Apardığımız davamlı müşahidələr göstərmişdir ki, paytaxt Bakıda şəhərarası marşrutlara buraxılan avtobuslardan heç biri təmizlənmiş halda reysə çıxmır. Köhnədən işləyən kiçiktutumlu avtobusların salonlarının təmizliyi barədə danışmaq qeyri-ciddi işdir. Təzəlikcə marşrutlarda işləyən iritutumlu avtobuslar da artıq infeksiya mənbəyinə çevrilmişlər.
Əslində şəhərarası avtobusları "xəstəlik salonları" da adlandırmaq olar. Avtobusa sağlam minən adam oradan hansı bir infeksiyaya isə yoluxmuş halda düşməlidir. Avtobusların salonlarını sağlamlıq üçün "riskli zonalar" da elan etmək olar. Eyni sözləri şəhərlərarası avtobuslar, lap elə metro vaqonları barəsində də söyləyə bilərik.
Salonun döşəməsində çirk qatı, illərdən bəri yuyulmayan çirkli, cındır oturacaqlar, avtobus silkələnəndə qalxan qatı toz-duman, kəsif qoxu, siqaret çəkən sürücülərin sərnişini "qonaq etdiyi" papiros tüstüsü - adi, ictimai nəqliyyatdan istifadə edən vətəndaş üçün vərdiş edilən haldır.
İnanmayan, məsələn, Bakıxanov qəsəbəsindən keçən 235, 235t, 131 saylı avtobuslara buyurub minə və öz gözləri ilə bunun şahidi ola bilər. Yaxud Yasamaldan keçib gedən 177, 39 və 5 saylı avtobusları gözdən keçirməyə dəvət edirik.
Şəhərə iritutumlu avtobuslar buraxılanda düşündük ki, bu yeni avtobuslarda xidmətin səviyyəsi də yüksək olacaq. Heç olmasa onları reysə hər səhər təmizlənmiş vəziyyətdə çıxaracaqlar. Axı bu, xüsusi mülkiyyətdir, sahibləri var, hər halda, qayğı ilə saxlarlar. Amma vaxtaşırı istifadə etdiyimiz 125, 220, 309, 96 və 95 saylı marşrutlarda işləyən iritutumlu avtobusların salonunu da artıq toz basıb. Sanki alındıqları gündən bəri bir dəfə də tozsoran görməyib. Döşəmələrində çirkab qat bağlamışdır.
Beşmərtəbə tərəfdə avtobusda "pulyığan" gəncdən bunun səbəbi ilə maraqlandım. "Bizim rəislərə pul gəlsin, əhali nə veclərinədir. Onları gündəlik gəlir maraqlandırır (barmaqlarını bir-birinə sürtür). Gecə hər salonun yuyulub təmizləməsi üçün xadiməyə 2 manat ödənilir. Onlar isə bu işi, baxırsınız, belə başdansovdu görürlər".
Əhaliyə həqarət
Buna sərnişindaşıma xidməti göstərən şirkətlərin paytaxt əhalisinə həqarətli münasibətindən başqa bir ad vermək olmaz. Bu "siz buna layiqsiniz!" deməkdən başqa bir şey deyildir. Bu hal onu göstərir ki, şəhərdə sərnişindaşıma işinə nəzarət edən xidmətlər fəaliyyətsizdir. Nəqliyyat Nazirliyi üçün bu önəmsiz məsələ sayıla bilər. Amma Səhiyyə Nazirliyi normal ölkələrdə bu işə müdaxilə etməlidir, axı. Belə görünür, şəhərdə xəstəliklərin yayılmasına öz "töhfə"sini verən çirkli avtobuslarda acınacaqlı bir situasiyanın yaranması Səhiyyə Nazirliyinin, onun sanitar xidmətlərinin isə heç yadına da düşmür. Belə hallara öz təsir imkanlarını çoxdan itirmiş olan şəhər sanitar xidmətlərindən nəsə təsirli bir iş görüləcəyini gözləmək özü də bizim şəhərdə qeyri-ciddi məsələdir.
|