Bu il iyulun 22-də Bakı şəhəri, Bülbül prospekti mənzil 24-də yaşayan, 1980-ci il doğumlu İnarə Əliyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb. 23 iyul 2009-cu il tarixdə saat 07 radələrində İnarə Əliyevanın yaşadığı binanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.
Bakı şəhər BPİ və Bakı şəhər Prokurorluğunun əməkdaşları tərəfindən İnarə Əliyevanın qatilinin tapılması yönündə birgə kompleks tədbirlər nəticəsində 1985-ci il doğumlu Mehdi Nəcəfov qətli törətməkdə şübhəli şəxs qismində saxlanıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, İnarə Əliyeva 22 iyulda saat 22:00 radələrində evdən çıxıb və gecəni dostları ilə birlikdə keçirib. Saat 02:00 radələrində evlərinə dönən İnarə Əliyevaya yaşadığı binanın liftində həmin binada təmir işlərilə məşğul olan Mehdi Nəcəfov hücum edib.
Mehdi Nəcəfov İnarə Əliyevanı qorxudaraq zorla binanın 16-cı mərtəbəsində təmir işlərilə məşğul olduğu və hazırda heç kimin yaşamadığı mənzilə aparıb. Mənzildə Mehdi Nəcəfov zorakılıq yolu ilə İnarə Əliyeva ilə cinsi münasibətdə olub. Sonra isə İnarə Əliyevanı başından çəkiclə vuraraq, vəhşicəsinə qətlə yetirən Mehdi Nəcəfov onun meyitini 16-cı mərtəbədən atıb.
Məhkəmə prosesində təqsirləndirilən şəxs Mehdi Nəcəfov elan olunmuş ittiham üzrə özünü təqsirli bildi. İfadəsində qeyd etdi ki, İnarə Əliyevanın öldürülməsini əvvəlcədən planlaşdırmayıb. Mehdi Nəcəfov törətdiyi cinayətin dəhşətli olduğunu da diqqətə çatdırdı: "Elə cinayət törətmişəm ki, danışmaq olmur. Etdiyim hərəkətə görə utanıram, ona görə də bu cinayətdən danışmağa çətinlik çəkirəm. Qadını zorlamışam. Onu öldürəndə isə özümdə olmamışam. Həyəcanlı vəziyyətdə olmuşam, buna görə də nə etmişəm, xəbərim olmayıb".
Bu cinayət işi üzrə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə araşdırma aparılır. Məhkəmənin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Mehdi Nəcəfov Cinayət Məcəlləsinin 120.2.4-cü (amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3-cü (adam oğurluğu), 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 150.3.2-ci (seksual xarakterli hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda), 181-ci (quldurluq) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham olunur...
|