![]() |
çap et |
|
|||
Builki bələdiyyə seçkiləri əvvəlki seçkilərlə müqayisədə kifayət qədər sakit gedir: "Bu da rəqabətin güclü olmaması ilə bağlıdır. Belə ki, hər bir yer üçün təxminən 2 nəfər mübarizə aparır. Bu münasibət Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) dekabrın 23-də Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin uzunmüddətli müşahidəsi ilə bağlı aralıq hesabatında yer alır.
APA-nın məlumatına görə, təşkilatın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçkilərdən əvvəllər yerlərdə və seçki komissiyalarında müşahidələr aparılıb. M.Zülfüqarlı bildirib ki, MSK-nın fəaliyyətinin müşahidəsi aparılıb və quruma daxil olan şikayətlərin bir hissəsi təmin olunub: "Amma vətəndaşların namizədliklərini qeydə almaqdan imtina edən, qanunu pozan dairə seçki komissiyalarının heç biri cəzalandırılmayıb. Onlarla bağlı tədbir görülməlidir ki, sonrakı seçkilərdə bu kimi addımlar təkrar olunmasın". Hesabatda həmçinin seçkilərin təbliğat-təşviqat kampaniyasının zəif olduğu, təşviqat plakatlarının kifayət qədər az olduğu bildirilir. "Televiziyalarda çıxışlara isə çox az sayda rast gəlinir, seçicilərlə görüşlərin sayı çox azdır. Bu onu göstərir ki, 2004 və 1999-cu illərlə müqayisədə seçkiöncəsi vəziyyət kifayət qədər sakitdir". M.Zülfüqarlı mətbuat və televiziyalarda bələdiyyə seçkilərinə kifayət qədər yer ayrıldığını qeyd edib. Hesabatda məcburi köçkünlərin bələdiyyə seçkilərində iştirak etmədiyinin qanunazidd olduğu göstərilir. Hazırlanmış hesabatın sonunda bir sıra tövsiyələr irəli sürülüb. Həmin tövsiyələrdə seçki prosesi ilə bağlı qanunvericilik barədə bəzi təkliflər yer alır. Müxalifət qüvvələrinin isə seçkilərə dekabrın 23-ü axşam və ya 24-ü münasibət bildirəcəyi gözlənilir. Artıq bu məqsədlə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bəzi müxalifət partiyaları ilə razılaşma əldə edib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucov APA-ya bildirib ki, bununla bağlı Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalarla danışıqlar aparılıb və ilkin razılaşma var: "Razılaşmaya görə, biz seçkilərin nəticələrinin qiymətləndirilməsində vahid mövqedən çıxış edəcəyik və həmçinin namizədlərimizi də qarşılıqlı olaraq dəstəkləyəcəyik". Bununla bağlı olaraq Əli Orucov gələn həftə müxalifət partiyalarının birgə toplantısının nəzərdə tutulduğunu deyib. Belə ki, sönük keçən bələdiyyə seçkiləri ilə bağlı hələ ki, narazılıq edən yeganə siyasi partiya "Ümid"dir. Partiyanın yaydığı məlumata görə, yerlərdə təzyiq nəticəsində partiyanın 90 nəfərdən artıq namizədi öz namizədliyini geri götürməyə məcbur olub. Amma MSK-nın ictimaiyyətlə əlaqə şöbəsi bu ittihamlarla razı deyil. Şöbənin müdiri Azər Sarıyevin verdiyi məlumata görə, hətta MSK daxil olmuş şikayətlər əsasında yerlərdə namizədliyi qeydə alınmayan "Ümid" Partiyasının bir neçə üzvünün namizədliyini qeydə alıb. O, seçkilərin tam şəffaf və ədalətli təşkil olunduğunu da iddia edib. Seçkilərin necə keçdiyini cəmi 5 gündən sonra biləcəyik. |