Son zamanlar paytaxt Bakıda və hətta ucqar rayonlarda belə səyyar xırdavat satışı ilə məşğul olan çinlilərə tez-tez rast gəlmək olur. Azərbaycan vətəndaşları işsizlikdən şikayət etsələr də, çinlilər heç də belə düşünmürlər. Onlar Azərbaycanda özlərinə xırdavat satışı ilə yanaşı, geyim əşyalarının satışı, sağlamlıq mərkəzlərində masaj xidmətləri və hətta tikinti sahəsində ucuz fəhlə qüvvəsi qismində də iş tapmaqda çətinlik çəkmirlər. Özü də onlar bunu qanun çərçivəsində həyata keçirirlər.
Bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Arzu Rəhimov məlumat verib. DMX rəisinin sözlərinə görə, Azərbaycanda xırdavat satışı ilə məşğul olan əcnəbilər ölkəyə qanuni yolla gəlir. Arzu Rəhimov onu da bildirib ki, hazırda ən ucqar yaşayış məntəqələrində belə rast gəlinən çinlilər, pakistanlılar və digər ölkələrdən olanlar əsasən bütün sənədləşmə işlərini həll edirlər: "Yoxlamalar göstərir ki, bu əcnəbilər ölkəyə qanuni qaydada gəlir. Vizaları var, göstərilən müddətdə Azərbaycanda qalır və müddət başa çatdıqda ölkəni tərk edirlər".
Əcnəbilərlə bağlı narahatlığa əsas görmədiyini deyən Arzu Rəhimovun sözlərinə görə, hazırda Azərbaycanda əmək miqrantları ilə bağlı kvota hazırlanır. Gələn ildən tətbiq ediləcək bu kvota Nazirlər Kabineti tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Bu sənəddə hansı sahələr üzrə nə qədər əməkçi lazım olduğu göstəriləcək.
2009-cu il ərzində qaçqın statusunun müəyyən edilməsi ilə bağlı DMX-yə 100-dən artıq şəxsin müraciət etdiyini vurğulayan xidmət rəisi bildirib ki, müraciət edənlər əsasən Pakistan, Əfqanıstan, az sayda isə İran vətəndaşlarıdır. Onun sözlərinə görə, son iki ildə Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması da nəzərəçarpacaq dərəcədə artıb. O, bunu həmin ölkələrdə başlamış iqtisadi böhranla əlaqələndirib. Rəhimov bildirib ki, Azərbaycana ən çox miqrant həmsərhəd ölkələrdən - Gürcüstan, Rusiya, İran və Türkiyədən gəlir. Ümumilikdə 130 ölkədən Azərbaycana miqrantlar gələrək qeydiyyata düşüb.
Xidmət rəisi bildirib ki, cari ilin yanvar-noyabr aylarında rəhbərlik etdiyi quruma 40 mindən artıq müraciət daxil olub: "Hər bir müraciət fərdi qaydada araşdırılıb və qərar qəbul edilib".
Gürcüstan və digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycanın miqrasiya orqanlarında qeydiyyatında yaranan problemlərə aydınlıq gətirən Arzu Rəhimov deyib ki, həmin şəxslər milliyyətcə azərbaycanlı olsalar da, başqa ölkənin vətəndaşı, yəni əcnəbidirlər. Qanunvericilikdə onlara dair hansısa güzəşt olmadığından həmin şəxslər digər əcnəbilərlə eyni qaydada qeydiyyata alınırlar.
Hazırda DMX tərəfindən əcnəbi vətəndaşların saxlanması üçün saxlama mərkəzləri inşa olunur. A.Rəhimovun sözlərinə görə, bu mərkəzlər araşdırma dövrü ərzində miqrantların saxlanılması üçün nəzərdə tutulur. Miqrant onun barəsində qərar çıxarılan müddətədək bu mərkəzlərdə saxlanacaq. Miqrantların nə qədər saxlana biləcəyinə gəlincə, xidmət rəisi hazırda bununla bağlı müvafiq təkliflərin hazırlandığını qeyd edərək konkret müddət barədə məlumat verməyib.
Arzu Rəhimov onu da əlavə edib ki, ilin sonunadək DMX-nin bir sıra bölgələrdə idarələrinin açılması planlaşdırılır. Hazırda dövlət xidmətinin Yevlax, Şirvan və Lənkəranda regional idarələri var.
Rəqəmlərə görə, 2009-cu il ərzində Azərbaycanda 598 nəfər əcnəbi vətəndaş müəyyən olunaraq ölkədən çıxarılıb. DİN Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin (QMQMİ) şöbə rəisi Yaşar Ağayevin məlumatına görə, deportasiya edilən şəxslərdən 135 nəfəri DMX, 318 nəfər DİN-in QMQMİ, 28 nəfər Penitensiar Xidmət, 104 nəfər DİN-in digər polis orqanları, 13 nəfər MTN, 14 nəfər isə digər xidmətlər tərəfindən saxlanılaraq ölkə ərazisindən çıxarılıb.
Əcnəbilərin yol verdikləri qanun pozuntuları əsasən onların vizaları, qalma müddətinin pozulması, qeydiyyat üzrə yaşamamaları, eyni zamanda fərdi icazənin olmaması ilə bağlıdır. Ən çox deportasiya edilənlər Pakistan (329 nəfər), Çin (80), Əfqanıstan (20), İran (26), Türkiyə (41), Gürcüstan (24) vətəndaşlarıdır.
Xatırladaq ki, 18 dekabr tarixi artıq 9 ildir Beynəlxalq Miqrant Günü kimi qeyd olunur. Belə ki, 18 dekabr 1990-cı ildə BMT Baş Assambleyasında Beynəlxalq miqrant və ailələrinin hüquqlarının müdafiəsi konvensiyası imzalanıb. İlk beynəlxalq miqrantlar günü tədbirləri isə Filippinin paytaxtı Maniladakı BMT binasında yerli idarəçilər, xarici diplomatlar və beynəlxalq sivil quruluşlarının nümayəndələri tərəfindən keçirilib. BMT isə bu günü 2000-ci ildə rəsmən beynəlxalq miqrantlar günü kimi qəbul edib.
|