Azərbaycan Milli Konservatoriyasında musiqiyə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi. Ali musiqi ocağının "Tələbə Elmi Cəmiyyəti"nin təşəbbüsü ilə keçirilən tədbirə müəllim heyəti də qatılmışdı. Konfransı giriş sözü ilə açan konservatoriyanın elmi işlər üzrə prorektoru professor Vaqif Əbdülqasımov iştirakçıları salamladıqdan sonra tələbələrə fəallıq arzuladı. Musiqişünaslardan Fəridə Babayi, Fidan Aslanova, Pərvanə Rzayeva, Fazilə Nəbiyeva "Üzeyir Hacıbəylinin şifahi ənənəli professional musiqiyə dair fikirləri", "S.Kəriminin yaradıcılıq portreti", "Puşkin mövzuları musiqidə", "Xalqımızın toy kimi adəti var" mövzularında çıxış etdilər. Bunun ardınca tədbir üçün hazırlanan musiqi parçasını bəstəkar-pianoçu Pikə Axundova fortepianoda, konservatoriyanın ikinci kurs tələbəsi Təbriz Yusubov isə kamançada S.Kəriminin "Ömrümün istəyi" adlı mahnısını tədbir iştirakçılarına təqdim etdilər.
Sonda Azərbaycan Milli Konservatoriyasının rektoru, professor, xalq artisti Siyavuş Kərimi iştirakçılara, onların elmi rəhbərlərinə, konfransın təşkilatçısına minnətdarlıq bildirdi.
|