![]() |
çap et |
|
|||
Naxçıvan Muxtar Respublikasının qədim folklor nümunələrini özündə əks etdirən "Naxçıvan folkloru antologiyası" çapa hazırlanmışdır. AMEA Naxçıvan bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Məhərrəm Cəfərlinin məlumatına görə, ötən dövr ərzində ilkin folklor mətnlərinin sistemləşdirilməsi, tərtibi və çapa hazırlanması, qədim folklor materiallarının toplanması üçün muxtar respublikanın bölgələrinə ekspedisiyalar təşkil olunmuş, toplanmış materiallar öyrənilmişdir.
M.Cəfərli bildirib ki, oxucular yeni nəşrdə Naxçıvan folklorunun 27 janrı ilə tanış olmaq imkanı əldə edəcəklər. Antologiyada muxtar respublika ərazisində yayılan miflər, mərasimlər, atalar sözləri və məsəllər, rəvayətlər, bayatılar, mahnılar və digər folklor janrları yer alacaq. "Naxçıvan folkloru antologiyası"nın yaxın günlərdə oxuculara təqdim olunması nəzərdə tutulur. Belə bir toplunun hazırlanması NMR Ali Məclisinin sədri Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" sərəncamına əsasən həyata keçirilib. Sərəncama əsasən, AMEA Naxçıvan bölməsi tərəfindən "Naxçıvan folkloru antologiyası" ilə yanaşı, Naxçıvan folkloru atlası da çap ediləcək. Yeri gəlmişkən, Naxçıvan Dövlət Uşaq Teatrından da yeni xəbər var. Teatrın direktoru, əməkdar artist Elmira Kərimovanın söylədiyinə görə, onlar yazıçı Bayram İsgəndərlinin "Meşə əhvalatı" əsərini tamaşaya hazırlayırlar. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar artist Vüsal Rzayev, rəssamı Səyyad Bayramovdur. Hazırda tamaşanın son məşqləri gedir. Elmira Kərimova onu da bildirdi ki, teatrın kollektivi ilin sonunda "Yeni il sərgüzəştləri" adlı tamaşa da təqdim edəcək. |