"Fashion TV"nin təşkilatçılığı ilə dekabrın 24-də "Face club"da moda gecəsi təşkil edilib. Yaddaqalan mərasimi sözügedən telekanalın əməkdaşları lentə alaraq, onu 2010-cu ilin ilk həftələrində yayımlamağı düşünürlər.
Qeyd edək ki, "Fashion TV"nin moda sərgisində "Soiree" brendinin və azərbaycanlı modelyer Leyla Əhmədovanın kolleksiyası həm yerli modellər, həm də "Fashion TV"nin Bakıya dəvət olunmuş modeli Tatyana Ji tərəfindən təqdim edilib. Xüsusi dəfilə formasında təşkil edilən möhtəşəm moda sərgisində Avstriyadan dəvət olunmuş dj Sayn və Rusiyadan dəvət olunmuş rəqqasə Anna Maryaçkanın çıxışları da maraqla qarşılanıb.
Gecə saatlarına kimi davam edən moda sərgisi həm məşq zamanı, həm də bütün gecə iki xüsusi kamera ilə lentə alınıb. Gecənin təşkilatçısı bildirib ki, Azərbaycanda təşkil olunan bu moda sərgisi ilk olsa da, son deyil və bu gecə gələn ildə də təkrarlanacaq.
Qeyd edək ki, azərbaycanlı modelyer Leyla Əhmədova yerli modelyerlər arasında geyimlərini bu kanalda nümayiş etdirən ilk modelyer olacaq.
|