Hazırda Azərbaycanda 2224 nəfər AİDS/HİV virusuna yoluxmuş xəstə var. Onlardan 2138 nəfəri yerli, 86 nəfəri xarici ölkə vətəndaşıdır. Bu statistika dünən MM sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev tərəfindən parlament iclasında səsləndi.
"İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə ) mübarizə haqqında" qanun layihəsi müzakirəsi zamanı M.Quliyev bildirdi ki, indi Azərbaycanda virusa yoluxanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır. Virusa ən çox narkotikdən istifadə edəndə yoluxurlar. Xəstələrin 63,08 faizi bu cür yoluxub. İndiyə qədər Azərbaycanda 274 nəfər bu xəstəlikdən ölüb. Deputat qeyd etdi ki, əslində indiki statistika da həqiqəti tam əks etdirmir: "Bu yalnız yoxlamalardan keçənlərin statistikasıdır. Həqiqətdə bu virusa yoluxanların sayı 2224 nəfərdən dəfələrlə artıqdır".
M.Quliyev deyib ki, yeni qanun layihəsi bu xəstəliyə yoluxanların cəmiyyətin normal üzvü kimi qəbul edilməsini nəzərdə tutur.
Fazil Mustafa bu qanun layihəsinin daha çox xəstəliyə tutulan şəxslərin huquqlarını qoruduğuna irad bildirdi: "Halbuki həmin xəstələrdən yoluxan şəxslər də ola bilər. Başqa insanların yoluxmaması üçün işəgötürənlərə bəzi hüquqlar verilməlidir".
Fuad Muradov AİDS xəstəliyinin gəncləşməsinin əsas səbəbini narkotik maddələrdən istifadə ilə əlaqələndirdi. Deputat hesab edir ki, bu sahədə profilaktik tədbirlər gücləndirilməlidir və bu virusun yayılması mümkün olan sahələrdə maarifləndirmə işləri görülməlidir: "Bərbərxanalar, poliklinikalarda xəstəliklərdən qorunma ilə bağlı məlumat xarakterli yazılar olmalıdır".
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə ağcaqanadların bu xəstəliyi yaya bilib-bilməyəcəyi ilə maraqlandı. İclasda iştirak edən AİDS-lə Milli Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova "yox" dedi: "Ona görə ki, virus ağcaqanadın mədəsində çoxala bilmir. Orada məhv olur. Ağcaqanadın burnu mexaniki olaraq bu xəstəliyi daşıya bilər".
Müzakirələrdən sonra "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə ) mübarizə haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olundu.
|