Mahmud Kaşğari adına Beynəlxalq Fond "Çinar" adlı yeni jurnalın nəşrinə başlayıb. Bakı Strateji Araşdırma və Xəbər Mərkəzindən verilən məlumata görə, artıq ilk sayı işıq üzü görən jurnal böyük türk dünyasından, onun ədəbiyyatından və mədəniyyətindən bəhs edir.
Dərginin bu sayında Türk-İslam düşüncə nəhənglərindən olan Hacı Bektaş Vəli, böyük ensiklopediyaçı alim Mahmud Kaşğari, əslən azərbaycanlı, Kanadada yaşayan tanınmış İran yazarı Rza Bərahəni, dünya elmində dərin iz qoyan böyük alim, soydaşımız Lütfi Zadə, qədim qam-şamanların davamçıları, türkmən ozanları barədə yazılar yer alıb. Burada Avropada türk dillərinə aid ilk lüğət kitabı olan "Kodeks Kumanikus"dan, Azərbaycan mənşəli görkəmli fransız türkoloqu İren Melikoffun əsərlərindən tərcümələr verilib və bu əsərlər dilimizə ilk dəfə olaraq çevrilib. Xalq şairi Zəlimxan Yaqubun "Sürgün" poeması, Qazaxıstan şairi Oljas Süleymenovdan yeni tərcümələr də ilk dəfə olaraq nəşr edilib. Nəşri üç ayda bir nəzərdə tutulan "Çinar" jurnalının baş redaktoru şair Elxan Zal Qaraxanlıdır.
|