Son zamanlar zorlama ilə bağlı cinayətlərin sayı artıb. Bunun səbəbi nə ilə izah olunur? Bəlkə bu cinayətlərin qarşılığında verilən cəzalər adekvat deyil? Bəlkə ağır nəticələrə səbəb olan zorlamaya görə canilərə münasibətdə onları kişilikdən salan kimyəvi iynələr vurulması, yaxud öz seçimlərinə uyğun olaraq ömürlük azadlıqdan məhrumetmə kimi daha ağır cəzalar tətbiq edilsin?
Təcrübə göstərir ki, ən aşağı cəza alan bu şəxslər azadlığa çıxandan sonra öz əməllərini davam etdirirlər. Faktlar bir daha göstərir ki, Azərbaycanda son vaxtlar zorlama cinayətlərinin sayı həddindən artıq olub. DİN mətbuat xidmətindən ölkədə baş vermiş zorlama və ya seksual xarakterli cinayətlərin sayı barədə məlumat verilməsə də, 2009-cu ildə baş vermiş zorlama cinayətlərinin 81,5%, seksual xarakterli zorakılıq hərəkətləri cinayətlərinin 93,8% açılıb. Həmin cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilib. Beləliklə, nələr baş verir?
Azyaşlı uşaqlar manyakların hədəfində
Ölkənin hər yerindən azyaşlı oğlan və qız uşaqlarına qarşı seksual xarakterli cinayətlər barədə xəbərlər gəlir. Məsələn, paytaxtın Sabunçu rayon Polis İdarəsinin məlumatına görə, Sabunçu qəsəbəsində yaşayan 5 yaşlı S. yaşadığı ünvanda zorlanıb. Hazırda azyaşlı oğlanı zorlayan şəxsin barəsində araşdırma aparılır. Əzizbəyov rayonunda yeniyetmə qızı zorlamaqda təqsirli bilinən şəxs tutulub. Buzovna qəsəbəsinin sakini, 1988-ci il doğumlu Elməddin Rəhimov 17 yaşlı qızı zorlayıb. Zərərçəkmiş hadisə barədə Əzizbəyov rayon Polis İdarəsinə məlumat verib. Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Rəhimov tutulub.
Bir baxın, yaşlı bir kişi 10 yaşlı qızla cinsi əlaqədə olmaq istəyib... Bakının Xətai rayonunda naməlum şəxs 1999-cu il doğumlu E.-yə münasibətdə əxlaqsız hərəkət edib. Məlumata görə, azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxsin "yaşlı kişi" olduğu bildirilir.
Ağsu Məhkəməsində uşaqbazlıqda (pedofiliya) ittiham olunan Ağsu rayon sakininə hökm oxunub.
Məhkəmənin hökmü ilə Cavanşir Sadıqov 3 il 6 ay azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs Ağsu rayon mərkəzində qonşuluqda yaşayan azyaşlı oğlan uşağını gizli bir yerə aparıb. Əvvəlcə uşağı döyüb, sonra onunla cinsi əlaqədə olub.
Başqa bir xəbər: azyaşlı uşaqları zorlamaqda təqsirli bilinən Cəlilabad sakinləri Oktay Abbasov və Taleh Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Təqsirləndirilən şəxslər bu ilin mayında qonşuları olan S. və E. ilə cinsi əlaqədə olublar. Azyaşlı uşaqların valideynləri baş vermiş hadisədən xəbər tutduqdan sonra rayon polisinə müraciət ediblər. Abbasov və Qasımov tutulublar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Oktay Abbasov və Taleh Qasımovun hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkləmədə hakim Bakıda azyaşlı oğlanı zorlamaqda təqsirli bilinən 1991-ci il doğumlu Kamran Adıgözəlova hökm oxunub. İttihama görə, bu il mayın 9-dan 10-na keçən gecə saat 23:00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi sakini Adıgözəlov qəsəbənin yeni yaşayış massivindəki çöllükdə 2000-ci il doğumlu S.-yə qarşı zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib. Məhkəmənin hökmü ilə Kamran Adıgözəlov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Evlənmək məqsədilə qızqaçırma da zorakılıqdır
Evlənmək məqsədilə qızqaçırma da zorakılıqdır və bu əmələ baş vuranlar qanun qarşısında cavab verməli olurlar. Bir misal: bu günlərdə Bakıda zorlamada təqsirli bilinən Gürcüstan vətəndaşı tutulub. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, bu il dekabrın 13-dən itkin düşmüş kimi axtarışda olan 1991-ci il doğumlu S. tapılıb. Aparılan araşdırmalar zamanı bəlli olub ki, qızı Gürcüstan vətəndaşı, 1986-cı il doğumlu Yaşar Nəbiyev ailə qurmaq məqsədilə qaçırıb. Nəbiyev polis əməkdaşları tərəfindən tutulub. Çünki qızı zorakılıqla özünə arvad etmək istəyib.
Qaradağda baş vermiş "qızqaçırma" əhvalatının məzmunu isə anlaşılmazdır. Burada "evlənmək məqsəd ilə" qaçırılan 14 yaşlı qızı iki nəfər zorlayıb... Bu azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxslər barəsində cinayət işi başlayıb. Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Orxan İlyas oğlu Cəlilov guya "evlənmək məqsədilə" 14 yaşlı S.-ni qaçırıb. Cəlilov azyaşlı qızı qaçırandan sonra onunla cinsi əlaqədə olub. Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəlilovla yanaşı, azyaşlı qızla Famil adlı şəxs də cinsi əlaqədə olub (?). İstintaq orqanı hazırda Famil adlı şəxsin kimliyini araşdırır.
Bakıda itkin düşmüş kimi axtarışda olan azyaşlı qızın zorlandığı məlum olub. Binəqədi rayonunda 13 yaşlı A.-nın itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, qızı Müşfiq qəsəbəsi sakini, 1992-ci il doğumlu Davud Əliyev "evlənmək məqsədilə" qaçırıbmış.