İranda müxalif düşüncəlilərə qarşı təzyiqləri artırmaq və onlara nəzarət məqsədi ilə yeni qurumlar yaradılır. Məsələn, internet saytlarına nəzarət məqsədi ilə yaradılmış xüsusi şöbənin başçısı general Mehrdad Hamidi bildirib ki, başçılıq etdiyi şöbə "təhqir və yalanın internetdə yayılmasına" qarşı mübarizə aparacaq. General bu məsələyə dair öz mətbuat konfransında deyib ki, "İnternetdə böhtanların, yalanların və təhqiredici materialların yayılması yeni polis bölməsinin yaranmasını zəruri edir". Qurum saytların monitorinqini keçirəcək. Yeni qurum 12 nəfərdən ibarətdir və prokurorluğun rəhbərliyi altında fəaliyyət göstərəcək.
Son prezident seçkisindən sonra müxalifətə məxsus bir çox qəzet və saytlar qapadılıb. Rəsmi KİV və elektron informasiya vasitələrində isə çıxış etmək üçünsə onlara şərait yaradılmır.
İranda indiki hakimiyyətə silahlı və siyasi müxalifət sayılan Xalq Mücahidləri Təşkilatının təsis etdiyi Milli Müqavimət Şurasının başçısı Məryəm Rəcəvi dekabrın əvvəlində Brüsseldə təşkil olunan mətbuat konfransında bildirib ki, son prezident seçkisindən sonra baş verən etiraz aksiyalarının və oxşar olayların qarşısını almaq məqsədi ilə ali rəhbərin (ayətulla Xamneyinin) nəzarəti altında yeni təhlükəsizlik qurumu yaradılıb. Onun sözlərinə görə, yeni qurum İnqilab Keşikçiləri Qvardiyasının tərkibindən ayrılaraq təşkil olunub.
Məryəm Rəcəvi deyib ki, ayətulla Xomeyni öldükdən sonra İnqilab Keşikçiləri Qvardiyası dövlətin kəşfiyyat sahəsini tənzimləyən ən böyük qurumdur. Şuranın başçısının qənaətincə, İran rəsmiləri yeni təşkilatın qurulduğunu elan etsələr də, ona dair gerçəkləri gizlədirlər. Bu təşkilat həm internet saytlarını izləyəcək, kütləvi etiraz aksiyalarının qarşısını alacaq, onların təşkilatçılarını öncədən müəyyənləşdirərək cəzalandıracaq.
Müşahidəçilərin fikrincə, İranda qeyri-rəsmi bir kəşfiyyat qurumu mövcud idi. Qvardiyanın təhlükəsizlik qüvvələri bütün sahələrə müdaxilə edə bilir, bütün vətəndaşları istədiyi yerdə, istədiyi kimi sorğu-sual edir. Buna mane olan və ya belə bir davranışın qanunsuz olduğunu bildirən yox idi. Bu gün belə bir qurumu yaratmaqla hakimiyyət əvvəllər qanunsuz tərzdə gördüyü işləri indi "qanun çərçivəsində" həll edəcəkdir.
İyun olaylarından sonra İranın Milli Təhlükəsizlik və İnformasiya Nazirliyinin (ETTELAAT) fəaliyyətinə şübhələrin artdığı ehtimal olunur. Qvardiyanın isə aksiyalara müdaxiləsi etirazla qarşılanır. Bu baxımdan yeni quruma səlahiyyətlər verməklə rejim yeni dövrdə özünə daha sadiqlərlə işləməyə üstünlük verir.
|