Qərbin "kürd strategiyası" iflas yolunda
 |
DTP-nin qapadılmasının isə ciddi səbəbləri var
Şənbə, 19.12.2009
Ənvər Börüsoy Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi, ekspert |
mətn ölçüsü |
|
|
|
Tarixdən bilirik ki, İngiltərə, Almaniya, Rusiya, Fransa və ABŞ-ın Orta Doğuda yeni yaranan dövlətlərə görə uzaq məqsədlərə hesablanmış strateji maraqları 20-ci yüzilin ilk rübündə onlar üçün önəm kəsb etməyə başlamışdı. Çünki 600 illik Osmanlı imperiyası dağılmaq üzrə idi. Regionda geostrateji maraq dairəsində olan toplumlardan biri də kürdlər oldu. Tarix boyu dövlətçilik ənənələri olmayan kürd əşirətlərinin liderlərini böyük güclər öz tərəflərinə çəkərək onları inandırmağa çalışırdılar ki, "Kürdüstan dövləti"nin yaradılması uğrunda gərəkən silah və maliyyə yardımları olacaq. Əslində böyük güclərin strateji hədəfləri Orta Doğuda hər hansı bir dövlətin güclənməsinə mane olmaq idi.
Onu da bilirik ki, yeni Türkiyənin doğuluşundan sonrakı ilk dönəmdə - 1923-1935-ci illərdə böyük güclər tərəfindən kürdlərə milyardlarla dollar yardımlar olundu. Bununla da Orta Doğunun inkişafı Qərbə nisbətən xeyli geri qaldı. Çünki kürd silahlı dəstələri bu dövlətlərin inkişafına mane olurdu.
Kürdlərdə fərqli dillər və etnos anlayışı
Kürdlər geneoloi və konfessional baxımdan bir toplum kimi olduqca müxtəlifdir. Belə ki, etnik tərkib baxımından kürd adlanan toplum kurmancı, zaza, baxdinan, hakkari, cəzirə, leki, kelxuri, sorani, ezdik, yezidi, süleymani, qorani, yazqulam, ruşan və digər dillərdə danışırlar. Etnik mənşə baxımından onlar elmi ədəbiyyatda "kordi" adlandırılır. Kürd dilinin qrammatik tərkibi isə fars, ərəb, ivrit, türk, muncan, urdu dillərinin qarışığından ibarətdir.
Bundan əvvəl avropalı tədqiqatçılar kürd dili və mədəniyyətini fonetik və sintaktika baxımından üç qrupa bölməklə kürdlərin milli konsolidasiyasına nail olmaq istəyiblər. Buraya kurmancı - quzey kürd dialekti (İraq, Türkiyə, Suriya və keçmiş SSRİ), sorani-mərkəzi kürd dialekti (Doğu İraq və İran), kelxuri-güney kürd dialekti (Güney-Doğu İraq, Batı İran) daxildirlər. Ancaq bütün bunlara baxmayaraq, hər dialekti kürdlər arasında xüsusi dil kimi qəbul edirlər. Çox zaman isə onlar bir-birlərini heç başa düşmürlər.
Konfessional baxımdan isə kürdlər xristian (buraya bir sıra təriqət və məzhəblər də daxildir), yezidi, yəhudi, kəldani və islam (əsasən sünni və şiə məzhəbləri) dinlərinə etiqad edirlər. Kürdlər arasında dini inancların çoxçalarlı olması bu toplumun milli konsolidasiyasına çox zaman mane olur. Belə ki, hər bir dinə, eləcə də məzhəbə olan inanclar olduqca mühafizəkarcasına qorunur.
Hər dinə, məzhəbə məxsus ibadət binaları vardır. Hətta müsəlman çoxluğu təşkil edən kürdlər arasında nəqşbəndi, qadiriyyə, əhli-həqq, əlallahi, ələvilik kimi təriqətlər arasında ciddi qarşıdurmalar vardır.
Bunlar bir yana, bu gün Orta Doğu boyunca yaşayan kürdlər bir neçə əlifbadan istifadə edirlər. Onlar ərəb, latın və ivrit qrafikalı əlifbalarla yazıb-oxuyurlar. Kürd dialektlərinin hər birinin öz ədəbiyyatı, tarixi, coğrafiyası və dili öyrənilir. Hətta qəzet və jurnallar da müxtəlif dialektlərdə nəşr olunur. Kürdlərin sayı haqqında müxtəlif rəqəmlərin söylənməsi daim mübahisə mövzusuna çevrilib. Məsələn, ABŞ-a məxsus "Kürd Araşdırmalar Mərkəzi"nin hesabatında bildirilir ki, 70 milyonluq İranda 3 milyon, 78 milyonluq Türkiyədə 4 milyon, İraqda 2,5 milyon, Suriyada 460 min, Rusiyada 19 min, Ermənistanda 40 min, Azərbaycanda 12 min, Gürcüstanda 20 min, Avropa, ABŞ, Kanada da digər dövlətlərdə 1 milyon nəfərdən çox kürd yaşayır. Kürdlərə məxsus qaynaqlarda isə iddia olunur ki, onların bütün dünya boyunca sayları 30 milyondan yuxarıdır.
Qərbdə cızılan "Böyük Kürdüstan" ideyası
Türkiyənin güney-doğu (200 min. kv. km. ərazidə), İranın quzey-batı (160 min kv, km.), İraqın (75 min kv. km.) və Suriyanın (15 min kv. km.) quzey bölgələrində etnik spektrdə kürdlər geniş təmsil olunur. Bu dövlətlərin ərazilərində tarix boyu kürdlər və digər topluluqlar arasında etnik zəmində hər hansı bir savaş, münaqişə olmayıb. Onlar dinc yanaşı yaşayıblar.
Fəqət Qərb dövlətləri Orta Doğu və Ərəb körfəzində dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına görə, burada özlərinin iqtisadi maraqlarını strateji niyyətləri ilə daim uzaqlaşdırmağa çalışanda ziddiyyətlər doğuldu. "Kürd projesi" buna görə daim diqqət mərkəzində qalmaqdadır. Kürdlərə məxsus siyasi, ictimai partiyaların yaradılma tarixi buna bir örnəkdir. Müxtəlif zamanlarda kürd liderlərini fəal şəkildə müdafiə edərək "Böyük Kürdüstan" strategiyası gündəmdə diri tutuldu.
İlk dəfə 1941-ci ildə İrana daxil olan sovet qoşunlarının hərbi dəstəyilə İranın batısında "Kürdüstan Muxtariyyəti" yaradıldı. Bu sırada Məhəmməd Qazi (müsəlman kimi) və Mustafa Bərzani (yəhudi) muxtariyyətin liderləri idilər. 1947-ci ildə muxtariyyət ləğv edildikdən sonra Məhəmməd Qazi İran şahı Rza Rəhləvi tərəfindən edam olundu. Mustafa Bərzani isə öncə SSRİ-yə, sonra isə İraqa qaçdı.
Bilindiyi kimi, Mustafa Bərzani İraqda uzun müddət SSRİ-nin maliyyə dəstəyilə İraq, İran, Suriya və Türkiyəyə qarşı silahlı mübarizə apardı. Onun ölümündən sonra yerinə keçən oğlu Məsud Bərzani öncə SSRİ-nin, 1980-ci illərdən sonra isə Avropa, ABŞ və İsrailin maliyyə dəstəyilə silahlı mübarizəni davam etdirdi. Keçmiş SSRİ çökdükdən sonra Orta Doğuda "kürd faktoru"na maraqlar daha da artmağa başladı. Bu, xüsusilə İraq diktatoru Səddəm Hüseyn rejiminin devrilməsi problemini həll etməklə, 1918-ci ildə olduğu kimi, bölgədə iri neft yataqlarını ələ keçirmək planının tərkib hissəsi kimi görülürdü.
Avropa Birliyinin (AB) üzvü olan dövlətlər "Kürdüstan Yurdsevərlər Partiyası", "HADEP", "Kürdüstan Demokrat Partiyası", "Kürd İşçi Partiyası", "Brüssel Kürd İnstitutu", "Amerika Kürd İnformasiya Şəbəkəsi", "ABŞ Kürd İnstitutu", "Dortmund Dünya Kürdlərinə Yardım Mərkəzi", "Stohkolm Kürd İnstitutu", "DNKR", "Quzey Amerika Kürd Milli Konqresi", "Xabat-İran Kürdüstanı Təşkilatı", "PEYAK", "KOMKAR", "PADEK", "Kürdüstan İslam Partiyası", "Kürdüstan Sosialist Partiyası", "Kürdüstan Sosial-Demokrat Partiyası", "Kürdüstanın Azadlığı Partiyası - Rizqari", "Avropa Kürd Təşəbbüsləri", "Avropa DEM KURD", "Duysburq Kürd Birliyi - Nevkar", "KONKORD" və digər onlarla sayda kürd təşkilatlarına dəstək verməklə proseslərin mərkəzində "kürd faktoru"nu saxlamağa, bu yolla hədəflərinə nail olmağa çalışırdılar.
Təbii olaraq bu kürd təşkilatlarının əksəriyyəti "Böyük Kürdüstan" ideyasına dayanıqlı şəkildə olmaqla, daha çox terrora önəm veriblər. Çünki Türkiyə, İran, İraq və Suriya heç zaman razı olmazdılar ki, öz dövlətlərinin əraziləri etnik mənşəyə görə parçalansın..
|
|
|
|
|
|
|