Haşimi-Rəfsəncani müxalifət liderlərindən sayılsa da, atom_nüvə proqramına dair məsələlərdə rejimin mövqeyini müdafiə edir. Livanın "əl-Minar" telekanalına müsahibəsində keçmiş prezident deyib ki, Qərb bu məsələdə İranı qorxutmaqla səhvə yol verir: "Heç kim bizi dinc məqsədli atom-nüvə hüququmuzdan məhrum edə bilməz. Biz danışıqlara və dünyaya sülhməramlı olduğumuzu nümayiş etdirməyə hazırıq. Həm İran, həm də Qərbin öz hədəfi var. Onlar sanksiyalar tətbiq etmək niyyətindədir. Ancaq onlar bizi məqsədimizə çatmaqda əngəlləyə bilməyəcəklər".
Bununla belə, keçmiş prezident, hazırda Dini Ekspertlər Şurasının sədri (bu qurum İranın ali rəhbərini seçir) olan Haşimi-Rəfsəncani hakimiyyətin addımlarını kəskin tənqid edərək, indiki hökumətin konstruktiv tənqidləri belə qəbul etmədiyini söyləyib. Onun sözlərinə görə, ölkədə söz və mətbuat azadlığı olsa idi, insanların küçələrə çıxıb, etiraz aksiyası keçirməsinə ehtiyac duyulmazdı. Bu gün İran hakimiyyəti Rəfsəncaniyə qarşı bəlkə də onun bu tərzdə sərt tənqidi mövqeyindən dolayı təzyiqlərini artırmaqdadır.
Noyabrın ortalarında Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi jurnalistlərə açıqlamasında deyib ki, Rəfsəncaninin oğlu Mehdi Haşimi ölkəyə qayıdaraq, barəsində irəli sürülmüş ittihamlara cavab verməlidir. Jurnalistlərin "Prokurorluq builki prezident seçkisindən sonra "məxməri inqilab"da günahlandırılaraq, tutulanların məhkəmə qarşısında adını dəfələrlə hallandırdığı və əleyhinə ittihamlar irəli sürdüyü Mehdi Haşimi barədə nədən tədbir görmür?" sualına cavab olaraq prokuror deyib: "O, təcili ölkəyə qayıtmalıdır. Günahsız olduğunu iddia edirsə, ona qarşı irəli sürülmüş ittihamlar qarşısında özünü müdafiə etməlidir".
Bəzi mənbələrin məlumatına əsasən, seçkidən sonra Mehdi Haşimi Britaniyaya, oradan isə Livana gedib və geri dönməyib. Başqaları isə onun Kanadada olduğunu iddia edir. Çünki bu ölkədə Rəfsəncani ailəsinin böyük ticarət şəbəkəsi mövcuddur.
Prokurorun çıxışından sonra keçmiş prezident bəyan edib ki, oğlu təhsil almağa gedib və onun heç bir cinayətdə əli yoxdur.
Qeyd etmək lazımdır ki, bu son prezident seçkisindən əvvəlki çıxışlarından birində Mahmud Əhmədinejad Haşimi-Rəfsəncani və oğullarını "iqtisadi fəsad törətməkdə" və dövlət əmlakını mənimsəməkdə suçlamışdı.
Rəfsəncani Tehran Universiteti tibb fakültəsinin müəllim heyəti ilə görüşündə rəsmiləri müxalifətlə daha ədalətli davranmağa çağırır: "Rəsmilər ölkədəki çatışmazlıqlardan danışanlar və ədalətli tənqidi fikir söyləyənlərlə daha sivil davranmalı, bu nöqsanlardan nəticə çıxırmaq üçün sərbəst danışmağa şərait yaratmalıdırlar". O, ölkənin indiki durumunu son dərəcə böhranlı sayaraq, xalqın vəziyyətindən narahat olduğunu vurğulayıb: "İslam Respublikası xalqla yanaşı və çiyin-çiyinə hərəkət etdiyi təqdirdə uğur qazana bilər. Xalqın dəstəyindən məhrum olan sistem ziyan görəcək".
Dekabrın ilk günündə Rəfsəncani parlamentin "Birlik" adı altında keçirilən mərasimində iştirak etməyib. Mərasimə prezident Əhmədinejad da qatılmayıb. Hökumət başçısının aparatından bildiriblər ki, bununla bağlı dəvətnamə gec gəlib. Əslində isə baş verənlərə nəzərən Rəfsəncani ilə Əhmədinejad arasında münasibətlərin kəskin dərəcədə pisləşdiyini söyləmək olar. Ayətulla Xamneyi isə bu ixtilafı aradan qaldırmağa cəhd etsə də, buna nail ola bilməyib. Xatırladaq ki, Rəfsəncani Əhmədinejadın prezident kimi andiçmə mərasimində də iştirak etməmişdi.
ETTELAAT naziri Heydər Müslehi Qumda bir qrup din xadimi qarşısında çıxış edərək, Rəfsəncaninin övladlarına qarşı tədbir görəcəklərini söyləyib: "Təəssüflər olsun ki, indiki həssas şəraitdə ali rəhbərin yanında olmalarını gözlədiyimiz bəzi adamlar islam hakimiyyətinə qarşı müxaliflər arasında vasitəçilik etməyə çalışır, öz çıxışlarında son fitnə başçılarının yaydıqları bəyanatlarındakı ifadələri təkrar edirlər".
"Haşimi-Rəfsəncaninin övladlarına qarşı tədbir görülməməyin səbəbi nədir" sualına cavabında nazir deyib: "Biz bu barədə bir sıra ciddi işlərə başlamışıq. Onlarla bağlı tədbir görəcəyik. Ancaq indi inqilab düşmənlərindən bəzilərini tutmaqla onları qəhrəmana çevirmək istəmirik".
|