Ər-arvadın həbsxana "razborkası"
 |
Dustaq görüşə gələn arvadının boğazına mismarla vurub
Şənbə, 19.12.2009
|
|
Həbsxanada həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinən Ceyhun Məmmədovun cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırma başladı. Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesin əvvəlində dövlət ittihamçısı ittiham aktını elan etdi.
Dövlət ittihamçısının oxuduğu ittiham aktından bəlli oldu ki, Ceyhun Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirmiş. Həmin vaxt yenicə nikaha girdiyi Günel Mirzəyeva bir neçə dəfə onun yanına gəlib. Növbəti dəfə Günel görüş otağında Ceyhuna boşanmaq istədiyini bildirib. Bundan əsəbiləşən Ceyhun Məmmədov isə üstündə gəzdirdiyi mismarla həyat yoldaşının boğazına zərbə vurub. Dediyinə görə, amma onu öldürmək fikrində olmayıb (?).
Prokurorun çıxışından sonra təqsirləndirilən şəxs məhkəmədə sərbəst ifadə verdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirdi ki, həyat yoldaşı Səxavət Zöhrabov adlı nəzarətçi ilə görüşdüyü barədə ona məlumat verəndən sonra boşanmaq istədiyini deyib. Onun sözlərinə görə, həyat yoldaşının başqası ilə ailə həyatı qurmaq niyyətini eşidəndə əsəbiləşib və onu vurub.
Zərərçəkmiş Günel Mirzəyeva ifadəsində göstərdi ki, Ceyhun Məmmədov onun vasitəsi ilə qardaşına məktub göndərib. Məktubu isə Günelin özü oxuyub. Onun sözlərinə görə, həyat yoldaşı məktubunda Günel Mirzəyevadan ona tez-tez yemək apardığı, pul verdiyi üçün həbsxanada yatana qədər ondan istifadə etmək istədiyini qeyd edib. Bu barədə Ceyhuna deyəndə isə o, qardaşının həbsxanada ona baş çəkməsi üçün belə etdiyini bildirib (?).
Günel Mirzəyeva onu da vurğuladı ki, Ceyhun Məmmədovun göstərişi əsasında nəzarətçi Səxavət Zöhrabov həbsxanadan ona bir neçə dəfə məktub gətirib. Bir dəfə isə nəzarətçi məktub adı altında onu görüşə çağırıb. Lakin aralarında heç nə olmayıb.
Məhkəmə proses davam edir.
|
|
|
|
|
|
|