Moskvada yaşayan soydaşlarımız kommersiya qurumlarında 2010-cu ilin yanvarından sürücü vəzifəsində işləyə bilməyəcək. Moskvada marşrut avtobuslarında çalışan sürücülərin 70 faizinin Azərbaycan, Ermənistan, Tacikistan vətəndaşları olduğunu açıqlayan Rusiya tərəfi bu addımını əcnəbilərin şəhəri yaxşı tanımadığı, rus dilini zəif bildikləri ilə izah edir.
Miqrantlara Hüquqi Yardım Mərkəzinin direktoru Əlövsət Əliyev hesab edir ki, Rusiya Federasiyasının atdığı bu addım azərbaycanlıların vətənə dönməsinə ciddi təsir etməyəcək: "Son qərar da Rusiyanın ölkənin miqrantlara qarşı siyasətinin sərtləşdirilməsinin davamı kimi qiymətləndirilməlidir. Hesab etmirəm ki, Azərbaycan vətəndaşları Rusiyada, o cümlədən Moskvada sürücülüklə məşğuldur. Amma bütün hallarda Rusiyada da sürücülüklə məşğul olan soydaşlarımız var. Həmçinin öz nəqliyyat vasitələri ilə taksi sürücüsü kimi işləyən azərbaycanlıların da sayı az deyil. Həmin şəxslərin Rusiyadakı fəaliyyətinin bu şəkildə məhdudlaşdırılması onların vətənə dönüşünə səbəb olmayacaq. Onlar Rusiyada başqa bir fəaliyyətlə məşğul olaraq orada yaşamaqda davam edəcəklər. Çünki onların böyük bir hissəsi uzun müddətdir Rusiyada yaşayır, uşaqları orada təhsil alır və bir növ həyatları həmin ölkə ilə bağlıdır".
Əlövsət Əliyevin izah etdiyinə görə, bu addım Rusiyanın əmək bazarının qorunmasına hesablanıb. Məsələ ondadır ki, Rusiyada ayrı-ayrı icra orqanlarının rəhbərləri tərəfindən belə qərarların verilməsi qanunauyğun deyil. Çünki Rusiyada "Miqrasiya haqqında" qanun var və bu tipli məsələlər həmin qanunla müəyyənləşməlidir. Həmin qanunda göstərilib ki, əcnəbilər hansı şəraitdə Rusiyaya gələ bilər və burada əmək fəaliyyəti ilə məşğul ola bilər. İndiki halda yalnız ayrı-ayrı sahələrdə sürücülüklə məşğul olan şəxslərə lisenziya verilməsinə məhdudiyyət qoyula bilər. Bu isə Moskvada əmək miqrantlarının sayının azaldılmasına xidmət edir. O ki qaldı Avropa şəhərlərində belə qaydaların olmamasına, müsahibim deyir ki, Rusiyanı Avropa ilə müqayisə etmək düzgün deyil: "Amma etiraf etmək lazımdır ki, Avropa şəhərləri ilə müqayisədə Moskvaya daha çox axın var. Buna görə də Moskva bu siyasəti daha sərt formada həyata keçirir".
|