Dünən Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi dekabrın 15-də NMR-də QHT-lərin İnkişaf Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Zeynalovun döyülməsi, habelə RATİ-nin bölgədəki müxbiri Elman Abbasovun təhqir və hədələrə məruz qalması ilə bağlı şərh yayıb.
"Turan"ın məlumatına görə, həmişə olduğu kimi, Naxçıvan hakimiyyəti yenə də jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı açıq-aşkar zorakılıq və hüquq pozuntusu faktlarını inkar edir. Eyni zamanda, mətbuatın və hüquq müdafiəçilərinin həyata keçirdiyi tədbirlər düşmən və antimilli fəaliyyət kimi təqdim edilir. Bu zaman Naxçıvan nümayəndəliyi sovet dövrünün terminlərindən istifadə edir: "Reallığı əks etdirməyən bu məlumatın yoxlanılmadan kütləvi informasiya vasitələrinə ötürülməsi maraqlı qüvvələrin yeni təxribatçılıq əməllərinin tərkib hissəsidir".
Sonra Naxçıvan nümayəndəliyi Ədliyyə Nazirliyi rolunda çıxış etməyə çalışaraq iddia edir ki, Resurs Mərkəzi və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu muxtar respublikada müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyərək, qanunsuz fəaliyyət göstərirlər. Onların həyata keçirdiyi tədbirlər isə ictimaiyyətin çaşdırılmasına xidmət edir.
Naxçıvan hakimiyyətinin versiyasına görə, Resurs Mərkəzinin əməkdaşlarının Naxçıvan ali məktəblərində "gizli şəkildə" həyata keçirdikləri monitorinq qanunsuz idi. Tələbələr arasında sorğu keçirmək üçün universitet rəhbərliyinin rəsmi icazəsi alınmalıdır, deyə bəyanatda bildirilir.
Naxçıvan hakimiyyəti Resurs Mərkəzi və RATİ əməkdaşlarına basqın və onların döyülməsi faktını təkzib edir, amma onların universitet ərazisindən çıxarıldığı etiraf olunur. "Yuxarıda qeyd olunanlar KİV-də onların döyülməsi barədə yayılan məlumatların dezinformasiya olduğunu təsdiq edir", - deyə bəyanatda qeyd edilir. Sonra yenə sovet dövründə xalq düşmənləri və antisovet elementləri ifşa olunan zaman işlədilən təbliğat şablonları gəlir.
"Özlərinin (İlqar Nəsibov və Vəfadar Eyvazov nəzərdə tutulur - red.) naxçıvanlı olduğunu, bu torpağın nemətləri ilə yaşadıqlarını unudan, ağalarının pul kisəsi xatirinə hər şeyi satmağa hazır olan bu şəxslərin əməlləri işgüzar ali məktəb həyatında gərginlik yaratmağa yönəlmişdir". Bəyanat belə, yumşaq desək, qeyri-diplomatik ifadələrlə zəngindir.
Naxçıvan hakimiyyətinin ittihamları ilə bağlı "Ayna"nın suallarını cavablandıran İlqar Nəsibov bildirib ki, Resurs Mərkəzin 2004-cü ildən Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib və QHT tamamilə qanuna uyğun şəkildə fəaliyyət göstərir". RATİ-yə gəlincə, isə bu QHT də 2006-cı ildə Azərbaycan Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib və qanun çərçivəsində fəaliyyət göstərir. Hər iki qurum səsləndirilənlərin əsassız olduğunu bildirərək NMR Bakıdakı nümayəndələyini məhkəməyə verəcəyini bildirib.
Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı da Naxçıvan hakimiyyətinin ittihamlarını əsassız sayır. "İlk öncə, Resurs Mərkəzinin nümayəndələri monitorinq deyil, sorğu keçirirdilər. Küçələrdə və ya başqa bir yerdə insanlar arasında sorğu keçirmək üçün heç bir icazə lazım deyil. Sorğu dərs zamanı aparılsaydı, dərs prosesinin pozulmasından danışmaq olardı, amma bu halda belə deyil", - deyə Hacılı bildirib.
Bəyanat müəllifləri qanunları oxumalı və başa düşməlidirlər ki, QHT-lərin fəaliyyətinin mahiyyəti məhz belə tədbirlərdən ibarətdir və bu, onların Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnamələrində qeyd edilib, deyə o əlavə edib.
Nəhayət, Resurs Mərkəzinin işçilərinə basqın olmadığı və onların döyülmədiyi barədə iddialara gəlincə, Naxçıvan hakimiyyətinin nəzərinə çatdırırıq ki, bu basqının videoyazısı var. Kadrda dövlət universiteti müəlliminin mərkəzin işçilərinə fiziki təzyiq göstərdiyi və onları qovduğu əks olunub.
Belə ki, dünən saat 12:00 radələrində İ.Nəsibov, V.Eyvazov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə dəvət edilib. Təxminən 5 saat ərzində onlardan izahat alınıb və sonra sərbəst buraxılıblar.
|