi ki, səsvermənin nəticələrinə dair protokolu verə bilməz. Bax niyəsi çox maraqlıdır: Bilirsinizmi niyə? - "hələ dairədən rəqəmləri bizə verməyiblər"...
|
|
|
Oxşar xəbərlər:
Hökməlidə hökm kimin olacaq?..
Bakıətrafı yaşayış massivlərində "söküntü" həyəcanı
YAP bələdiyyə seçkilərinə hazırlaşır
Avropa müxalifəti seçkilərə dəvət edir
DİN sahə rəisi institutu yaradır
|
|
|