Dünən Milli Məclisin iclası boyunca müxalifətçi deputat Pənah Hüseynin sözü ilə spikerin sözü düz gəlmirdi. Dəfələrlə Pənah Hüseyn söz demək üstündə sədrlə söz güləşdirmək məcburiyyətində qalmışdı.
Məsələn, cari məsələlərin müzakirəsi zamanı Oqtay Əsədov Pənah Hüseynin yerindən danışmasına etiraz olaraq "İnsana bir dəfə deyərlər ki, otur yerində", "otur yerində, danışma", "ağzından bir kəlmə yaxşı söz çıxmır", "göydən düşmüsən bəyəm" kimi atmacalar atırdı.
Spikerlə deputatın qarşılıqlı atmacaları iclasın ikinci hissəsində - "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsinin müzakirəsi zamanı pik nöqtəsinə çatdı. Belə ki, spiker çıxışa yazılan Pənah Hüseynə söz vermək əvəzinə siyahıda ondan sonra olan həmkarının mikrofonunu açdı. Belə olan halda Müsavat deputat qrupunun üzvü ayağa qalxaraq Oqtay Əsədova müraciət edib: "Bilirəm ki, mənə danışmaq qadağası qoyulub. Zəhmət olmasa, bunu rəsmən elan edin ki, protokola düşsün". Buna cavab olaraq spiker həmin qadağanı təsdiqlədiyini bildirib.
Spiker deyib ki, P.Hüseyn dəfələrlə nizamnamə qaydalarını pozub və üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bundan nəticə çıxarmayıb: "Sən yenə də nizamnamə qaydalarını pozursan. Ona görə də danışmaq hüququndan məhrum olunmusan və bununla bağlı sənə rəsmi sənəd təqdim ediləcək, sözdən hansı müddət ərzində məhrum olunmağı da sənəddə göstəriləcək".
İclasdan sonra məsələyə münasibət bildirən MM intizam komissiyasının sədri Ağacan Abıyev spikerin qərarını haqlı sayıb: "Belə cəzalar bir günlük, bir həftəlik və ya bir aylıq ola bilər: Heç kimə icazə verilmir ki, etik qaydaları pozsun. Xatırladım ki, deputatlardan biri kəskin şəkildə etik qaydaları pozdu, onun məsələsinə komissiyada baxıldı və deputatın mandatı əlindən alındı".
Pənah Hüseynin etik qaydaları pozması ilə bağlı məsələyə komissiyanın iclasında baxılmasına ehtiyac görməyən Ağacan Abıyev deputata verilən cəzanın bir günlük olduğunu güman etdiyini deyib. Pənah Hüseyn: "Replikaya görə deputatı danışmaq hüququndan məhrum etməzlər".
Pənah Hüseynin özünə gəlincə, deputat iclasın gedişini pozan heç bir hərəkətə yol vermədiyini bildirib. "Əvvəla, mən çıxış edənlərə mane olmamışam. Sədrlə mənim mübahisəm yarananda o, çıxış etmirdi, replika verirdi. Mən də yerimdən replika verirdim. Bütün dünya parlamentlərində deputatlar bu və digər məsələlər müzakirə edildikdə yerlərindən replikalar verir, bunu əl hərəkətləri ilə də ifadə edirlər. Bu, geniş yayılmış praktikadır. Amma buna görə heç yerdə deputatı danışmaq hüququndan məhrum etmirlər".
MM daxili nizamnaməsinin 9-cu maddəsinə görə, iclasda iştirak edənlər iclasın gedişini pozanda iclasa sədrlik edən şəxs həmin iclas günü onları danışmaq hüququndan məhrum edə bilər.
|