Dövlət büdcəsində cəmiyyətin bütün üzvlərinin və təbəqələrinin maraqları kəsişir. Buna görə də büdcə qərarlarının qəbulu və dövlət maliyyə resurslarından istifadə zamanı effektivliyin təmini vacibdir. O cümlədən cəmiyyətin bütün təbəqələrinin, bütün sosial, siyasi və iqtisadi qrupların maraqlarını düzgün əlaqələndirməyə nail olmaq zəruridir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin mütəxəssisləri son iki ildə Milli Büdcə Qrupunun fəaliyyət strategiyası çərçivəsində bununla bağlı monitorinq və araşdırmalar aparıb. Beynəlxalq təcrübə öyrənilib.
Beynəlxalq təcrübə və bizdəki formallıq
Öncə beynəlxalq təcrübəni öyrənmək vacib bir işdir. Belə ki, inkişaf etmiş dövlətlərdə ictimaiyyətin maraqları bu məsələdə yüksək səviyyədə təmin edilməkdədir. Məsələn, beynəlxalq təcrübədə hökumət öz vəzifələrinə uyğun olaraq qarşıdakı dövrdə - 1 və ya 3 il üçün fəaliyyətin təşkilində ehtiyac duyduğu resursları hesablayır və büdcə layihəsi hazırlayır. Bu layihənin müzakirəsi zamanı deputatlar seçildiyi ərazinin və seçicilərin maraqlarının büdcədə nəzərə alınmasına nail olmağa çalışır, hökumətin fəaliyyətinin bütövlükdə cəmiyyətin maraqlarına uyğunluğuna əmin olur. Büdcə yalnız bundan sonra parlamentdə təsdiq olunur. Hökumət büdcənin icrasını təmin edir və icra barədə dövri olaraq parlamentə hesabat verir. Büdcənin icrası başa çatandan sonra hökumət büdcənin icrası barədə və büdcə vəsaitlərindən istifadədən əldə etdiyi nəticələr və cəmiyyətdə baş verən dəyişikliklər barədə parlamentə hesabat verir. Hesabat parlamentdə müzakirə olunur. Müzakirələrin gedişində deputatlar büdcə vəsaitlərindən istifadə zamanı hökumətin qanunçuluq, səmərəlilik, nəticəlilik və qənaətlilik tələblərinə nə dərəcədə əməl etməsini araşdırır. Bu məqsədlə parlament Hesablama Palatası yaradır, hökumətin əvvəllər bəyan etdiyi hədəflərə nail olub-olmadığını aydınlaşdırır və bunun əsasında hökumətin büdcə fəaliyyəti qiymətləndirilir. Belə bir büdcə proseduru cəmiyyətə dövlət vəsaitlərinin hərəkətini və onlardan istifadənin səmərəliliyini izləməyə imkan verir.
Dünyada olduğu kimi, bizim Konstitusiyamızda da hökumətlə parlament arasında büdcə səlahiyyətləri bölünüb. Bizdə də büdcəni hökumət hazırlayıb parlamentin təsdiqinə verir, təsdiq olunmuş büdcəni icra edir və parlamentə hesabat verir. Parlament büdcə layihəsini müzakirə edərək qəbul edir və büdcənin icrası barədə hökumətin hesabatını müzakirə edir.
Lakin İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin apardığı monitorinq və araşdırmalar göstərir ki, Azərbaycanda büdcə layihəsinin parlament müzakirələri, büdcənin icrası barədə hesabatın müzakirələri daha çox formal xarakter daşıyır. Hətta büdcənin digər qanun layihələri 3 oxunuşdan keçdikdən sonra qəbul edildiyi halda, illik büdcə qanunlarının layihəsi I oxunuşda Milli Məclisin 3-4 plenar iclasında müzakirədən sonra II oxunuşa çıxarılan kimi qəbul olunur. Büdcənin icrası barədə qanun layihəsi isə, demək olar, müzakirəsiz təsdiq edilir. Bundan başqa, ölkəmizdə tətbiq olunan büdcə planlaşdırması təcrübəsində büdcə ayırmalarının müvafiq hökumət qurumlarının fəaliyyətinin məqsəd və hədəfləri ilə əlaqələndirilməsi yoxdur, hökumət qurumlarının sərf etdiyi vəsaitlərin effektivliyini qiymətləndirmə mexanizmləri yoxdur.
Hökumətin hesabatlarında isə əsasən sərf olunmuş resurslar, həyata keçirilmiş fəaliyyətlər, yerinə yetirilmiş işlərin həcmi əks olunur, bu fəaliyyətlərin və xərclərin cəmiyyətin rifahına olacağı təsirinin qiymətləndirilməsi üçün məlumatlar ümumiyyətlə təqdim olunmur. Bütün bunlar büdcə üzərində, hökumətin fəaliyyəti üzərində parlamentin - bununla həm də bütövlükdə cəmiyyətin nəzarət imkanlarını məhdudlaşdırır, dövlət resurslarından səmərəsiz istifadə risklərini artırır.
İndiki maliyyə qıtlığı dönəmində bu vacibdir
Birlik ekspertləri bu qənaətdədirlər ki, büdcə xərclərinin nəticəliliyini yüksəltmə məsələsi maliyyə resurslarının qıtlığı probleminin kəskinləşdiyi böhran dönəmlərində daha aktual görünür. Halbuki cəmiyyətin malik olduğu resurslar tükənən olduğundan "səmərəlilik" və "qənaət" kimi mexanizmlər - inkişaf səviyyəsindən, büdcə-vergi siyasətinin xarakterindən və iqtisadiyyatının strukturundan asılı olmayaraq - istənilən ölkədə hər zaman diqqət mərkəzində olmalı və mühüm əhəmiyyət kəsb etməlidir.
Əslində son illərdə bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə "nəticəyə yönəlik büdcə" mexanizminin, habelə proqramlar əsasında büdcənin tərtibi təcrübəsinin meydana çıxması məhz büdcə xərclərinin səmərəliliyini yüksəltmək səylərindən irəli gəlir.
Öyrəndik ki, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi "Parlamentlə işin gücləndirilməsi yolu ilə büdcənin parlament müzakirlərinin səmərəliliyinin artırılması" layihəsi çərçivəsində hökumətin büdcə fəaliyyətini qiymətləndirmə indikatorları işləməyə başlayıb. Bu indikatorlar üzərində iş hələ davam etdirilir, belə ki, onlar daha da təkmilləşdiriləcək.
İqtisadçılar Azərbaycanda büdcə xərclərinin səmərəliliyinin və nəticəliliyinin artırılmasını zəruri sayırlar. Hökumətin büdcə fəaliyyətinə parlament nəzarəti və ictimai nəzarətin gücləndirilməsi, dövlət vəsaitindən istifadənin monitorinqi və qiymətləndirilmə sisteminin qurulmasının vacibliyi önə çəkilir.
Milli Məclisin ölkə Konstitusiyasında nəzərdə tutulmuş büdcə səlahiyyətlərinin gerçəkləşdirilməsini təmin etmək üçün təkliflər verilib. Təkliflər arasında hökumətin büdcə fəaliyyətinə parlament vasitəsilə və ictimai nəzarətin gücləndirilməsinin qanunvericilik bazasının təkmilləşdirilməsi, "Maliyyə nəzarəti haqqında" qanunun qəbulu, hökumətin büdcə fəaliyyəti üzrə hesabatlılığının gücləndirilməsi var. Habelə hesabat ilində büdcənin gəlir və xərclər hissəsinin aylıq və rüblük icra vəziyyətinə dair hesabatların mütəmadi olaraq parlamentə təqdimi və ictimaiyyətə açıqlanması təklifləri var.
|