çap et  
Əli İsmayılov çempion kəməri qazana bilmədi
Əli İsmayılov çempion kəməri qazana bilmədi
Üzündə çoxsaylı çapıqlar səbəbincə döyüşü yarımçıq kəsdi
Şənbə, 19.12.2009

Kərim Nəsrullah

Azərbaycanın ən titullu peşəkar boksçusu Əli İsmayılov ötən gün növbəti döyüşü keçirdi. 35 yaşlı həmyerlimiz Rusiyanın Sankt-Peterburq şəhərində Ümumdünya Boks Təşkilatının (WBO) versiyası üzrə İnterkontinental kəmər uğrunda döyüşdə iştirak edib. Əli İsmayılovun rəqibi rusiyalı dəri əlcək ustası Denis Lebedev olub.

"Tayfun" klubunda keçirilən döyüşdə Lebedev ilk raundda üstünlüyə yiyələnib. Əli ikinci raundda rəqibinə ciddi müqavimət göstərsə də, təşəbbüsü ələ keçirə bilməyib. Döyüşün gedişində İsmayılova qüvvətli zərbələr vuran rusiyalı boksçu görüşü qələbə ilə başa çatdırıb. Belə ki, üz nahiyəsində çoxsaylı çapıqlar yarandığından, boksçumuz 7-ci raundda döyüşü davam etdirməkdən imtina edib. Nəticədə Denis Lebedev texniki nokaut sayəsində qələbə qazanıb.

Xatırladaq ki, ölkəmizin ən təcrübəli bokçusu olan Əli İsmayılov bununla da karyerasında üçüncü dəfə məğlubiyyət acısını yaşayıb. Əlidən fərqli olaraq Denis Lebedev indiyədək peşəkar rinqdə məğlub olmayıb. O, peşəkar rinqdə keçirdiyi 5 döyüşün hamısında rəqiblərini nokauta salıb. Rusiyalı boksçu son döyüşündə ingilis Enso Makarinelliyə qalib gələrək WBO İnternasional kəmərinə sahib çıxıb.

Əli sonuncu dəfə Aragentinada WBO versiyası üzrə "Qızıl kəmər" uğrunda döyüşdə Viktor Emilio Ramireslə bacarmamışdı. O, Argentinanın paytaxtı Buenos Ayresdə keçirilən 12 raundluq döyüşdən sonra yerli boksçu Emilio Ramiresə xal fərqi ilə uduzmuşdu. Döyüş başa çatdıqdan sonra Cənubi Amerikadan olan iki hakim üstünlüyü Ramiresə, bir hakim isə İsmayılova vermişdi. Beləliklə, boksçumuz WBO versiyası üzrə çempionluq kəmərini əldə edə bilməmişdi. Xatırladaq ki, Əli İsmayılovun aktivində 15 qələbə, 1 heç-heçə və iki məğlubiyyət var idi. O, WBO versiyasında Latino kəmərinin sahibidir.