Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində ilk təmsilçilərindən olan vokalçı Elnur Hüseynovun Azərbaycanı birdəfəlik tərk edəcəyi barədə xəbər gündəmdən düşmür. Onun bu açıqlamasını həmkarları fərqli qarşlayır. Bəzisi Elnurun "özünü burada tapa bilmədiyini", bəzisi isə onun inkişafı üçün bu addımın doğru olduğunu bildirirlər.
Məsələn, şoumen Kamran Həsənli deyir ki, Samir Cavadzadə də duet ortağı Elnurla birlikdə getsə, pis olmaz. Şoumen onların yaradıcılığının birgə uğurlu alındığını deyir. Samir isə öz növbəsində bildirib ki, Azərbaycan şou-biznesindəki yersiz qalmaqallar insanı bu mühitdən uzaqlaşmağa məcbur edir.
Elnura gəlincə, o bunları qeyd edib: "Ukrayna ilə bir sıra əlaqələrim var və bu əlaqələr nəticəsində oraya köçmək təklifi almışam. Artıq bununla bağlı danışıqlarımız və razılığımız da olub. Həmin şirkət "Eurovision" müsabiqəsində bizi hazırlayan şirkət deyil. Bu tamam başqa və daha yüksək səviyyəli bir şirkətdir. Gələn ilin ilk aylarında gedəcəyəm və çox güman ki, daha bura qayıtmayım. Çox işlərim olacaq. Həmin işlərlə bağlı isə işləyəcəyim şirkət xəbər verəcək. Bu qərarı ona görə verdim ki, mənə orada işləmək lazımdır. Düşünürəm ki, mən orada nələrsə edə bilərəm".
Elnur Hüseynov onu da vurğulayıb ki, "Eurovision" müsabiqəsi ərəfəsində Ukrayna şirkəti ilə problemlər yaransa da, bu onun Ukraynada fəaliyyətinə mane olmur və həmin şirkətin də onun işlərinə mane olmayacağına ümid edir. Uzun müddət dost olduğu Samir Cavadzadə ilə münasibətlərə gəlincə, Elnur Hüseynov onunla əlaqəsinin olmadığını deyib. Vokalçı bildirib ki, hazırda Samirlə görüşmür və hansısa məkanda rastlaşanda onunla salamlaşmır: "Samirlə yollarımızı tamamilə ayırmışıq. İndi o ayrı, mən isə ayrı işləyirəm. Bu belə də davam edəcək".
Lakin müğənni duet ortağı ilə yollarının hansı səbəblərdən ayrıldığına aydınlıq gətirmək istəmədi.
|