Hal-hazırda Ayna qəzetinin 19.12.2009 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 19.12.2009
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Qadınlara qarşı zorakılıq: rəqəmlər nə deyir?
Qadınlara qarşı zorakılıq: rəqəmlər nə deyir?
Acınacaqlı bir mənzərə...
Şənbə, 19.12.2009

Aynurə mətn ölçüsü  

Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirdiyi sorğuya görə, əhalinin 77 faizi cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrindədir. Yəqin ki, əksəriyyətin məişət zorakılığı ilə bağlı rəsmi rəqəmlərin gerçəkliyi tam əks etdirmədiyi fikri əsassız deyildir. Sirr deyil ki, zorakılığa məruz qalanların çoxu hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir.

Bəzi qadın millət vəkillərinin fikrincə, qadınlara qarşı zorakılığın əsas səbəbləri zərif cinsin kişilərdən iqtisadi asılılığı, təhsil səviyyəsinin aşağı olması, qızların erkən ərə verilməsidir. Bundan başqa, Azərbaycanda qadınların rəhbər vəzifələrdə təmsilçiliyi aşağı səviyyədədir. Azərbaycanda nə bir nəfər də olsun nazir qadın, nə də icra başçısı var. Parlamentdə qadınların təmsilçiliyi cəmi 11 faizdir.

Statistik rakurs

Dünya İqtisadi Forumunun 2009-cu il üçün hazırladığı statistikada qadınların siyasi hakimiyyətdə təmsilçiliyi baxımından Azərbaycan 134 ölkə arasında 119-cu yerdə olub. Qadınların iqtisadi fəallığına görə isə Azərbaycan 134 ölkə arasında 32-ci, eyni işi görən qadınların kişilərə nisbətən aldığı maaş fərqinə görə 14-cü, qadınların vəzifə tutmaq imkanlarına görə isə 118-ci yerdə durur.

Digər statistik rəqəmlər daha acınacaqlıdır. Azərbaycanda qadınlar daha çox insan alveri və narkotik maddələrin alveri ilə bağlı cinayətlərdə təqsirli bilinir. Ümumilikdə 2008-ci ilə qadınlar tərəfindən törədilən cinayətlərin sayı 2197 olub. Bu ilin 10 ayında isə qadınlar tərəfindən 1789 cinayət törədilib. Baş Prokurorluğun məlumatına görə, Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə bağlı ölüm halları müşahidə edilir. 2008-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılıq faktı ilə bağlı 14 ölüm hadisəsi baş verib. Bu ilin 10 ayı ərzində isə bu rəqəm 16 olub. Qadınlara qarşı ötən il 1657, bu ilin 10 ayı ərzində isə 1312 xəsarət faktı qeydə alınıb.

DİN-dən daha qorxulu rəqəmlər

Daxili İşlər Nazirliyinin gətirdiyi rəqəmlərə görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub.

REKLAM

Şəxsiyyət əleyhinə olan cinayətlərdən 7 min 974-ü döymə, 1865-i qəsdən sağlamlığa zərər vurma, 388-i 16 yaşına çatmayanların cinsi əlaqəyə cəlb edilməsi olub. Sonuncu hal daha çox ölkənin cənub bölgəsində üstünlük təşkil edib. Hesabat dövründə qadınlara qarşı 92 zorlama, 54 işgəncə faktı qeydə alınıb. Baş verən cinayətlərin 20 faizi qısqanclıq zəminində olub. Bu cinayətlərdən 45-i qadınların ölümü ilə nəticələnib, o cümlədən 4 azyaşlı qız ölüb. Qadınlara qarşı baş verən cinayətlərin 90-95 faizinin üstünün açıldığı da göstərildi.

Parlamentdən baxış

Qadınlara qarşı zorakılıq dünyanın ən aktual problemlərindəndir. Artıq neçə illərdir QHT-lər, hökumətlər, eləcə də beynəlxalq təşkilatlar bu problemin həlli yollarını müzakirə edirlər. Azərbaycan isə 2006-cı ildə AŞ-nin qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub. Amma bundan əvvəl də ölkədə bu problemə qarşı mübarizə aparılıb, qanunvericilikdə ailə-məişət zorakılığının aradan qaldırılmasına dair müddəalar var. Amma nədənsə, hələ də "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsi Milli Məclisə təqdim edilməyib.

MM 2008-ci ildə "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, qəbul edə bilməyib. Buna səbəb bəzi millət vəkillərinin qanun layihəsinin milli mentalitetə uyğun olmadığını göstərməsi olub. Bunu nəzərə alan parlament qanun layihəsini yenidən işlənmək üçün qaytarıb. Qadın millət vəkilləri deyirlər ki, layihənin qəbul olunması üçün siyasi partiyaların, hüquq-mühafizə orqanlarının da parlamentə dəstək verməsi vacibdir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov hesab edir ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün Cinayət Məcəlləsində dəyişiklik olunması vacibdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova da "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanunun qəbulunun vacibliyini bildirdi. Onun sözlərinə görə, qanun layihəsinin məqsədi uşaq, qadın və ahıllara qarşı zorakılığın bütün növlərinin qarşısını almaqdır. "Məişət zorakılığı qanun pozuntusudur və bu, qanunvericilikdə əks olunmalıdır. Qanun qəbul edilərsə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində belə zorakılıq edənlərə qarşı sanksiyalar nəzərdə tutulmalıdır", - deyə komitə sədri vurğuladı.

Öyrəndik ki, Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qanuna rəy vermək üçün ATƏT-in Bakı ofisinə müraciət edib. Qurumun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu qanun layihəsinə 25-30 səhifəlik rəy verib. Qanun layihəsi hələ təkmilləşdirilməlidir, xüsusən məişət zorakılığına məruz qalmış qadınlarla bağlı təcili tədbirlərin görülməsi ilə bağlı qanuna dəyişiklik edilməlidir. ATƏT rəsmiləri "bu qanun ailəyə müdaxiləyə yol açır" fikri ilə razılaşmır:"Bütün cəmiyyətlərdə olduğu kimi Azərbaycanda da ailə müqəddəsdir, ona müdaxilədən söhbət getmir. Qanun ailədə cinayət olarsa, dövlətin müdaxiləsini nəzərdə tutur".

Qadınlara qarşı zorakılıq bütün ölkələrdə mövcuddur. Bunun olmadığını demək problemə göz yummaq, özünü aldatmaq deməkdir. Avropa Şurası bu problemin aradan qaldırılmasında Azərbaycana dəstək verməyə hazırdır. Avropa Şurası qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair konvensiya da hazırlayır. Hazırda ekspertlər konvensiya layihəsi üzərində işi yekunlaşdırmaq üzrədirlər. Gələn il bu konvensiyanın qəbul ediləcəyi gözlənilir. Şurada hesab edirlər ki, Azərbaycanda "Məişət zorakılığına qarşı mübarizə haqqında" qanunun qəbulu bu problemin həlli üçün yaxşı qanunvericilik bazası ola bilər.

Dünyanın yanaşması

ATƏT-in məlumatına görə, dünyanın 60 ölkəsi bu sahədə qanunvericilik bazası yaradıb. Azərbaycan isə qanunvericilik bazası yaratmayan ölkələr sırasındadır. Qonşu Turkiyə, Gürcüstan bu qanunları qəbul edib. Təşkilatda ümid edirlər ki, bu qanunun qəbulu Azərbaycanda da tezliklə gerçəkləşdiriləcək.

Yeri gəlmişkən, BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya başlayıb. BMT-yə üzv ölkələr 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaratmalı, maarifləndirmə işləri aparmalı və problemin həlli üçün proqram hazırlamalıdır. BMT təmsilçilərinin fikrincə, bu problemin həllində ən yaxşı yol cəmiyyətin maariflənməsidir.

DİN-də isə qadınlara qarşı zorakılığın qarşısının alınması üzrə tədbirlər planı hazırlandığı bildirilir. Nazirlikdə yaradılan "102" xidmətinə hər gün 1500-2000 zəng daxil olur. Zənglərin 30-40 faizi qadınlar tərəfindən vurulur. Qadınlara qarşı zorakılıq sahəsinə xüsusi polis nəzarəti təşkil edildiyi iddia edilir. Hesabat dövründə məişət zorakılığı ilə mübarizədə səhlənkarlıq edən onlarca polis əməkdaşı cəzalandırılıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İnformasiya "sipər"ləri

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

Arılar qoruqda yerləşdirilə bilər

Hakimiyyət öz müxaliflərini "tərk-silah" etməyə çalışır

Ərinin başını çəkiclə əzən qadına hökm oxundu

Bölmənin digər xəbərləri
 
Avtobusa - kart, taksiyə - sayğac
Bir də, görəsən, hava limanına niyə avtobus marşrutu yoxdur?

Şadlıq evlərindən parlamentə şikayət...
Azad İstehlakçılar Birliyi MM-ə təkliflər paketi göndərib

Azərbaycandan 598 nəfər əcnəbi deportasiya olunub
Qaçqın statusu almaq üçün 100-dən artıq şəxs müraciət edib

Maştağada insan hüquqları pozulur
Sakinlər sosial problemlərin həllini tələb edir

Sonsuzluğun genetik səbəbləri müzakirə edilirdi
Azərbaycan və Rusiya mütəxəssisləri "Avropa" otelində elmi toplantı keçirdilər



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub

Ötən ay 734 əcnəbi Azərbaycandan qovulub


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər