Hazırkı dünyamız elə bir qeyri-sabit yoldadır ki, bu yol təkcə bizim ətraf mühitimizi deyil, eyni zamanda iqtisadiyyatımızı və təhlükəsizliyimizi də təhdid qarşısında qoyur. Bizim yeni kursumuzu müəyyən edəcək iqlim dəyişmələri üzrə geniş işlək razılaşma əldə etməyin vaxtı gəlib çatmışdır.
Uğurlu razılaşma bir neçə əsas elementdən asılı olsa da, onların arasında ikisi özünü fundamental element kimi büruzə verir: birincisi, bütün böyük iqtisadi güclər qarşısına güclü milli tədbirlər qoyur və onları həyata keçirməyə qərar verirlər və ikincisi, onlar tam şəffaflığa şərait yaradan və milli tədbirlərin həqiqətən həyata keçirilməsinə inam yaradan sistem razılaşdırırlar.
Xüsusilə də şəffaflıq bu razılaşmanın yalnız arzu olmasının deyil, həm də əməli olmasının təminatıdır. Biz hamımız beynəlxalq razılaşmanın etibarlı olması üçün öz payımıza düşən məsuliyyəti dərk etməli, öz öhdəliklərimizin arxasında dayanmalı və düşündüyümüzlə dediyimiz eyni olmalıdır.
Planetimizin üzləşdiyi bu problemi müzakirə etmək ümidi ilə 190-dan artıq ölkənin nümayəndəsi Kopenhagenə toplaşmışdır. Əgər biz həmin məqsədimizdə ciddiyiksə, o zaman hamımız bu prinsiplərə əməl etməliyik.
Sirr deyil ki, Birləşmiş Ştatlar uzun müddət iqlim dəyişikliyinə göz yummuşdur. Amma indi prezident Obamanın rəhbərliyi altında biz məsuliyyətimizi dərk edir və tədbirlər görürük. Artıq Obama administrasiyası təmiz enerjinin təşviq edilməsi və iqlim dəyişikliyi probleminin həlli sahəsində ölkə daxilində bizim tariximizdə ən çox iş görmüşdür. Biz təmiz enerji mənbələrinə 80 milyard dollardan artıq sərmayə ayırmışıq və hərtərəfli iqlim və eneji qanunverciliyinin irəli sürülməsi üçün Konqreslə birgə çalışırıq. Biz həmçinin 2020-ci ilə qədər atmosferə atılan tullantıların 2005-ci il səviyyəsindən 17% aşağı səviyyəyə qədər azaldılması və yekun iqlim və enerji qanunvericiliyinə uyğunlaşdırılması niyyətində olduğumuzu bəyan etmişik.
Prezidentin hədəfləri çərçivəsində gündəlikdə olan qanunvericilikdəki gözlənilən kurs bu azalmaları 2025-ci ildə 30%-ə, 2030-cu ildə 42%-ə və 2050-ci ilə qədər 80%-dən yuxarı çatdıracaqdır. Bunlar uğurlu razılaşmanın tələb etdiyi güclü milli tədbirlərdir. Birləşmiş Ştatlar eyni zamanda bütün dünyadakı tərəfdaşlarını iqlim dəyişikliyi ilə mübarizəyə cəlb etmək sahəsində misli görünməmiş səylər göstərmiş və real nəticələr əldə etmişdir. Prezident Obama Böyük İqtisadi Güclərin Enerji və İqlim üzrə Forumunu təşkil etmişdir ki, bu da sazişin əsas məsələləri üzərində birgə işləmək üçün başlıca inkişaf etmiş və inkişaf etməkdə olan dövlətləri bir araya gətirmişdir. O həmçinin "Böyük-20" və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı dövlətləri arasında ilk dəfə olaraq qazıntı yanacağı növlərinə ayrılan subsidiyaların dayandırılması haqqında müqaviləyə başçılıq etmişdir. Təkcə bu cəhd 2050-ci ilə qədər qlobal miqyasda istixana effekti yaradan qazların atmosferə tullantılarını 10% və ya daha çox azalda bilər. Ona görə də bizim sadiqliyimizə heç bir şübhə olmamalıdır. Biz Kopenhagenə uzunmüddətli, davamlı iqtisadi inkişafı təmin edəcək yeni mükəmməl və işlək razılaşma əldə etmək üçün zəruri olan addımlar atmağa hazır şəkildə gəlmişik. Bu ortaq bir səy olmalıdır. Bütün, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan böyük iqtisadi güclər öz karbon tullantılarını azaltmaq üçün ciddi və şəffəf tədbirlər görməlidirlər. Əlbəttə, inkişaf etmiş və əsas inkişaf etməkdə olan dövlətlərdən tələb olunan tədbirlər eyni olmayacaq, amma biz hamımız öz payımıza düşəni etməliyik.
Sadə bir fakt ondan ibarətdir ki, qarşıdan gələn 20 il ərzində tullantıların artımının, demək olar, hamısı inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Onların iştirakı və səyləri olmadan problemin həlli mümkün deyil. Bəziləri iqlim dəyişikliyi üzrə götürüləcək möhkəm öhdəliyin inkişaf etməkdə olan dövlətlərin öz iqtisadiyyatını qurma səylərini puça çıxaracağından narahatdırlar, lakin həqiqət bunun əksidir. Bu, bütün dünyada sərmayələrin cəlb edilməsi və iş yerlərinin yaradılması üçün imkandır, eyni zaanda dünyanın yüz milyonlarla yoxsul əhalisi enerji xidmətindən istifadə edəcəkdir.
Buna görə də Birləşmiş Ştatlar dünyanı karbon tullantıları az olan iqtisadiyyata doğru aparmaqla davamlı inkişafı həm dəstəkləyən, həm də təşviq edən sazişə tərəfdardır. Bizim əldə etməyə çalışdığımız razılaşma inkişaf etməkdə olan, xüsusilə də ən yoxsul və ən zəif olan ölkələrə karbon tullantılarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün geniş maliyyə və texnoloji dəstəyi təmin edəcəkdir. Biz həmçinin ehtiyacı olan ölkələrin adaptasiya və yumşaltma səylərini dəstəkləmək məqsədilə 2012-ci ildə 10 milyard dollara çatdırılacaq "tez başlanğıc" vəsaitlərini səfərbər etmək səyinə qoşulmağa hazırıq.
Biz hamımız aylarla davam edən danışıqların nəticəsi olan gələcək fəaliyyət kursunu görə bilərik: dövlət səviyyəsində qəti tədbirlər, bu öhdəlikləri beynəlmilləşdirən işlək saziş, iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qala bilən və onları həll etməyə ən az hazırlıqlı olan dövlətlərə yardım və bütövlükdə prosesə etimadı təmin edən şəffaflıq standartları.
Birləşmiş Ştatlar bu yolu tutmağa hazırdır və biz ümid edirik ki, bütün dünya bu həftə bu yolda dövr edəcəkdir.
|