Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi ilə əlaqədar olaraq, əməkdar incəsənət xadimi bəstəkar Azər Dadaşovun fortepiano əsərlərinin ən yaxşı ifaçısı üzrə müsabiqənin ilk turu keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun verdiyi xəbərə görə, müsabiqə Azərbaycanda uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması, musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaqlar üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin repertuarının yeniləşməsi, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması məqsədilə keçirilir.
Yarışmaya Bakı və Sumqayıtın uşaq və orta ixtisas musiqi məktəblərinin, musiqi kolleclərinin 8-17 yaş arası 42 yetirməsi qatılıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərlik etdiyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor, əməkdar incəsənət xadimi Oqtay Abbasquliyev, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, əməkdar incəsənət xadimi Nigar Cərulla qızı, Bakı Musiqi Akademiyası nəzdindəki orta ixtisas Musiqi Məktəbinin direktoru, professor, əməkdar incəsənət xadimi Tərlan Seyidov, əməkdar artist Murad Hüseynov, Leopold və Mstislav Rostropoviç adına 21 saylı Orta İxtisas Musiqi Məktəbinin direktoru, əməkdar müəllim Rafiq Əzizovdan ibarət münsiflər heyəti gənc pianoçuların ifasında klassik musiqi nümunələrini və Azər Dadaşovun əsərlərini dinləyib.
Münsiflər heyətinin yekun qərarı ilə 20 iştirakçı müsabiqənin gələn ilin mart ayında baş tutacaq 2-ci turuna vəsiqə qazanıb. Gənc pianoçuların ifalarından razı qalan münsiflər heyəti üzvləri bu müsabiqənin yeni-yeni istedadların üzə çıxmasında stimul verəcəyini qeyd edib. Qeyd edək ki, müsabiqə bu ilin iyun ayında elan edilib.
|