"Rusiya Qarabağ müharibəsində Ermənistanı açıq şəkildə dəstəkləməyəcək"
 |
Rusiyalı ekspert Niyazi Niyazovun fikrincə, Azərbaycan üçün Qarabağda döyüş əməliyyatlarında yalnız sovet silahları işə yarayacaq
Şənbə, 19.12.2009
|
|
Bu həftə Azərbaycanın müdafiə və təhlükəsizlik sektoru üçün əlamətdar hadisələrlə zəngin oldu. Xüsusilə də, Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının 4 ili tamamlandı. Eyni zamanda Ermənistan - Azərbaycan müharibəsinin yenidən alovlanacağı ilə bağlı bəyanatlar səslənməkdə davam edir. Bu və digər suallarımızı Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dosenti, tarix elmləri namizədi, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Niyazi Niyazov cavablandırır.
- Niyazi müəllim, bu həftə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından 4 il ötdü. Ötən dövrdə Azərbaycanın hərbi-sənaye kompleksi bir sıra uğurlara imza atdı. Nazir Yavər Camalov bu sektorun perspektivləri barədə geniş açıqlamalar verdi. Siz Azərbaycanın müdafiə sənayesinin perspektivlərini necə görürsünüz?
- İlk öncə onu qeyd edim ki, 2008-ci ilin yayında Bakıda keçirilmiş hərbi parad onu deməyə əsas verdi ki, Azərbaycan Milli Ordusunun texniki təchizatının səviyyəsi hissediləcək dərəcədə artıb. Silahlı Qüvvələrin arsenalına müasir zirehli tank, artilleriya, aviasiya və raket silahları daxil edilib. Azərbaycan Ordusunun döyüş potensialının artmasına ölkənin Müdafiə Sənayesi Nazirliyinin istehsal fəaliyyətinin inkişaf etdirilməsi dəlalət edir.
1990-cı illərin sonlarına yaxın Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində bərpa prosesi başladı. Bu zaman dünya bazarlarında karbohidrogen ehtiyatlarına və silahlara ehtiyac artdı. Bu iki amil tezliklə Azərbaycanın hərbi-sənaye kompleksinin bərpası üçün güclü impuls oldu. 2005-ci ilin 16 dekabrında prezident İlham Əliyev Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin yaradılması haqqında sərəncam imzaladı. Azərbaycanın dövlət idarəetmə sistemində yeni nazirliyin yaradılması ölkə hakimiyyətinin hərbi-sənaye kompleksinin formalaşdırılması istiqamətində məntiqi addımı idi.
Qısası, son zamanlar Azərbaycan rəsmilərinin dediklərindən belə görünür ki, Azərbaycan HSK-nın inkişafı çox sürətlə gedir, bunu hətta fantastik sürət də adlandırmaq olar. Sözsüz ki, bunda İ.Əliyev başda olmaqla ölkənin siyasi rəhbərliyinin və Yavər Camalov başda olmaqla MSN-in xidməti böyükdür.
Amma HSK-nın sonrakı inkişafı hərbi istehsalın perspektivlərini müəyyən etmədən mümkün deyil. Bunu isə hərbi satınalmaların əsas siyasi vektorlarını və hərbi-texniki əməkdaşlığın perspektivlərini müəyyən etmədən demək çətindir.
- Bu gün Azərbaycanda ölkənin müdafiə sənayesi sektorunun inkişafı ilə bağlı bir-birinə zidd fikirlər səsləndirilir.
Əsas mövqe ondan ibarətdir ki, ölkə NATO standartlarına uyğun silah-sursat istehsal etməlidir. Siz bu istiqamətdə nə deyə bilərsiniz?
- Bu barədə uzun-uzadı müzakirələr aparmaq olar. Fikrimcə, əgər Azərbaycan tank istehsalı kimi ciddi məqsədi qarşısına qoyarsa, onda o, Rusiya və ya Ukrayna təcrübəsinə müraciət etməlidir. Bir sıra ekspertlər Azərbaycanın Türkiyənin perspektivdə planlaşdırdığı "Altay" tankı layihəsində iştirakını mümkün sayırlar. Əslində bu tank Cənubi Koreyanın "XK2" tankının müasirləşdirilmiş variantıdır. Bu təklifi qiymətləndirmək çox çətindir, çünki bu maşın hələlik ciddi şəkildə "döyüş sınağı"ndan çıxmayıb.
Əgər Qərb tanklarının əldə olunması Azərbaycan ordusu üçün çətin işdirsə, onda zərbə vertolyotlarının alınması, görünür, yaxın gələcəkdə, ümumiyyətlə, mümkün olmayacaq. Qərb ölkələri, tanklarda olduğu kimi, iqtisadi və siyasi səbəblərdən Azərbaycana zərbə vertolyotları satmayacaqlar. Yeri gəlmişkən, NATO-nun yeni üzvləri də bu məsələdə çətinlik çəkirlər. Onlar öz ordularının istifadəsində olan sovet mənşəli tank və vertolyotları modernləşdirməklə məşğuldurlar.
Fikrimcə, Azərbaycan öz döyüş imkanlarının genişləndirilməsi üçün qarşısına "NATO silahı sovet silahından yaxşıdır" və ya əksinə, kimi ideoloji çərçivələr qoymalı deyil. Düşünürəm ki, Qarabağda döyüş əməliyyatı səhnəsində Azərbaycan ordusuna yalnız sovet istehsalı olan döyüş sistemləri lazımdır.
Düşünürəm ki, bu gün orduda silahlanmaya ən müasir silahlar götürülməli, ən müasir silahlar istehsal olunmalıdır.
Ümumilikdə, fikrimcə, Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin işinin qurulması Azərbaycan Silahlı Qüvvələrinə əlavə üstünlük verir. Bu onu göstərir ki, döyüş əməliyyatları bərpa olunarkən Azərbaycanın Milli Ordusu təkcə sərhədlərdən kənarda istehsal olunmuş silahlardan deyil, milli hərbi-sənaye kompleksinin müəssisələrində istehsal olunmuş silahlardan istifadə edəcək. Beləliklə, təkcə hərbi texnika, silah və sursatların Azərbaycan ordusuna çatdırılması üzrə lojistik sxemin ixtisar olunması hesabına Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş imkanlarını hissediləcək dərəcədə artıra bilər.
- Bu gün Azərbaycan və Ermənistan arasında münaqişənin alovlanması ilə bağlı bəyanatlar, fikirlər səsləndirilir. Sizcə, qarşıdurma tərəflərinin güc nisbəti necədir?
- Bu gün, ümumilikdə, postsovet məkanında mövcud olan ölkələri yürütdükləri hərbi təhlükəsizlik siyasətlərinə görə bir neçə kateqoriyaya bölmək olar. Birinci kateqoriyaya aid dövlətlərdə hərbi quruculuq məsələləri ön yerdədir. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistan bu sıraya daxildir. İkinci kateqoriyaya daxil olan ölkələrdə - Türkmənistan, Qırğızıstan, Tacikistan və Ukraynada hərbi sahədə islahatların sürəti o qədər də yüksək deyil.
Bu gün əminliklə demək olar ki, Azərbaycanın Milli Ordusu döyüş hazırlığının səviyyəsinə, silahlı mübarizə sistemləri ilə təchizatına görə başlıca hərbi rəqibindən heç nə ilə geri qalmır, bir sıra göstəricilər üzrə onu dəfələrlə geridə qoyur.
Hazırkı vəziyyətdə Azərbaycan ordusunun əsas vəzifələri aşağıdakılardır:
1) Qarabağ cəbhəsində düşmənin uzunmüddətli istehkamlarının dağıdılmasına istiqamətlənmiş silah sistemlərinin sayının artırılması,
2) Döyüş sahəsində erməni zirehli texnikasını, ilk növbədə tanklardan kütləvi istifadə təhlükəsini neytrallaşdırmaq üçün tankəleyhinə sistemin təkmilləşdirilməsi,
3) Havada Azərbaycan Hərbi Hava Qüvvələrinin tam hakimliyini təmin etmək üçün Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının döyüş potensialının artırılması,
4) Sıravi və çavuş heyətinin döyüş hazırlığı sisteminin təkmilləşdirilməsi,
5) Qoşunların informasiya-idarəetmə sisteminin təkmilləşdirilməsi.
Doğrudur, Azərbaycan ordusunun formalaşdırılmasında müəyyən sayda problemlərin olmasına baxmayaraq, aydın görünür ki, onun döyüş imkanları sürətlə artır.
- Geosiyasi baxımdan Ermənistan ordusunun vəziyyətini necə qiymətləndirmək olar?
- Ermənistan Silahlı Qüvvələrinə gəldikdə, bəzi məqamları qeyd etməliyəm. Bu gün Ermənistan Silahlı Qüvvələri üçün başlıca hərbi vəzifə işğal edilmiş Azərbaycan torpaqları üzərində nəzarəti saxlamaqdır. Amma bu vəzifənin yerinə yetirilməsi günbəgün çətinləşir. Çünki Ermənistan Respublikasının düşünülməmiş xarici siyasəti onu geosiyasi tələyə salıb. Bu tələdən çıxmaq üçün iki yol var: biri Gürcüstan tərəfə, digəri isə İran tərəfə. Hərbi baxımdan hər iki "çıxış" Yerevan üçün həyati vacib əhəmiyyət kəsb edir.
Vaxtilə Gürcüstan ərazisi üzərindən Ermənistan Rusiya ilə təkcə ticari-iqtisadi deyil, hərbi əlaqələr də saxlayırdı. Amma Gürcüstan ərazisindən Rusiya hərbi bazaları çıxarıldıqdan sonra bu yol praktik olaraq keçilməz oldu. Şübhəsiz, texnika və silahların Ermənistan ərazisinə çıxarılması qısamüddətli perspektivdə Yerevana əlavə kozırlar verdi. Çünki Yerevan praktik olaraq qarşılıqsız şəkildə müxtəlif hərbi əmlaka sahib oldu. Sirr deyil ki, Rusiyanın Ermənistandakı hərbi bazalarının şəxsi heyətinin əsasını Ermənistan vətəndaşları təşkil edir. Bu onu deməyə əsas verir ki, münaqişə zamanı onların nəzarətində olan döyüş sistemləri Qarabağ cəbhəsində istifadə oluna bilər. Doğrudur, bu qərarın siyasi nəticələri Yerevan və Rusiya - Ermənistan münasibətləri üçün ən neqativ ola bilər.
Düşünmürəm ki, mövcud geosiyasi vəziyyətdə, Qarabağ cəbhəsində döyüş əməliyyatlarının bərpa olunacağı təqdirdə Gürcüstan öz ərazisindən erməni ordusu üçün ağır silahların daşınmasına icazə verəcək.
İran istiqamətinə olan ikinci çıxış isə "şimal" istiqamətində olan itirilmiş imkanları kompensasiya edə bilməz. Həm də bu istiqamət geosiyasi baxımdan çox həssasdır və Tehranın nüvə proqramı ətrafında vəziyyətin kəskinləşdiyi zaman bağlana bilər. Bu baş verməsə də, Yerevan İran daşımalarının hesabına özünün Silahlı Qüvvələrinin ehtiyaclarını tam şəkildə çətin ki ödəyə bilsin. Ermənistanın təminatı yoxdur ki, İran bu şəraitdə ona silah və döyüş sursatı verəcək, ya yox? Amma İranın Ermənistana "yardım" etməsi mümkünlüyünü tam istisna etmək də olmaz.
- Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasına böyük ümidlər var...
- Doğrudur, bu gün Yerevanda Türkiyə - Ermənistan sərhədlərinin açılmasına çox ümid bəsləyirlər. Amma hərbi baxımdan bu yolun açılması Ermənistana hər hansı əlavə kozırlar verməyəcək, əksinə, bu, ölkəni "birtərəfli hərəkət küçəsi"nə çevirə bilər. Sərhədlər açılarsa, Ermənistanı çağırış yaşında olan gənclər sürətlə tərk edəcək. Bax Ermənistan Silahlı Qüvvələrinin əsas probleminə gəlirik: bu ölkə nə qısamüddətli, nə ortamüddətli, ən çoxu da uzunmüddətli perspektivdə ordunun şəxsi heyətlə təminolunma problemini həll edə bilməyəcək.
Artıq erməni ordusu insan resurslarının kəskin çatışmazlığını hiss edir, deməli, onun üçün cəbhə xəttini idarə etmək çətinləşir. Məhz bu səbəbdən erməni hərbçiləri 2015-ci ilə qədər peşəkar ordu yaradılacağı barədə açıqlamalar verirlər.
Beləliklə, deyilənlər onu qeyd etməyə əsas verir ki, Ermənistan ordusu öz inkişafında Azərbaycan Silahlı Qüvvələrindən ciddi şəkildə geri qalmağa başlayır.
- Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində təlimlər keçirməsini necə yozmaq olar? Düşmən əzələ nümayiş etdirir?
- Tərəflər "sakitlikdə" durduqları zaman erməni tərəfi işğal olunmuş ərazilərdə təlimlər keçirə, işğal zonasını genişləndirməyə hazır olduqları barədə bəyanatlar səsləndirə bilər. Amma real döyüş əməliyyatları başlayan zaman erməni tərəfi cəbhə xəttində necə deyərlər, "oturmağa" məcbur olacaq və Azərbaycan Ordusunun hücumunu dəf etməyə çalışacaq. Məhz fortifikasiya təchizatı erməni tərəfi üçün ordunun şəxsi heyətinin azlığını kompensasiya edən amildir. Amma tarixi təcrübə göstərir ki, heç vaxt və heç yerdə istehkam xətləri qarşı tərəfin hücum hərəkətlərini saxlamağa qadir olmayıb. Bir şərtlə ki, hücum əməliyyatları hərbi elmin bütün qanunlarına uyğun gerçəkləşsin.
Ermənistan üçün hərbi vəziyyətin çətinliyi həm də onunla bağlıdır ki, bu ölkə hətta müharibəni uzunmüddətli etməyə çalışsa belə, yenə də uduzacaq, çünki hadisələrin belə inkişafı Ermənistanın iqtisadi həyatını tamamilə məhv edər.
Belə bir məqamda Azərbaycan döyüş əməliyyatlarının gedişində ən azı bir rayonu öz nəzarətinə qaytarsa, özünün hərbi və diplomatik vəziyyətini ciddi şəkildə yaxşılaşdıracaq.
- Ermənistan tərəfi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyinə ümid edir...
- Azərbaycan - Ermənistan qarşıdurmasında Yerevanın KTMT-nin iştirakına ümid etməsi əbəsdir. Reallıqda Qarabağ cəbhəsində Ermənistan tərəfində Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus və ya Qırğızıstan əsgər və zabitlərinin döyüşməsini gözləməyə dəyməz. Fikrimcə, Rusiya da Qarabağ qarşıdurmasında açıq şəkildə iştirak etməyə hazır deyil.
|
|
|
Oxşar xəbərlər:
Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi
Qarabağla bağlı forum keçirilib
Vasitəçilər sülhün uzaqda olmadığını söylədilər
Qarabağda yaşayan vətəndaşlarımıza status vermək olar
"Diplomatik dil Azərbaycanın ziyanına dəyişib"
|
|
|