Dekabrın 25-də "Buta Palace" Konsert-Banket Kompleksində möhtəşəm idman törəni keçirilib. Gənclər və İdman Nazirliyinin keçirdiyi törəndə 2009-cu ilin ən yaxşı idmançılarının adları elan edilib.
Mərasimi giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov idmançıların müxtəlif yarışlarda böyük müvəffəqiyyətlər qazandıqlarını və ilin uğurlu alındığını bildirib. Törəndə ilin ən yaxşı 10 idmançısı ilə yanaşı, məşqçisi, federasiyası, komandası, jurnalisti və digər nominasiyalar üzrə qaliblərin adları elan edilib.
"Araz" futzal klubu ilin ən yaxşı komandası elan edilib. Azərbaycan çempionu, Naxçıvan klubu futzal tarixində ilk dəfə olaraq UEFA kuboku turnirində "dördlər finalı"na vəsiqə qazanıb. Bu il milli komandalar arasında Avropa çempionu titulunu qazanan kişi şahmatçılardan ibarət yığmamız ilin ən intellektual komandası seçilib. Nazirlik idmanı ən yaxşı işıqlandıran telekanallar arasında üstünlüyü İctimai Televiziyaya verib. İlin idman jurnalisti nominasiyasında isə "Srace" televiziyasının əməkdaşı Tural Xudiyev qalib olub. İlin ən yaxşı idman agentliyi "Azerisrort.com" saytı elan edilib.
Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşı federasiyası, Firdovsi Umudov isə ən yaxşı məşqçisi elan edilib. Mərasimin sonunda Azad Rəhimov ilin ən yaxşı 10 idmançısının adını açıqlayıb. Siyahıya aşağıdakı idmançıların adları salınıb: Yunan-Roma güləşi üzrə dünya çempionu Fərid Mansurov, bədii gimnastika üzrə dünya çempionatının mükafatçısı Aliyə Qarayeva, cüdo üzrə Avropa birinciliyinin qalibi Elmar Qasımov, yüngül atlet Ramil Quliyev, ağır atletika üzrə son dünya çempionatının gümüş mükafatçısı Nizami Paşayev, şahmatçı Vüqar Həşimov, qadın güləşi üzrə dünya və Avopa çempionu Mariya Stadnik, taekvondoçu Rəşad Əhmədov, avarçəkən Valentin Demyanenko və paralimpiyaçı Hüseyn Həsənov.
|