Avtobusa - kart, taksiyə - sayğac
 |
Bir də, görəsən, hava limanına niyə avtobus marşrutu yoxdur?
Şənbə, 19.12.2009
|
|
Sərnişin avtobuslarında kart sisteminə keçid, avtobuslarda turniketlərin quraşdırılması bu nəqliyyat növündə intellektual idarəetmə sistemi tətbiq olunduqdan sonra mümkün olacaq. Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, avtobuslarda intellektual idarəetmə sisteminin 2011-ci ilin fevralında tətbiqi nəzərdə tutulur. Bunun üçün bütün ictimai nəqliyyatlarda videoizləyicilər quraşdırılacaq və ictimai nəqliyyatın vahid mərkəzdən idarəolunma prosesi həyata keçiriləcək. Namiq Həsənov hazırda nəqliyyatın intellektual idarəetmə mərkəzinin tikildiyini bildirib.
Söhbət əsnasında öyrəndik ki, 2010-cu ilin əvvəlində ölkəyə daha 200-300 ədəd iritutumlu avtobus gətiriləcək. Namiq Həsənov deyir ki, kiçik avtobusların iritutumlu avtobuslarla əvəzlənməsi gələn il də davam edəcək.
Ölkəyə taksilərin nə zaman gətiriləcəyinə gəlincə, nazirliyin əməkdaşı bildirir ki, hələlik taksilərin hansı ölkədən və nə zaman gətiriləcəyi ilə bağlı qərar verilməyib. Belə ki, hazırda taksilərlə bağlı Almaniya, Yaponiya və Koreya şirkətləri ilə danışıqlar aparılır.
Yeni taksi partiyasının gətirilməsinin yubanacağı gözlənilən idi. Çünki növbədə iritutumlu avtobuslar vardı və onların gətirilməsini başa çatdırmaq tələb olunurdu. Amma taksilərə sayğac quraşdırılmasını ləngitməyin buna nə dəxli? Onsuz da yeni taksilər gətirilsə də, köhnələr xətdən kənarlaşdırılmır. Taksilərə sayğac quraşdırma isə taksi sürücülərinin yola özlərindən qiymət qoymasına son verərdi.
"Bakı Sərnişin Nəqliyyatı" MMC mətbuat xidmətinin rəhbəri Samir Həsənovun dediyinə görə, hazırda əsas diqqət avtobusların hərəkətinin normallaşdırılmasına yönəlib. Onun fikrincə, iritutumlu avtobuslarən gətirilməsindən sonra sərnişin daşınmasında müəyyən irəliləyişə nail olunub.
"Hazırda "Nəqliyyatın intellektual idarəetmə sistemi"nin qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. Buna görə də taksilərlə bağlı məsələ bir qədər ləngiyir. Yaxın gələcəkdə taksi xidmətinə xarici görünüşü və xidmət səviyyəsi yüksək olan avtomobillərin cəlb edilməsi nəzərdə tutulur. Artıq paytaxta 30 ədəd "Toyota" avtomobili gətirilib. Əlavə olaraq "Mersedes" və "Passat" markalı avtomobillərin gətirilməsi də nəzərdə tutulub. Ola bilər ki, əlavə "Passat" markalı avtomobillər də gətirilsin.
Hazırda yeni taksilərin gətirilməsində müəyyən problemlər olduğu üçün çox güman ki, bu işlərə gələn ildən başlanacaq. Yeni taksilərin gətirilməsi tam başa çatmadığından taksilərə sayğacların quraşdırılmasına başlanılmayıb. Bu proses yeni taksilər gətirildikdən sonra mümkün olacaq. Yeni gətirilən taksilərdə gedilən məsafəni ölçmək üçün sayğaclar quraşdırılacaq. Eyni zamanda, onların hərəkət marşrutuna nəzarət ediləcək ki, taksi sürücüsü sərnişinləri uzaq yolla mənzil başına aparəb əlavə pul almasın. Müştəri gedilən məsafəyə görə pul ödəyəcək. Həmin məsafə isə sayğacda qeyd ediləcək", - deyə qurum rəsmisi bildirdi.
Paytaxtın nəqliyyat sistemində həllini gözləyən məsələlər çoxdur. Qəribədir ki, rəsmilər bütün problemlərin həllini nəqliyyatın intelektual idarəetmə sisteminin qurulması layihəsinin başa çatmadığı ilə əlaqələndirirlər.
Bu gün paytaxt əhalisini narahat edən problemlərdən biri də hava limanına sərnişin avtobuslarının işləmədiyidir. Dünyanın əksər ölkələrində hava limanlarından şəhərin müxtəlif istiqamətlərinə sərnişin avtobusları, elektrik qatarları işləsə də, Bakı istisnadır. Bu gün də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına getmək üçün ancaq taksi xidmətindən istifadə etmək lazım gəlir. Taksilərin qiyməti isə heç də bütün vətəndaşların istifadəsi üçün əlverişli deyil. Metronun "Əzizbəyov" stansiyasından hava limanına getmək üçün ən azı 8 manat ödəmək lazım gəlir. Eyni vəziyyət hava limanından şəhərə gələrkən də baş verir. Halbuki dünyanın ən müasir şəhərlərində də hava limanından şəhərə sərnişin avtobusları işləyir. Digər tərəfdən, əksər ölkələrdə taksilərdə sayğaclar quraşdırılıb və gedilən yola görə xidmət haqqı ödənilir. Əlbəttə, taksi sürücüləri bu vəziyyətdən istifadə edəcəklər. Axı sərnişinlərin hava limanına getmək üçün başqa variantı yoxdur. Maraqlıdır, Bakıda ən azı hər küçəyə sərnişin avtobusu işlədiyi halda, hava limanına nə üçün sərnişin avtobusları işləmir?
Məsələyə münasibət bildirən Samir Həsənov yaxın vaxtlarda "müəyyən addımlar atılacağını" bildirdi. Onun dediyinə görə, Azərbaycanda sərnişindaşıma ilə sahibkarlar məşğul olur və Heydər Əliyev adına Beynəlxalq Hava Limanına da sərnişin avtobuslarının işləmədiyi onların buna istəyinin olmadığı ilə əlaqəlidir. "Nədənsə həmin ünvana marşrut açmaq barədə təkliflər gəlməyib. Hazırda həmin xətt üzrə sərnişin avtobus marşrutu öyrənilir. Bununla bağlı yenidən sahibkarlara müraciət ediləcək. Yəqin ki, yaxın vaxtlarda o əraziyə də sərnişin avtobusu işləyər".
|
|
|
Oxşar xəbərlər:
İsrailə təyyarə reysləri ləğv edilə bilər
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Şəhərətrafı sakinlər hələlik xırda və ortatutumlu avtobuslarla kifayətlənə bilər
Yeni iritutumlu avtobuslar istifadəyə veriləcək
Yeni qaz marşrutları üzərində düşünülür
|
|
|