Hal-hazırda Ayna qəzetinin 26.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 26.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Anım  
 
 
Torpağın nəbzini tutmaq istedadı
Torpağın nəbzini tutmaq istedadı
Ölkənin görkəmli neftçi-geoloqunu yad edərkən
Şənbə, 26.12.2009

İsmayıl Umudlu mətn ölçüsü  

Tanış yovşanlı çöllər, təbiət vurğunu olan gənc geoloq, bu torpaqların altında böyük sərvətlərin yatdığına dair onlara ali məktəb auditoriyalarında təlqin olunmuş dərin inam... Bir də onların qəlbində yerin sirlərini öyrənməyə dərin istək, həvəs. Əsl təbiət elmi olan geologiyanın romantikası. Və dövlətin onların qarşısına qoyduğu sərt vəzifə... Orta məktəbi qızıl medalla, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə əla qiymətlərlə bitirən 23 yaşlı Arif Şərif oğlu Şıxlinski bəlkə də o günlər özü də bilmirdi ki, gün gələcək, dönüb keçilmiş yola baxanda çox böyük kəşflərə imza atdığının fərqinə varacaq.

O günlər cibində mütəxəssis diplomu ilə ilk dəfə ayaq basdığı Azərbaycan neft sənayesində bir zaman gəldi ki, bu sahənin görkəmli simalarından biri kimi tanındı, etiraf olundu. Bu gün - dekabrın 26-da bu görkəmli neftçi-geoloqun, əməkdar mühəndisin anım günüdür. Yaşasaydı ömrünün 80 illiyini qeyd edəcəkdi.

Biz təkcə neft sərvətləri olan ölkə deyil, həm də neft-qaz işini yaxşı bilən xalq olduğumuzu, neft-qaz geologiyasında bir məktəb yaratmağı bacardığımızı dünyaya Arif Şıxlinski kimi həssas, yerin təkinin nəbzini tutmağı bacaran istedadlı geoloqlar nəslimizə minnətdar olmalıyıq. Ölkəmizə bu nüfuzu onların tək Azərbaycanda deyil, dünyanın digər neft ölkələrindəki fəaliyyəti, uğurları və aktuallığını itirməyən elmi irsi qazandırmışdır.

Arif Şıxlinskinin bioqrafiyasından:

..."Azneftkəşfiyyat" trestində geoloq-icraçı, partiya rəisi, geologi şöbənin rəisi və trestin baş geoloqu, 1975-ci ildə "Azərneftkəşfiyyat" tresti ləğv olunduqdan sonra isə Cəyirli Kəşfiyyat-Qazma İdarəsinin rəisi, daha sonra isə Ceyrançöl Kəşfiyyat-Qazma İdarəsinin baş geoloqu... Bu irəliləyişi öz istedadı və uğurları ilə təmin etmişdi.

Qısa bir müddətdə o öz biliyi və zəhmətsevərliyi ilə kollektivdə böyük hörmət qazanmışdı. Onun rəhbərlik etdiyi partiyada həmişə işçi və mehriban dostluq şəraiti hökm sürürdü. Elə buna görə də üç il ərzində çox da böyük olmayan və 8-10 nəfərdən ibarət bir kollektiv çox nəhəng bir işin öhdəsindən müvəffəqiyyətlə gələ bildi. Aşağı Kür çökəkliyinin geoloji-geofiziki materialları ümumiləşdirildi, geniş topoqrafik materiallar tətbiq edildi və faktik dəlillər əsasında 3 cilddən ibarət böyük bir hesabat tərtib olundu. Bu dəyərli tədqiqat işi indiyə qədər öz əhəmiyyətini itirməyib və müvafiq mütəxəssislər tərəfindən uğurla istifadə olunur.

Rəhbərlik, o cümlədən "Azərneftkəşfiyyat" Birliyinin baş geoloqu, əmək qəhrəmanı Baba Qurban Qulu oğlu Babazadə və görkəmli geoloq Ağa Qurban Əliyev hesabatı çox yüksək qiymətləndirdilər. Arif Şıxlinskinin yüksək icra və təşkilatçılıq qabiliyyəti, bilik və bacarığını nəzərə alan Azərbaycan neft sənayesi rəhbərliyi onu 1959-cu ildə yenicə təşkil olunmuş "Azərneftkəşfiyyat" trestinin geoloji şöbəsinə rəis, 1962-ci ildə isə trestin rəis müavini - baş geoloq vəzifəsinə irəli çəkir və bu trestin 13 il mütəmadi olaraq baş geoloqu vəzifəsində çalışır. 32 yaşı yenicə tamam olmuş Arif Şıxlinski üçün bu çox məsul bir vəzifə idi və o, var qüvvəsilə çalışırdı ki, nazirlik tərəfindən ona qarşı göstərilmiş bu cür yüksək etimadı doğrultsun.

Tədqiqatçı istedadı

Onun haqqında fikir belədir ki, Arif Şıxlinski yüksək tədqiqatçı istedadına malik bir geoloq olub.

REKLAM

Hətta ən kiçik geoloji dəlilləri belə hərtərəfli təhlil edirdi. Neftçilər haqlı olaraq deyirmişlər ki, geoloji mübahisədə nə qədər çox geoloq iştirak edirsə, bir o qədər də mülahizə, fikir olur. O isə məntiqi mülahizənin tərəfdarı idi. Bir çox variantlardan daha ehtimal olunanı seçdikdən sonra öz fikrini bütün səviyyələrdə sübuta yetirir və həmişə də buna nail olurmuş.

O vaxt geoloji material qıtlığından onun fərziyyə kimi qəbul etdiyi bir çox fikirlər indi öz təsdiqini tapır. Məsələn, onun rəhbərliyi altında Kürsəngi yatağı üçün ilk dəfə olaraq struktur xəritə tərtib olunmuş və orada yatağın tektonik cəhətdən iki müstəqil struktura malik olduğu göstərilmişdir. Bu cür faktlardan çox sadalamaq olar. O zamankı kəşfiyyat trestinin nəzdində qızğın iş gedirdi və 30-dan çox qazma dəzgahı respublikanın bütün bölgələrində kəşfiyyat quyuları qazırdı. Belə bir gərgin istehsalat ritmilə bərabər, Arif Şıxlinski müxtəlif həcmlərdə elmi məqalələr yazır, öz geoloji mülahizələrini dövri ədəbiyyatda dərc etdirirdi. Məsələn, Kür çökəkliyinin tektonik quruluşundan mübahisəli məsələlərə toxunaraq, onların həll yollarını göstərmiş və oxucu auditoriyalarını geoloji diskussiyalara dəvət etmişdi.

İri tektonik struktur vahidi kimi tanınan Kür çökəkliyi kimi mürəkkəb geoloji regiona həsr etdiyi monoqrafiyasında Arif Şıxlinski, onun dərinlik geoloji quruluşunu böyük istedadla və özünəməxsus elmi mülahizələrlə təhlil etmiş, V.Y.Xaindən sonra bu dağarası çökəkliyin ilk dəfə maraqlı inkişaf tarixini zəngin geoloji məlumatlarla açıqlamışdı. Eyni zamanda, böyük dəqiqliklə çökmə süxurların litofasiyal özəlliklərini təhlil etmiş, kollektor laylarının həm yatma və həm də uzanma istiqamətlərində izlənməsinə xüsusi önəm verərək, onların neftlilik-qazlılıq baxımından perspektivliklərini aşkar etmişdir. İlk dəfə olaraq Arif Şıxlinski məhsuldar qat depressiyasındakı bölgü ilə müqayisə etmiş və xronostratiqrafik reperlər vasitəsilə buna müvəffəq olmuşdu.

Belə kompleks tədqiqatların nəticəsində bu çökəklikdə intişar tapmış palçıq vulkanlarının çox əhəmiyyətli məhsullarını - yəni həm püskürmə bərk süxur nümunələrini, həm də onlardan ayrılan su-neft pərdələrini və qazları öyrənmişdir. Dərin qatları təşkil edən mezozoy çöküntülərinin bu vulkanlar vasitəsilə əldə edilən süxurlarının yaşının təhlili nəticəsində o, bu çökəkliyin geniş sahədə yayılmış palçıq vulkanlarının köklərinin təbaşir qatları ilə əlaqədar olmaları barədə mühüm fikir irəli sürmüşdür.

"Azərneft"in baş geoloqu

O həmişə ən çətin sahələrdə çalışmışdır. 1975-ci ildə "Azərneftkəşfiyyat" tresti ləğv olunanda "Azərneft" İstehsalat Birliyinin Cəyirli Kəşfiyyat-Qazma İdarəsinə (KQİ) rəis təyin olundu.

Onu "geologiyanın vurğunu" adlandırırdılar. Vəzifə, ad, elmi dərəcə, şan-şöhrət, təltiflər onun üçün ikinci dərəcəli idi. Elə bu səbəbdən də Arif Şıxlinski 1976-cı ildə rəhbərlikdən Qobustan QKİ-nə baş geoloq vəzifəsinə keçirilməsini xahiş etmişdi. Sacdaq, Zərdab, Ariudlu, Dəmirtəpə-Udabno, Məmmədtəpə, Gürzündağ, Tərsdəllər, Kürsəngi, Divannı, Pirsəhhət, Bəndovan, Babazənən, Kəlaməddin və sair strukturlarda kəşfiyyat-qazma işləri yeni qüvvə ilə aparılmağa başlanır. Kəlaməddin, Zərdab və Tərsdəllər kimi zəngin neft yataqları aşkar edildi.

1985-1992-ci illər ərzində Arif Şıxlinski "Azərneft" İstehsalat Birliyinin baş Geoloqu - baş direktorun müavini vəzifəsinə irəli çəkilmiş, Azərbaycanın quru sahəsinin geologiyasına rəhbərlik etmişdir.

Geologiya elminin bütün sahələri üzrə çoxşaxəli nəzəri biliyə və böyük təcrübəyə malik olan Arif Şıxlinski Azərbaycanda geoloji-kəşfiyyat işlərinə əsas istiqamət verənlərdən biri olmuşdur. Divannı, Kənizədağ, Qalmaz, Kürsəngi, Cənubi Kürsəngi, Pirsaat, Durovdağ, Daşgil, Qalmas, Kəlaməddin, Muradxanlı, Əmirarx, Sovetlər, Cəfərli, Duzdağ-Gödəkboz, Tərsdəllər və Gürzündağ kimi neft və qaz yataqlarının kəşfində onun böyük rolu vardır.

Geologiya ilə yanaşı qazma işlərini yaxşı bildiyi üçün quyularda baş verən mürəkkəbləşmələrin və qəzaların aradan qaldırılmasında böyük nüfuza malik idi. Geoloji-kəşfiyyat işlərinin ən perspektivli istiqamətlərinin seçilməsində o, elmi əsaslara istinad edirdi.

Sonralar isə, 1994-cü ildə yaranmış Dövlət Neft Şirkətinin aparatındakı "Axtarış-kəşfiyyat işləri" şöbəsində çalışdığı vaxtlarda da Arif Şıxlinskinin zəngin təcrübəsindən istifadə edilirdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı ilk vaxtlarda milli dildə bir dənə də olsun geoloji xidmətə aid rəhbər sənəd - təlimat və bu kimi metodik qaydalar yox idi. İlk dəfə olaraq milli dildə Azərbaycanın geoloji şəraitlərinə uyğun "Neft və qaz quyularının qazılmasında geoloji xidmətin aparılması qaydaları" başlığı altında yeni "Metodik təlimat" hazırlandı və 1995-ci ildə təsdiq edildi. Sonra neft və qaz sənayesinin bütün idarə və müəssisələrinə göndərildi. Yerlərdə geoloji xidmətin həyata keçirilməsi qaydaları yeni mərhələdə bu təlimat əsasında aparılmağa başlanıldı. Bu metodik təlimat istinad parametrik və axtarış-kəşfiyyat quyularının qazılmasında geoloji xidmətlərin yerinə yetirilməsinə və sənədlərin düzgün tərtib edilməsinə metodik köməklik göstərmək məqsədi ilə işlənmiş və tətbiq edilmək üçün tövsiyə olunmuşdu.

Yaradıcı ömür

Gərgin istehsalat fəaliyyəti ilə yanaşı hərtərəfli elmi araşdırmalar ilə də məşğul olmuş Arif Şıxlinski 50-dən artıq dəyərli elmi əsərin və çoxsaylı səmərəli təkliflərin müəllifidir. Onun "Aşağı Kür çökəkliyinin Pliosen çöküntülərinin geologiyası və neft-qazlılıq perspektivliyi" adlı irihəcmli monoqrafiyası indi də öz aktuallığını saxlayır. Kürçökəkliyi kimi mürəkkəb geoloji regiona həsr edilmiş bu monoqrafiyada Arif Şıxlinski regionun dərinlik geoloji quruluşunu və biostratiqrafiyasını özünəməxsus məntiqli elmi mülahizələrlə təhlil etmiş, bu dağarası çökəkliyin geoloji inkişaf tarixini və neft-qazlılıq perspektivliyini zəngin geoloji məlumatlarla açıqlamışdır.

Aşağı Kür çökəkliyinin Pliosen yaşlı məhsuldar qat çöküntülərinin kəsilişinin stratiqrafik bölgü sxemini əsaslandırması və onun Abşeron yarımadası - Qarabağ sahəsinin həmyaş çöküntüləri ilə ilk korrelyasiya sxeminin tətbiqi də Arif Şərif oğlu Şıxlinskinin gərgin tədqiqatlarının məhsuludur.

Arif Şıxlinski hər quyu nəbzinin necə vurduğunu, torpağın təkində qara qızılın hansı çatda necə gizləndiyini çox məharətlə sezə bilirdi. O, dünya geologiya və geofizikasının inkişafını müntəzəm olaraq izləyir, Azərbaycanda neftin çıxarılmasında qabaqcıl üsulların tətbiqinə çalışır və bir çox hallarda ən mühüm məsələlərin həllinə nail olurdu.

Onun istehsalatda keçdiyi çox maraqlı və mürəkkəb yola nəzər saldıqda Arif Şıxlinskinin çoxşaxəli yaradıcı bir ömür yaşadığını görərik. Onun ölkəmizin neft sənayesində keçdiyi yol Azərbaycan neft sənayesinin 1950-ci illərdən sonrakı inkişaf yolunun bir insanın şəxsində təcəssümüdür.

Bu görkəmli neftçi-geoloqun Vətən qarşısında səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, "Neft sənayesi əlaçısı" döş nişanı və bir sıra yubiley medalları ilə təltif olunmuşdur. 1971-ci ildə ona "Azərbaycanın əməkdar mühəndisi" fəxri adı verilmişdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Neftçi" özünə qapıçı tapdı

İlhamə Quliyeva əməliyyat olunacaq



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
13 yaşlı bibisi qızının həyatını korlayıb

13 yaşlı bibisi qızının həyatını korlayıb


Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Qarabağ problemi niyə həll edilmir?

Qarabağ problemi niyə həll edilmir?


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər