Son vaxtlar terror barədə öncədən xəbər vermək adi hal alıb. Hər gün metroya, şadlıq evinə, restorana və digər obyektlərə "bomba qoyulması" barədə xəbərlər eşidirik. Mətbuat isə bu sahədə vətəndaşları maarifləndirməkdən yorulmur ki, telefonla yalan məlumat vermək cinayətdir. Bu cinayəti törədənlər ağır maddələrlə ittiham olunurlar. Amma...
Bu kimi cinayəti törədənlərin əksəriyyəti məktəblilər olur. Onları hüquq-mühafizə orqanlarının əməkdaşları həbs etsə də, məhkəmə əfv edir, şərti cəzalarla yaxalarını qurtarırlar.
Təbii ki, bu kimi "məsum" cinayətlərin qarşısını almaq üçün məktəb müəllimlərinin üzərinə ağır yük düşür. Onlar tərbiyəçidir və öhdələrində olanlara təlqin etməlidirlər ki, belə işlərin sonu pis qurtarır. Sən demə, məmləkətdə müəllimlər varmış ki, bu dələduz, başıpozuq yeniyetmələrdən fərqlənmir. Məsələn, bizim qədim və şöhrətli Şəmkirdə məktəb direktoru polisə zəng edərək, rəhbərrlik etdiyi məktəbə "bomba" qoyulması barədə xəbər verib!
Amma bu bədəməl işin üstü tez açılıb. İndi Şəmkir rayonu Çənlibel kənd orta məktəbinin direktoru Hidayət Hüseynov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Şəkər Məmmədovanın qarşısında müttəhimlər kürsüsündə əyləşib və sualları cavablandırır.
Prosesin əvvəlində prokurorun səsləndirdiyi ittihamdan aydın oldu ki, 1956-cı il doğumlu Hidayət Hüseynov sərxoş vəziyyətdə bu il oktyabrın 17-də Şəmkir rayon Polis Şöbəsinə, sonra isə Fövqaladə Hallar Nazirliyinin 112 zəng xidmətinə telefon açaraq, işlədiyi orta məktəbə "bomba" qoyulması barədə xəbər verib...
Məktəbdə hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparsalar da, məlumat təsdiqini tapmayıb. Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb.
İndi bu uğursuz xalq müəllimi CM-nin 216-cı - terrorla hədələmə maddəsi ilə ittiham olunur.
Bəs cənab Hidayət Hüseynov nə deyir? Təbii ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. İfadəsində məktəbdə "tanımadığı bir qızın" ona məktəbə bomba qoyulma xəbərini çatdırdığını deyib. Onun sözlərinə görə, bu barədə əvvəlcə Şəmkir rayon Polis Şöbəsinə, sonra isə Fövqəladə Hallar Nazirliyinin 112 zəng xidmətinə məlumat verib. Amma sonda "əməlindən peşman olduğunu" söyləyən məktəb direktoru bildirib ki, 33 il pedaqoji təcrübəsi var, 1990-cı ildən isə məktəb direktoru vəzifəsini icra edir... Bəli-bəli, 33 il.
Amma görün, şahid Şahzadə Mehdiyeva nə deyir. Bu qadın ifadəsində bildirdi ki, məktəbdə təmizlik işləri aparan vaxt Hidayət Hüseynov sərxoş vəziyyətdə ora gəldi: "O, sərxoş vəziyyətdə idi. Mənə dedi ki, bura bomba qoymuşam. Mən də qorxumdan məktəbi tərk etdim..."
|