Maştağada insan hüquqları pozulur
 |
Sakinlər sosial problemlərin həllini tələb edir
Şənbə, 19.12.2009
|
|
Bakı kəndləri içərisində Nardaran və Maştağa qəsəbələrində vəziyyət daha da acınacaqlıdır. Bu barədə Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin mətbuat konfransında danışıldı. Maştağa qəsəbəsinin problemlərinə həsr olunmuş tədbiri giriş sözü ilə açan Bakı və Bakı kəndlərinin Hüquqlarının Müdafiəsi Komitəsinin sədr müavini Ələkbər Məmmədov paytaxt kəndlərinin mövcud problemlərindən söz açdı. Ələkbər Məmmədov ölkə başçısının göstərişlərinə yerlərdə əməl olunmadığını qeyd etdi.
Daha sonra tədbirdə çıxış edən Bakı və Bakı kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin seçkilər üzrə komissiya rəhbəri Tahir Poladov Maştağada hökm sürən işsizlikdən danışıb. Yüz əlli mindən artıq əhalisi olan Maştağa qəsəbəsində qış mövsümünün başlamasına baxmayaraq, işıq və qaz problemləri, habelə sayğaclaşma işi hələ də həll olunmayıb. T.Poladov icra orqanlarının bu kimi əməllərinin yerli camaat arasında narazılıq yaratdığını dedi:
"Qış gəlib, amma kənddə işıq-qaz problemi hələ də həll olunmayıb. Yollar bir dəfə də olsun təmir olunmayıb. Bəlkə kağız üzərində həmin yollar çoxdan təmir olunub, amma faktiki olaraq məhəlləarası yollarda vəziyyət daha acınacaqlıdır. İdman və təhsil sahələri də bərbad vəziyyətdədir. Hər yerdə idmana qayğı olduğu halda, Maştağada bu işlər görülmür. Gənclər Maştağa Olimpiya Kompleksindən istifadə edə bilmirlər. Stadionda bir saat futbol oynamaq üçün 30-40 manat tələb olunur. Maştağa sakinləri olmuş tanınmış idmançıların xatirəsinə turnirlər təşkil etmək olmur. Təhsil də bərbad vəziyyətdədir. Əgər əvvəllər orta məktəblərdən məzun olan 300-350 şagirdin 30-35 faizi ali məktəbə daxil olurdusa, indi bu göstərici 5 faizə enib".
T.Poladov qarşıdan gələn bələdiyyə seçkiləri ilə əlaqədar Maştağada insanların hüquqlarının pozulduğunu və bu seçkilərin ciddi qanun pozuntuları ilə aparıldığını da dedi.
Maştağa sakini Zakir Qafarlı isə kənd sakinlərinin pay torpaqlardan məhrum olunduğunu bildirib: "Azərbaycanın bütün rayonlarında sakinlərə pay torpaqları paylanır. Hətta bəzi yerlərdə pay torpaqları hektarlarla verilir. Amma Abşeron rayonu Azərbaycanda yeganə ərazidir ki, sakinlərinə 1 metr belə olsun pay torpağı ayırmır. Bir evdə 20-25 nəfər yaşayır. Maştağa sakinləri daim əkin-biçinlə, heyvandarlıqla məşğul olublar. Amma indi bütün örüş yerləri, əkin-biçin yerləri qeyri-Maştağa sakinlərinə tikinti işlərinin aparılması üçün satılıb"
Tədbirdə digər sakinlər də kənddəki vəziyyətin acınacaqlı olmasından danışıblar. Tədbirin sonunda təşkilatın və Maştağa sakinlərinin adından ölkə başçısına müraciət ünvanlanıb.
|
|
|
|
|
|
|