Ölkədə son vaxtlar sonsuzluq ciddi problemə çevrilməkdədir. Bəzən yeni evlənənlərin uşaq arzusu elə arzu olaraq qalır, çox vaxt isə qadınların hamiləliyi yarımçıq kəsilir. Bəzi araşdırmalar göstərir ki, uşağın olmaması ailənin dağılmasına səbəb olan başlıca amillərdən biridir. Dünən "Avropa" otelində keçirilən elmi-praktik konfrans da məhz "Reproduktologiyada genetik aspektlər" mövzusuna həsr olunmuşdu.
"Sağlam ailə" və "Birliyə doğru" ictimai birliklərinin təşkilati dəstəyilə reallaşan toplantıda əsas mövzu müasir günümüzdə sağlamlıq nöqteyi-nəzərindən aktual sayılan sonsuzluğun genetik səbəbləri, prenatal diaqnostikanın (hamiləlik zamanı dölün müayinəsi) həlli yolları, habelə hestozlar (normal gedişli hamiləlikdə baş verən ağırlaşmalar) və digər problemlər haqda idi.
Konfransda Moskva vilayət Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun 1 saylı Mamalıq Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Vasili Petruxin, "Roszdrav" Rusiya Dövlət Tibb Universitetinin urologiya kafedrasının professoru, tibb elmləri doktoru Səfər Həmidov, Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzinin genetika şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Vladimir Baxarev, Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzinin hamiləliyin pozulması şöbəsinin aparıcı elmi işçisi, tibb elmləri doktoru Zülfiyyə Saqdullayeva, Moskva Dövlət Tibb və Stomatologiya Universitetinin kliniki genetika kafedrasının müdiri, mama-ginekoloq, professor Larisa Akulenko və digər alimlər çıxış etdilər.
Kişilərdə sonsuzluğun kliniki və genetik aspektləri, kişilərdə sonsuzluğun müalicəsinə differensial və patogenetik yanaşma, sonsuzluğun əsas səbəbləri, kliniki və genetik aspektləri, müxtəlif faktorların kişi orqanizminə mənfi təsiri ətrafında müzakirələr aparıldı.
Qonaqlar öz məruzələrində anadangəlmə və irsi xəstəliklərin diaqnostikası və profilaktikasının tədqiqat üsullarının müasir imkanlarından, prenatal və preimplantasiya diaqnostikasının müasir aspektləri, genetika və reproduktiv texnologiyalara aid məsələlər, qadın sonsuzluğunun genetik aspektləri, qadın reproduktiv orqanlarında irsi xərçəngin profilaktikasının strategiyası və taktikası və s. söz açıldı.
"Sağlam Ailə" Özəl Tibb Mərkəzinin baş direktoru Vüqar Eyvazov rəhbərlik etdiyi qurumun cari ildə qazandığı nailiyyətlər, reallaşması yaxın gələcəyə planlaşdırılan yeni layihələr haqda danışdı. Konfrans iştirakçılarına laborator diaqnostikada mərkəzin siyasəti və strategiyası haqda da məlumat verildi.
|