Bənzərsiz Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə bağlı "Sənətin Məcnunu" adlı kitab bu günlərdə işıq üzü görəcək. Bu barədə kitabın müəllifi, Azərbaycan Rəssamlar İttifaqı tənqid və incəsənət bölməsinin sədri, sənətşünas Ziyadxan Əl--iyev açıqlama verib. Sənətşünas bildirib ki, 15 bölmədən ibarət olan bu kitabda ilk dəfə olaraq S.Bəhlulzadənin yaradıcılığı, rəssamın qrafik irsi, sənətkarlığının mənbələri, yaradıcılığındakı poetika və fəlsəfi dünyagörüş araşdırılıb. Kitabda ilk dəfə olaraq rəssamın gündəliyindən parçalar, Səttar Bəhlulzadəyə həsr olunmuş film və şəkillər, şeirlər, heykəllər, rəssamın incəsənət və müxtəlif incəsənət ustaları haqda dediyi fikirlər toplanıb. Təxminən 400 səhifədən ibarət olan kitaba rəssamın 500-dək əsərinin surəti və həyatının müxtəlif illərini əks etdirən fotoşəkillər daxildir. Kitabda onun əsərlərinin yerləşdiyi ölkələr, şəhərlər və kolleksiyaları göstərən kataloq da verilib. Toplu Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb və Təhsil Nazirliyinin "Təhsil" nəşriyyatında çap olunur.
|