çap et  
Metropoliten həmişə subsidiya alıb və alacaq!
Metropoliten həmişə subsidiya alıb və alacaq!
2040-cı ilə qədərsə 68 stansiyamız olmalıdır
Şənbə, 19.12.2009


Metroda gediş haqları artırıldıqdan sonra sərnişin sıxlığında 10 faiz azalma müşahidə olunub. Bu barədə məlumat verən Metropoliten rəisi Tağı Əhmədov yeni ildən metronun qiymətinin 20 qəpik olub-olmayacağı məsələsinə də münasibət bildirib: "Mən ancaq Tarif Şurasının verdiyi qiymətə əsaslanıram. Neçə qiymət qoyulacaqsa, elə olacaq. 13 il 5 qəpiklə işlədik. Gediş haqqı 10 qəpik də olsa, 50 qəpik və ya pulsuz da olsa, mən ona işləyəcəm".

Tağı Əhmədov onu da bildirib ki, dotasiyasız metronun olacağını heç vaxt düşünmək lazım deyil. Onun sözlərinə görə, dünyanın heç bir yerində metro özünün rentabelliyini qorumur və bu, qeyri-mümkündür: "MDB məkanında ən güclü Moskva metrosudur ki, bu gün qiyməti 70 qəpik olsa da, yenə də özünü ödəmir. Metropoliten həmişə subsidiya alıb və alacaq".

Öyrəndik ki, metropoliten rəhbərliyi tərəfindən Tarif Şurasına hər rübdə yeni təkliflər verilir. Belə ki, aparılan bir sərnişin neçəyə başa gəlirsə, bu rəqəm Tarif Şurasına təqdim olunur. Bu gün bir sərnişinin aparılması 49,2 qəpiyə başa gəlir.

Bakı Metropoliteni yeni stansiyaların tikintisini planlaşdırır. Ümumiyyətlə, Bakı Metropolitenində 2040-cı ilə qədər 68 stansiya olmalıdır. Amma Bakı-Sumqayıt metrostansiyasının tikintisi ikinci plandadır. Birinci planda Avtovağzaldan Xırdalana xəttin çəkilişidir.

Yeri gəlmişkən, metrostansiyada yeni eskalatorların quraşdırılması mərhələli şəkildə həyata keçiriləcək. Bəlli olduğu kimi, eskalatorların istismar müddəti 50 ildir. Metropolitendən deyirlər ki, bizim hələ 8 il vaxtımız var ki, eskalatorları yenisi ilə əvəz edək. 8 il müddətində proses bütün stansiyalarda tədricən həyata keçiriləcək.