![]() |
çap et |
|
|||
Gələn ilin yanvar ayında keçiriləcək futbol üzrə ənənəvi "Birlik kuboku" turnirinin püşkü atılıb. MDB və Baltikyanı ölkələr çempionlarının iştirakı ilə keçirilən bu turnirdə "Bakı" ikinci dəfə çıxış edəcək və onun qrup mərhələsindəki rəqibləri məlum olub. Azərbaycan çempionu bu dəfə Finlandiyanın HİK, Qazaxıstanın "Aktobe" və Tacikistanın "Vaxş" klubu ilə birgə "B" qrupunda yer alıb.
"Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədov püşkün komandası üçün uğurlu olmadığını bildirib: "Püşk uğurlu olmadı. Çətin qrupa düşmüşük. Həm HİK, həm də "Aktobe" güclü klublardır. Onlar qrupda ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimiz olacaq. Ancaq "Vaxş"ı da hesabdan silmək olmaz. İstənilən halda hansı komanda ilə düşmüşüksə, onunla da oynamalıyıq. Biz Moskva turnirində ölkəmizi layiqincə təmsil etmək fikrindəyik. Ona görə də mütləq qrup mərhələsini keçməliyik". Sayca XVIII olan "Birlik kuboku"nun oyunları 2010-cu il yanvarın 16-dan 24-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Digər qruplar üzrə komandalar belə bölünüb. "A" qrupu: "Dnepr" (Belorus), "Dordoy-Dinamo" (Qırğızıstan), "Metallurq" (Latviya), "Rubin" (Rusiya); "C"qrupu: "Dinamo" (Ukrayna), MTTU (Türkmənistan), "Levadiya" (Estoniya), Rusiya klub yığması; "D" qrupu: "Bunedkor" (Özbəkistan), "Ekranas" (Litva), "Daçiya" (Moldova), "Pünik" (Ermənistan). "Bakı"nın "Birlik kuboku" turnirindəki rəqiblərindən ikisi əvvəllər bu yarış çərçivəsində Azərbaycan komandaları ilə görüşüblər. "Aktobe" (Qazaxıstan) son 5 ildə 4-cü dəfə komandamıza rəqib olacaq. Özü də Aktobe şəhərinin təmsilçisi bizim üçün arzuolunmaz rəqibdir. Hər halda, nə "Neftçi", nə də "Xəzər-Lənkəran" bu komandanı məğlub edə bilib. İndi bu uğursuz ənənəyə son qoymaq "Bakı"nın üzərinə düşəcək. Digər rəqiblərə gəlincə, "Vaxş"la cəmi bir dəfə qarşılaşmışıq. Bir neçə il əvvəl "Neftçi" Kurqan-Tobe təmsilçisini böyük hesabla məğlub edib. Finlandiyanın HİK klubu isə ilk dəfə komandamızla görüşəcək. İndiyədək ölkəmizi bu yarışda "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ", U-21, "Bakı" və "Xəzər-Lənkəran" klubları təmsil edib. 2006-cı ildə "Neftçi", bir il sonra isə "Xəzər-Lənkəran" "Birlik kuboku"nun baş mükafatını Bakıya gətiriblər. |