"2009-2010-cu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 112 875 abituriyent sənəd verib. Əvvəlki illə müqayisədə sənəd verənlərin sayı 3645 nəfər azalıb. Abituriyentlərin 48,80 faizini oğlanlar, 51,20 faizini isə qızlar təşkil edib".
Bu barədə dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2009-2010-cu tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilinə həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, 2009-cu ildə orta ümumtəhsil məktəblərinin 108271 məzunu olub, onların 66619 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə qəbul imtahanlarında 107347 nəfər, magistraturaya 14711 nəfər (I tur imtahanında) və 6294 nəfər (II tur imtahanında ), əsas təhsil bazasında texnikumlara qəbul imtahanlarında isə 26062 nəfər iştirak edib.
M.Abbaszadənin sözlərinə görə, bu il ali məktəblərə 29030 plan yeri ayrılmışdı. Onlardan 19725 yer Azərbaycan bölməsinin, 3042 yer rus bölməsinin, qalan 6263 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Qəbul planı 96,48 faiz dolub. Son qəbul imtahanında 3830 nəfər magistraturaya, 28009 nəfər bakalavriaturaya, 6406 nəfər orta təhsil bazasından, 8979 nəfər isə əsas təhsil bazasından texnikumlara daxil olub.
TQDK sədri deyib ki, abituriyentlərin seçimi əsasında ali məktəblərin reytinqi formalaşıb. Bu il ali məktəblərin reytinq cədvəlinə Dövlət İdarəçilik Akademiyası başçılıq edib. İkinci yer Azərbaycan Tibb Universitetinə, üçüncü yer Azərbaycan Dillər Universitetinə, dördüncü yer isə Bakı Dövlət Universitetinə məxsusdur. Özəl ali məktəblər arasında ən yüksək yeri Qafqaz Universiteti tutur.
M.Abbaszadə bəyan edib ki, abituriyentlərin ərizələrində Azərbaycan bölməsi üzrə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda "Neft-qaz mühəndisliyi" (ADNA), II qrupda "İqtisadiyyat" (ADİU), III qrupda "Xarici dil müəllimliyi (ingilis dili)" (ADU), IV qrupda isə "Müalicə işi"dir (ATU). Rus bölməsi üzrə isə ən çox birinci yerdə göstərilən ixtisaslar I qrupda "Kompüter elmləri" (BDU), II qrupda "İqtisadiyyat" (ADİU), III qrupda "Hüquqşünaslıq" (BDU), IV qrupda isə "Müalicə işidir (ATU).
M.Abbaszadə cənub rayonlarında təhsilin vəziyyətindən gileylənərək qeyd edir ki, bölgədə qızlar təhsil hüququndan məhrum edilir: "Azərbaycanın elə bölgələri var ki, orada abituriyentlərin gender göstəriciləri kəskin fərqlənir. Xüsusən cənub rayonlarında bu fərq özünü daha qabarıq göstərir".
TQDK sədri vurğulayıb ki, Azərbaycanın cənub rayonlarında ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir: "Bu o deməkdir ki, bizim qızlar erkən yaşlarından təhsil hüququndan məhrum edilir. Yardımlı rayonunda ötən il 479 abituriyent sənəd verib, onların yalnız 45-i qız olub. Lerikdə isə 469 abituriyentdən 81-ni qızlar təşkil edib".
M.Abbaszadə ölkənin qərb bölgələrində qız abituriyentlərin üstünlük təşkil etdiyini də söyləyib: "Bu da həmin bölgələrdə oğlanların gənc yaşlarından iş dalınca paytaxta və yaxud Rusiyaya getməsinin nəticəsidir. Biz bu problemlərlə bağlı təkcə Təhsil Nazirliyini deyil, bütün ictimaiyyəti məlumatlandırmışıq. Təəssüf ki, ildən-ilə bu problem həll olunmamış qalır".
2009-2010-cu il üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik nəticələri barədə məlumat verən M.Abbaszadə qəbul imtahanlarında abituriyentlərin 4,1 faizinin 500-700, 16,6 faizi 400-500, 16,5 faizi 200-400, 62,8 faizi isə 0-200 bal arası nəticə göstərdiklərini xatırladıb. Onun sözlərinə görə, son qəbul imtahanlarında iştirak edən abituriyentlərin 931 nəfərini ötən ilin əlaçı məzunları təşkil edib. Onların yalnız 474 nəfəri imtahanlarda 500-700 bal arası nəticə göstərərək öz attestat qiymətlərini tam təsdiq edib. TQDK sədri deyib ki, qəbulun nəticələrinə görə, ən yüksək imtahan göstəricilərini türk liseyləri, Təhsil Nazirliyinə tabe və özəl liseylər, Sumqayıt, Qax, Şirvan, Bakı, Salyan, Mingəçevir, Şəki, Neftçala, Qəbələ, Naxçıvan, İsmayıllı, Oğuz və Zəngilan rayonlarının təhsil şöbələri göstərib: "Təəssüf ki, bu il Naftalan şəhəri, Ağsu, Daşkəsən, Tərtər, Sabirabad, Saatlı, İmişli, Xaçmaz, Yardımlı, Beyləqan, Zərdab, Ucar, Ağcabədi, Şamaxı, Gədəbəy, Qobustan, Astara, Zaqatala, Hacıqabul, Lerik və Kürdəmir rayonları, eləcə də Naxçıvan MR-in Şərur, Kəngərli, Şahbuz və Sədərək rayonları üzrə cari ilin məzunlarının 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".
TQDK tərəfindən respublikanın bütün şəhər və rayonları üzrə 2009-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən orta statistik abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapıb. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və orta məktəblərinə təmənnasız paylanacaq.
|