Əməkdar artist Tünzalə Ağayeva ilə müsahibəmizə ondan başladıq ki, siz milli estradamızda daima səfərlərdə olan və musiqimizi dünya səviyyəsində təmsil etməyə çalışan fəal, xarici ölkələrdə əlaqələri olan sənətçilərimizdən birisiniz və sonuncu dəfə olduğu ölkə barəsində təəssüratlarını eşitmək istərdik. Tünzalə xanım danışır:
- Sonuncu dəfə mən Hollandiyanın şimal hissəsində yerləşən Harlem şəhərinə səfər etmişəm. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu şəhərdə keçirilən festivalda iştirak etdim. Onu qeyd etmək istəyirəm ki, hələ Harlem şəhərinin tarixində olmayıb ki, bu festivalda uzaq ölkədən gəlmiş qonaq iştirak etsin. Amma bizim çıxışımızdan sonra təşkilatçılar festivalın gedişatında dəyişiklik etdilər və hər il festivala qonaq dəvət etmək qərarına gəldilər.
- Çoxları sizin sosial rolikdə iştirakınıza və ingilis dilində ifa etdiyiniz mahnıda hər kəsi insan alveri ilə mübarizəyə səsləməyinizə təəccübləniblər...
- Mənə "YES" adlı beynəlxalq təşkilatdan təklif gəldi. Bu təşkilat saysız sosial aksiyalar və humanitar proqramlar həyata keçirir. Bu təşkilata 55-dən yuxarı ölkə daxildir. Bu ümumdünya təşkilatı bizim yerli nümayəndələrimiz, başda Rövşən Muradov olmaqla, mənə bu çox ciddi layihədə iştiraketmə təklifi ilə müraciət etdi. Bu layihə çərçivəsində mən Polşanın keçmiş birinci xanımı İolanta Kvasnevska ilə görüşdüm. O, ölkəmizin birinci xanımı, hörmətli Mehriban Əliyeva ilə görüşmək üçün ölkəmizə təşrif buyurmuşdu.
Qeyd etmək lazımdır ki, xanım İolanta bir çox xeyriyyə və ictimai layihələrə rəhbərlik edir və onlarda iştirak edir. Görüşümüz çox maraqlı keçdi. İolanta xanımla görüş zamanı ona bildirdim ki, bizim bir çox incəsənət xadimlərimiz məmnuniyyətlə xeyriyyə layihələrində iştirak edir və bunu özlərinə borc bilirlər. Daha sonra "İnsan alverini indi dayandıraq" adlı layihə çərçivəsində təşviqat xarakterli bir rolikdə çəkilərək bütün dünya insanlarına azərbaycan və ingilis dilində müraciət etdim. Ümid edirəm ki, öz nitqimlə insanları bir daha dünyanın bu qlobal probleminə cəlb edə bildim. Bu layihə çərçivəsində atdığım növbəti addım isə müəllifi Misirin birinci xanımı Süzanna Mübarək olan "Dünyanı birgə quraq" mahnısını ifa etməyim oldu. Mahnının klipini Ülviyyə Könül çəkdi. Mahnıda müharibə, aclıq, insanların istismarı problemi və həmçinin bütün dünya insanlarını sülhə çağırış öz əksini tapdı. Mənə bəlli oldu ki, xanım İolanta çəkdiyimiz klipi, mənim ifamı və yeni aranjemanı bəyənib və mənim ifamda olan bu mahnının layihənin əsas mahnılarından olması arzusunu bildirmişdir.
Bütün dünyada insan alveri ilə mübarizə çərçivəsində konfranslar, görüşlər keçirilir və bu problemin müxtəlif həll yolları müzakirə edilir. Bundan başqa, Riki Marti, Riçard Qir, Culiya Armand, Ruslana, Valeriya, Sakis Ruvos və başqa məşhurların iştirakı ilə müxtəlif konsert aksiyaları keçirilir. Bütün bu insanlar öz ölkələrinin sülhməramlı səfirləri kimi çıxış edir və bütün dünyada keçirilən analoji layihələrdə fəal iştirak edirlər. Mən də bu layihə çərçivəsində bir sıra konsert aksiyaları keçirməyi planlaşdırıram. Zənnimcə, mən də bu ciddi proqrama öz kiçik töhfəmi bəxş edə bilərəm.
- Tünzalə xanım, artıq keçən ildən etibarən belə söz-söhbətlər gəzir ki, 2910-cu ildə keçiriləcək deputat seçkilərində siz də iştirak edəcəksiniz və Tovuz rayonundan namizədliyinizi irəli sürəcəksiniz...
- Bu, sadəcə, şayiələr idi. Mən yaradıcı insanam, azad yaşamaq istəyirəm və azad da yaşayıram. Sadəcə, faydalı ola biləcəyim sahədə iştirak edirəm, amma bu məni üzərimə hər hansı statusu götürməyə məcbur edə bilməz.
- Deməli, sizə bir müddət yaradıcılıqdan uzaqlaşmaq lazım olsa, siz bunu edə bilməyəcəksiniz?
- Xeyr. Sözsüz ki, yaradıcı insan sosial sahədə də faydalı ola bilər. Mən bir müddət sənətimdən uzaqlaşa bilərəm, lakin musiqisiz yaşaya bilmərəm.
- Albom üzərindəki hazırlıq işləriniz necə gedir?
- Albom insan alveri ilə mübarizəyə həsr olunacaq. Albom beynəlxalq bazara çıxacağı üçün onun adını ingilis dilində qoymaq fikrimiz var. Bu alboma ingilis dilində bir mahnı daxil etmək istəyirəm və istərdim ki, mətndə mənim Allaha etdiyim müraciət, duam olsun! "Pərvanə" mahnısını da ingilis dilində ifa etmək fikrim var, əlbəttə, sözlər mahnıya uyğun gəlsə.
- Keçən il sizin bəstələdiyiniz və Samirə, Əbdül Xalid kimi müğənnilərlə birlikdə ifa etdiyiniz duetlər çox idi. Sizdən yeni duetlər gözləyəkmi?
- Hazırda mən sözləri Vahid Əzizə məxsus "Gecələr" mahnısı üzərində çalışıram. Bu mahnını mən gənc rep ifaçısı Toni ilə birlikdə ifa edəcəm. Biz bu mahnını ilin sonunadək təqdim edəcəyik.
|