Xalq artisti Aygün Kazımova ilə müğənni Röyanın çoxdandır davam edən soyuq münasibəti ötən günlərdə daha da kəskinləşib. Onların "soyuq savaşı" indi də mahnı üzərində davam edir. Musiqisevərlərə yaxşı bəllidir ki, hər iki sənətçi bir müəllifin eyni mahnısını ifa ediblər. Hətta Aygün Kazımova qısa zaman kəsimində onun ekran versiyasını da hazırlayıb. Lakin Röya xalq artistinin mövqeyi ilə razılaşa bilmir. O iddia edir ki, bu mahnı bəstəkar Faiq Sücəddinov tərəfindən ona verilib. Müğənni bunun studiya həlli ilə məşğul olan ərəfədə Aygünün də eyni bəstəni oxuduğunu öyrənib.
Təfərrüatı araşdırarkən bəlli olub ki, əslində Faiq Sücəddinov uzun zaman öncə "Təkcə səni" adlanan mahnını Aygünə təqdim edibmiş. Lakin Aygün bəstəkarın kiçik əsərini arxivinə ötürərək onu oxumağa tələsməyib. Bir gün səbri tükənən Faiq Sücəddinov Aygündən fikir öyrənməyə çalışıb. Onun telefon zənglərinin cavabsız qaldığını görən bəstəkar eyni məhsulunu Röyaya təqdim edib. Bundan xəbər tutan Aygün isə vaxt itirmədən səsyazma studiyasına yollanıb və mahnını lentə yazdırıb.
Son aylar mahnı bazarında boşluq yarandığı bir vaxtda meydana iki müğənninin ifasında eyni mahnı çıxıb. Lakin tərəflərin bir-biri ilə münasibəti olmadığından məsələyə KİV-də bəstəkar özü aydınlıq gətirib ki, bunu da yuxarıda qeyd etdik. Faiq Sücəddinov isə yaxasını geri çəkərək, günahın onda olmadığını bildirir. Qısası, Aygün mahnıya yiyə durmadığından o, ikinci ifaçını seçib. Ortaya çıxan səbəblərin günahkarı isə bəstəkar deyil.
F.Sücəddinovun sözlərinə görə, o, Aygünün mahnını ifa etdiyini eşidəndən sonra yenidən onunla telefon əlaqəsi yaratmağa çalışıb. Bu dəfə də Aygün mahnı müəllifinin zənglərini cavabsız qoyub.
Röya isə özünü "Təkcə səni"nin uğurlu ifaçısı kimi təqdim etməklə, ondan imtina etməyəcəyini bildirib. Qeyd edək ki, tərəflərin anlaşılmaz münasibəti onların fanatlarına da yansıyıb. Çoxdandır forumlarda və müxtəlif dalğalarda söz davasına çıxan fanatlar məlum mahnı olayından sonra daha da aktivləşiblər. Onlar fanatı olduğu müğənninin ifasını uğurlu hesab etməklə, qarşı tərəfi söz atəşinə tuturlar.
Bu günlərdə isə Röyanın komandasının bir üzvü məsələyə bu cür aydınlıq gətirib:
"Eyni mahnını Aygün Kazımovanın ifa etməsindən Röya xəbərsiz olub. O, "Təkcə səni" oğlu Hüseyn üçün oxuyub. Məlum olanda ki, bir mahnının iki ifaçısı var, Röya bunu müəllifin həll etməsini istədi. Faiq müəllim də Aygünə telefon açıb, ona iradını bildirməyə çalışıb. Lakin telefon zənglərinə cavab verilməyib".
Yeri gəlmişkən, Aygünün ifasında ekran həllini tapan klipi ona Fuad Əlişov hədiyyə edib. Müğənni bildirib ki, təklif ona Fuaddan gəlib və müğənni etirazını bildirməyib. Mahnının tarixçəsi haqqında geniş danışmaq istəməyən Aygün Kazımova da özünü uğurlu ifaçı hesab edib.
|