Saxta endirim kampaniyacı aparanlara cərimə
 |
Dünya praktikasında bu var, bizim qanunvericilikdə isə boşluq mövcuddur
Şənbə, 19.12.2009
|
|
İl sona yaxınlaşdıqca paytaxtda endirim kampaniyaları qızışır. Mağazalar endirim kampaniyalarına artıq start veriblər. Mərkəzdəki böyük mağazaların qapı-pəncələrində böyük hərflərlə "Endirim kampaniyası başladı!" yazılıb. "Nizami" küçəsindəki mağazalarda 10, 50, 60 faizlik endirimlər alıcılara gəl-gəl deyir. Əslində burada qəribə heç nə yoxdur. Dünyanın hər yerində Yeni il qabağı endirim kampaniyaları başlanır və alıcılar da bundan yararlanaraq həm yaxınlarını hədiyyələrlə sevindirir, həm də özlərinə lazım olan geyimləri, əşyaları daha aşağı qiymətə almaq şansına malik olurlar.
Bizdə "endirim"lərin məqsədi başqa
Əfsuslar olsun ki, bu "endirim"lərin məqsədi başqadır. Əslində vaxtilə həmin mağazalara baş çəkənlər başa düşürlər ki, endirim, demək olar, edilmir və yaxud bir sıra markalara edilir ki, onların geyimləri, ayaqqabıları və ya aksessuarları onsuz da alıcıları özünə cəlb etmir. Məsələn, Sahil metrosunun yaxınlığında bir neçə mağazaya baş çəkdik. Əksər donlara endirim olmaması onların yeni mövsüm modası olması ilə əlaqələndirildi. "Onda hansı geyimlərə endirim edilir?" sualı ilə satıcıya müraciət etdim. Məlum oldu ki, mağazanın ortasında qoyulan asılqandakı və ilk baxışdan diqqəti cəlb etməyən geyimlərə endirim edilir. Asılqandakı paltarı nəzərdən keçirərkən qiymətlərlə və ölçülərlə maraqlandım. Məlum oldu ki, bütün ölçülər asılqandadır. Yəni mağazanın vaxtilə satdığı kolleksiyalardan qalan paltarlar "endirim kampaniyası"na daxil edilib...
Qəribədir ki, əksər mağazalarda endirimlə satılan malların əvvəlki qiyməti yazılmayıb. Bunu riyazi qabiliyyətini köməyə çağıran alıcılar edə bilərlər.
Məsələn, 100 manata satılan paltara 40 faiz endirim edildiyi söylənir. İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri hesab edirlər ki, mağazaların bu siyasəti alıcıları çaşdırmaq məqsədi daşıyır.
"Endirimlər" və saxta mallar
Bu məzmunda "endirim kampaniyaları"nın bir "özəlliyi" də satışda saxta malların çəkisinin artmasıdır. Onsuz da Bakı mağazalarında tanınmış markaların məhsullarına az rast gəlinir. Bu "endirim kampaniyaları"nda isə Bakıda adi sexlərdə istehsal edilən "basmaqəlib" geyimlər satışa çıxarılır.
Endirim kampaniyalarında diqqəti çəkən elementlərdən biri də 150-200 manata satılan malların İtaliya, Fransa kimi ölkələrdə tanınmış geyim markalarının adını daşımasıdır. Amma məsələ ondadır ki, tanınmış markalar endirim kampaniyalarında belə öz geyim mallarını 1000-2000 manatdan aşağı satmırlar. Məşhur firmaların məhsullarının qiymətinin xarici ölkələrlə müqayisədə nisbətən ucuz olmasına gəlincə, satıcılar dedilər ki, yeni mövsümün gəlməsi ilə həm dükanı, həm də geyimləri reklam etmək xətrinə (?!) belə endirimlərə başlayıblar...
Əslində endirim kampaniyaları nə məqsədlə keçirilməlidir? sualına ekspert Rəhim Hüseynov aydınlıq gətirir. Onun sözlərinə görə, bu suala mağaza sahibləri cavab verməlidir. Belə ki, xaricdə keçirilən endirim kampaniyalarında konkret məqsəd olur. Birincisi odur ki, hansısa mağaza və ya marka öz məhsulunu rəqabətli bazara bu tərz çıxarır. Avropada keyfiyyət problemi olmadığından firmalar öz məhsullarını tanıtmaq, alıcı kontingenti toplamaq üçün bu üsuldan istifadə edirlər. Digər məqsəd ötən mövsümlərdəki kolleksiyalardan qalan geyimləri sataraq yenilərini əldə etməkdir. Burada da endirimdən yararlanmaq istəyən alıcı uduzmur. Çünki köhnə mövsüm malları nə qədər ucuz satılsa da, yenilərin qiyməti o qədər bahalı olur. Məqsədlərdən biri də mağazaların alıcılara Yeni il hədiyyəsidir. Daimi müştərilərini itirməmək üçün mağaza sahibləri endirim kampaniyaları keçirir.
Azərbaycanda isə adətən endirim kampaniyaları mağaza sahiblərinin yaxşı pul qazanmaq mənbəyidir. Çünki əksər "endirim kampaniyaları"nın monitorinqi göstərir ki, bu heç də paytaxtın ticarət obyektlərində qiymətlərin kəskin azalmasına səbəb olmayıb. Bəzi ticarət obyektlərində 50-60 faiz endirim elan edilməsinə baxmayaraq, "endirilmiş qiymətlər" yüksək olaraq qalmaqdadır.
50-60 faiz əvəzinə, 10-15 faiz
İqtisadi və Sosial İnkişaf Mərkəzi mütəxəssislərinin qənaətinə görə, "saxta endirimlər" problemi son illərin ən çox diqqəti çəkən məsələlərindəndir. Belə ki, Bakının bir çox ticarət obyektlərində endirimlər saxta xarakter daşıyır və bu, sadəcə, alıcıları cəlb etmək məqsədi ilə keçirilir. Bir sıra mağazalarda mərkəzin mütəxəssisləri tərəfindən apardılan monitorinq nəticəsində bəlli olur ki, 50-60 faiz qiymət endirimləri elan edilsə də, gerçəklikdə azalama 10-15 faiz olur. Bəzilərində isə real qiymət endirimləri ümumiyyətlə baş vermir. Praktik olaraq, "saxta endirim kampaniyaları" istehlakçıların hüquqlarını pozur".
Ekspertlər hesab edirlər ki, saxta endirimlərə qarşı mübarizəni gücləndirmək olduqca vacibdir. Çünki süni qiymət artımları kimi saxta endirimlər də ölkə qanunvericiliyinə ziddir. Buna görə də İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımları ilə yanaşı saxta endirimlərə qarşı da mübarizəni gücləndirməlidir. Yeri gəlmişkən, Rusiyada bayram endirimlərinə nəzarəti gücləndirmək məqsədi ilə qanunvericiliyə dəyişiklik edilib. Artıq saxta endirimlərə yol verən ticarət obyektlərini ciddi maliyyə cərimələri gözləyir. Analoji qanunvericilik aktları bir sıra MDB ölkələrində, hətta bəzi Mərkəzi və Şərqi Avropa dövlətlərində də qəbul edilib. Bu baxımdan, Azərbaycanda da uyğun addım atmaq olduqca vacibdir.
Azərbaycan gerçəkliyi belədir ki, bizdə kimisə saxta endirim kampaniyasına görə cərimə etmək, yaxud hansısa inzibati metodun tətbiqi mümkün deyil. Çünki qanunvericilikdə istehlakçıların hüquqlarının qorunması və eləcə də izafi gəlirə qarşı mübarizədə hüquqi boşluqlar var. İlk növbədə bu hüquqi boşluq aradan qaldırılmalıdır. Məsələn, Nazirlər Kabinetinin qəbul etdiyi rəsmi sənəd yardımçı ola bilərdi.
|
|
|
|
|
|
|