çap et  
Lənkərandan Braziliyaya
Lənkərandan Braziliyaya
Şənbə, 26.12.2009

İ.Rəfiyev

"Xəzər-Lənkəran" klubunun braziliyalı müdafiəçisi Denis Silva vətənindən cəlbedici təklif alıb. Bu barədə klubun rəsmi saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib. Onun sözlərinə görə, 2008-ci ilin qışında transfer etdikləri mərkəz müdafiəçisi Braziliyanın "A" seriyasında oynaya bilər.

Qeyd edək ki, Denisin "Xəzər-Lənkəran"la imzaladığı müqavilənin müddəti bitib. Ona Braziliya çempionatının yüksək liqa klubundan təklif gəlib. Artıq vətəninə gedən Silva aldığı təklifi gerçəkləşdirməklə məşğuldur. Bununla belə, Lənkəran klubu rəhbərliyi braziliyalının geri qayıtmasında maraqlıdır. Ancaq müqaviləsi qurtardığından o, sərbəst futbolçu kimi istənilən kluba keçə bilər.

3 gün sonra 24 yaşı tamam olacaq Denis "Xəzər-Lənkəran"dan Braziliyanın yüksək liqa təmsilçisinə keçərsə, Azərbaycan futbol tarixinə düşəcək. Hər halda indiyə kimi futbolumuzda buna bənzər keçid olmayıb.

"Xəzər-Lənkəran"ın 2008-ci ildə Braziliyanın birinci liqasından transfer etdiyi Denis "Birlik Kuboku" və Azərbaycan kubokunu qazanıb.