Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev ABŞ Konqresində separatçı Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın başı üzərindən 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını dekabrın 17-də Dövlət Departamentinə təqdim edib. Azərbaycanın Vaşinqton səfirliyindən APA-ya verilən məlumata görə, səfir bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə edib.
Səfir Yaşar Əliyev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.
Bununla əlaqədar Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb.
Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların gerçəkləşdirilməsi ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT Minsk Qrupunun həmsədri kimi "ədalətli, tərəfsiz vasitəçi" imicini sarsıdacaq.
Məlumata görə, Amerika tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirib.
Qeyd edək ki, səfir Yaşar Əliyev bu məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını dekabrın 15-də dövlət katibi xanım Hillari Klintonun diqqətinə çatdırıb.
Bu məsələ ilə bağlı Azərbaycan Milli Demokrat Partiyası (AMDP) ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında dünən aksiya keçirməyi planlaşdırmışdı. Amma aksiya təxirə salındı. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Eldar Tağıyev məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyəti səfirlik binasının qarşısında piket keçirilməsinin məqsədəuyğun olmadığını əsas gətirərək aksiyaya icazə verməyib.
Xatırladaq ki, bu zamana qədər də ABŞ hökuməti qondarma "Dağlıq Qarabağ respublikası"na dəfələrlə (demək olar, hər il!) yardımlar edib. Amma Azərbaycan hökuməti məsələyə bu dəfə olduğu qədər heç vaxt ciddi və kəskin etiraz etməyib. ABŞ hökuməti rəsmiləri də bəyan edirlər ki, onlar hər il analoji yardımı edirlər və burada məqsəd hansısa qondarma rejimə yardım etmək deyil, ayrılmış vəsait əsasən ərazilərin minalardan təmizlənməsinə sərf olunur. Amma heç kəs iddia edə bilməz ki, bu yardımlar dolayısı ilə oradakı Ermənistan hərbi işğal qüvvələrinin ehtiyaclarına sərf olunmur.
Sözsüz ki, işğal qüvvələrinə, yaxud separatçı və qanunazidd rejimə edilən hər növ yardım onların şirniklənməsinə və mövqelərini möhkəmlətməyə səbəb olur. Təbii ki, dost və tərəfdaş bildiyimiz, sülhməramlı vasitəçilik missiyası daşıyan böyük bir ölkənin bu şəkildə davranması bizim haqlı narazılığımıza səbəb olmalıdır.
|