Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən bölmələri tərəfindən 2009-cu ilin ötən 11 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2888 akt və protokol tərtib olunub. ETSN mətbuat xidmətindən verilən bilgiyə görə, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 835 icrası məcburi olan göstəriş verilib.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 811 iş üzrə 1457874,15 manat məbləğində cərimə tətbiq edilib, onlardan 220045,48 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 663 iş üzrə 1716836,85 manat məbləğində iddia qaldırılıb, onlardan 63818,23 manat məbləğin ödənilməsi təmin olunub.
İdarə və müəssisələrə 3487 iş üzrə 774614,95 manat məbləğində ödəmə tətbiq edilib, ondan 464876,4 manat məbləğin ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 92 işdən 37-si məhkəmələrə göndərilib, 142 işdən 87-si Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilib. 519 işdən 79-na baxılaraq müvafiq tədbirlər görülmüş, 2 obyektin fəaliyyəti dayandırılmışdır.
Atmosfer havasının mühafizəsi üzrə 649 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 321 icrası məcburi olan göstəriş verilib.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 100 akt və protokol tərtib olunub.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 74 akt və protokol tərtib olunub. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 49 iş üzrə 45695 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 12283 manat ödənilib.