![]() |
çap et |
|
|||
Dünən İsveçrənin Nionda şəhərində Çempionlar Liqası turnirinin 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatmada səkkiz ölkənin komandası iştirak edib. İngiltərə, İtaliya və İspaniya üç klubla təmsil olunublar. Yeri gəlmişkən, ötən il bu mərhələdə İtaliyanın heç bir klubu təmsil olunmurdu. Ona görə də "İnter", "Milan" və "Fiorentina" üçlüyü İtaliya futbolunu layiqincə təmsil etmək üçün maksimum səy göstərəcəklər. Fransa və Almaniya iki klubla təmsil olunur. Rusiya, Portuqaliya və Yunanıstanın şərəfini cəmi bir klub qoruyur.
Avropa Çempionlar Liqası turnirinin baş mükafatını doqquz dəfə qazanmış Madrid "Real"ı Fransanın "Lion" komandası ilə üz-üzə gələcək. Yeri gəlmişkən, turnirin mayın 22-də keçiriləcək final matçı "Real"ın "ev oyunları"nı keçirdiyi "Santyaqo Bernabeu" stadionunda təşkil olunacaq. Ötən turnirin finalçısı "Mançester Yunayted" isə İtaliyanın "Milan" klubu ilə qarşılaşacaq. Bu matçı ÇL-in 1/8 final mərhələsinin ən vacib görüşü də saymaq olar. Çempionlar Liqasının ötənilki qalibi "Barselona" isə Almaniyanın "Ştutqart" klubunu sınağa çəkəcək. Püşk tarixində ilk dəfə olaraq Çempionlar Liqasının 1/8 final mərhələsinə çıxan Moskvanın MOİK klubuna İspaniya "Sevilya"sını rəqib seçib. Xatırladaq ki, Rusiya klublarından yalnız "Lokomotiv" Çempionlar Liqasında bu mərhələyə qədər irəliləyə bilib. Püşk Joze Maurinyonun baş məşqçisi olduğu İtaliyanın "İnter" komandasına portuqaliyalı mütəxəssisin vaxtilə çalışdığı "Çelsi"ni rəqib edib. Çempionlar Liqası. 1/8 final mərhələsinin püşkatmasının nəticələri: "Ştutqart" (Almaniya) - "Barselona" (İspaniya) "Olimpiakos" (Yunanıstan) - "Bordo" (Fransa) "İnter" (İtaliya) - "Çelsi" (İngiltərə) "Bavariya" (Almaniya) - "Fiorentina" (İtaliya) OMİK (Rusiya) - "Sevilya" (İspaniya) "Lion" (Fransa) - "Real" (Madrid, İspaniya) "Portu" (Portuqaliya) - "Arsenal" (İngiltərə) "Milan" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları fevralın 16/17-də və 23/24-də, cavab qarşılaşmaları isə martın 9/10-da və 16/17-də keçiriləcək. Dünən eyni zamanda UEFA Avropa Liqası 1/16 final mərhələsinin də püşkatması olub. Turnirin son qalibi, Ukraynanın "Şaxtyor" klubu İngiltərənin "Fulhem" klubu ilə qarşılaşacaq. Turnirə Çempionlar Liqasından qoşulan Rusiya çempionu "Rubin" isə İsrailin "Xapoel" klubunu sınağa çəkəcək. Bundan əvvəl ÇL-də çıxış edən "Yuventus" (İtaliya) "Ayaks"la (Hollandiya), Almaniya çempionu "Volfsburq" isə "Vilyareal"la qarşılaşacaq. Püşkatma Avropa Liqasında çıxış edən İstanbul klubları - "Qalatasaray" və "Fənərbaxça"nın da rəqiblərini müəyyən edib. "Qalatasaray" İspaniyanın "Atletiko", "Fənərbaxça" isə "Lill"lə qüvvəsini sınayacaq. |