Tibb işçiləri və mütəxəssislər "donuz qripi" virus pandemiyasında ikinci dalğanın baş qaldıracağını proqnozlaşdırırlar. Onların qənaətinə görə, virusun növbəti dalğası da bir sıra ölkələrdə hiss olunacaq və yüzlərcə insanın həyatına son qoyacaq.
Ölkədə artıq 14 nəfərin sözügedən virusa yoluxması və təhlükənin bizlər üçün də real olması qaçılmazdır. Müvafiq qurumlar virusun qarşısını almaq üçün ölkəyə noyabrın sonlarında Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vaksin göndəriləcəyini vəd etmişdilər. Artıq dekabrın yarısı arxada qalıb, ancaq vaksinlərin ölkəmizə gətirilməsi ləngiyir. Səbəbi öyrənmək üçün Respublika Taun Əleyhinə Stansiyanın səlahiyyətlisi Şair Qurbanova müraciət etdik.
Şair Qurbanov bildirdi ki, hələlik vaksinlərin nə vaxt çatdırılacağı məlum deyil: "Bu məsələdə vaxtla bağlı dəqiq danışıqlar aparılmadığı üçün hələlik vaxt məlum deyil. Ehtimal edilirdi ki, noyabrın sonlarında vaksin ölkədə olacaq. Ancaq gecikmə müvəqqəti xarakter daşıyır və bir neçə gün ərzində vaksinlər ölkəyə gəndərilməlidir. Gecikmənin səbəbi texniki problemlərlə bağlı ola bilər".
|