İranamı ziyan dəydi, Azərbaycanamı?
|
Əhmədinejad hansı zərərdən danışır?
Şənbə, 26.12.2009
|
|
Bu günlərdə prezident Mahmud Əhmədinejad İkinci Dünya savaşı zamanı İrana dəyən zərərin ödənilməsini Qərb dövlətlərindən tələb etmək niyyətində olduğunu bildirdi. Söhbət nədən gedirdi?
İSNA-nın xəbərinə görə, hökumət başçısı bununla bağlı prezident aparatının başçısı İsfəndiyar Rəhim-Məşaiyə yazılı tapşırıq verib. Həmin tapşırığa əsasən, aparat başçısı mütəxəssislərdən ibarət işçi qrup yaratmalı, tarixi, iqtisadi baxımdan antihitler koalisiyası üzvlərinin İran ərazisində yerləşdikləri müddətdə dəyən ziyanı müəyyənləşdirməlidir. Əhmədinejad bildirib ki, hazırda İranı insan haqlarının pozulmasında suçlayanlar kütləvi qırğında və müharibənin başlanmasında məsuliyyət daşıyırlar. Onun sözlərinə görə, həmin illərdə İran tərəfsiz dövlət olduğunu bəyan etsə də, İkinci Dünya savaşında onun ərazisi işğal olunub.
Heç kimə sirr deyil ki, İkinci Dünya savaşı zamanı, 1943-cü ildə Tehranda keçirilmiş konfransda İranın ərazi bütövlüyünün qorunacağına tərəflər birmənalı şəkildə vəd vermişdilər. Bu konfransdan öncə qəbul edilmiş "Atlantik xartiyası"nda isə insan haqlarının qorunması və "milli müqəddəratın təyini"nə dair sənəd də təsdiqlənmişdi. Bu savaş başa çatdıqdan sonra müstəmləkə torpaqlarında müstəqil dövlətlərin yaranması həmin anlaşmanın nəticəsi kimi də qəbul edilə bilər.
1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti də "Atlantik xartiyası" əsasında yaradılmışdı. Amma elə Əhmədinejadın iddia qaldırdığı Qərb dövlətləri, habelə keçmiş SSRİ bu hakimiyyətin qan içində boğulmasının məsuliyyətini tarix qarşısında boyunlarına götürdülər.
Dekabrın 20-də İsveçin Höteborq şəhərində 21 Azər hərəkatı ilə bağlı törən keçirilib. Bu törən adıçəkilən şəhərdə yaşayan azərbaycanlılar tərəfindən düzənlənib. Toplantıda Güney və Quzey Azərbaycan türkləri ilə yanaşı, İraq türkmənləri də iştirak ediblər. Yığıncaqda Güney Azərbaycan mənşəli çeşidli qurumlar, o cümlədən Dünya Azərbaycanlıları Konqresi, Güney Azərbaycan Qurtuluş Partiyası, Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Öyrənci Hərəkatı, Güney Azərbaycan Milli Oyanış Hərəkatı və s. təşkilatlarla təmsil olunub.
Toplantı iştirakçılarına Güney Azərbaycanda baş vermiş soyqırım gününə dair sənədlər, güney azərbaycanlı siyasi məhbusların şəkilləri nümayiş etdirilib. Bundan başqa, İsveç və ingilis dillərində çoxlu sayda broşürlar paylanıb. Yığıncağın sonunda azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması, Azərbaycan Milli Hökumətinin Tehran mollalarından xeyir-dua almış fars şovinist ordusu tərəfindən qan içində boğulması haqda çıxışlar olub, uyğun sənədlər qəbul edilib. Bildirilib ki, Azərbaycan Milli Hökumətinin silah yolu ilə devrilməsi nəticəsində 30 min Güney Azərbaycan türkü Tehran tərəfindən bilərəkdən qətlə yetirilib, 70 min (bəzi məlumatlara görə, onların sayı 250 mindir) azərbaycanlı vətənindən İranın cənubunda və şərqində susuz səhralara sürgün olunub. Törəndə onların xatirəsi anılıb.
1946-cı il dekabrın 11-də Tehran xarici qüvvələrin siyasi və fiziki yardmı ilə Azərbaycan Milli Hökumətini qan içində boğdu. Bundan 5 gün sonra, dekabrın 16-da Azərbaycan türkcəsində olan bütün kitabları evlərdən və kitabxanalardan yığışdıraraq, Təbrizin və Azərbaycanın başqa şəhərlərində od vurub yandırdılar.
Xatırladaq ki, uzun illərdir ki, Azərbaycan Milli Hərəkatı Güney Azərbaycanın işğal olunduğunu və Azərbaycan türklərinin Tehran tərəfindən soyqırıma məruz qaldığını bəyan edərək, dekabrın 17-ni Güney Azərbaycan türklərinin soyqırımı günü kimi anır.
|
|
|
Oxşar xəbərlər:
"21 Azər" ildönüm toplantısı
Bir tarixi gerçəyin işığında
|
|
|