...Yaxşı tanıdığım ictimai-siyasi xadim, Milli Məclisin keçmiş üzvü, məşhur "91-lər"dən olan Zakir Həsən oğlu Sərdarovun bizim xatirələrimizdə yaşadığını yazmaqdan şərəf duyuram.
Göycə mahalının Krasnoselsk (əksərən azərbaycanlıların yaşadığı keçmiş Çəmbərək) rayonunda doğulmuş Zakir Sərdarovun ictimai xadim kimi yetişməsi azadlıq hərəkatından sonraya təsadüf etmişdi. O, bir ziyalı statusu ilə hərəkatda iştirak etməklə vətəndaşlıq borcunu yerinə yetirmiş və ermənilərin törətdikləri özbaşınalıqlara qarşı etiraz səsini qaldıranların sırasına qoşulmuşdu. Təmiz niyyətlə hərəkata qatılan Zakir Sərdarov baş verən hadisələrin gedişində öz baxışını müəyyənləşdirdi. Azərbaycanın düşmüş olduğu vəziyyətdən xilasını Heydər Əliyevdə gördü.
İctimai-siyasi fəaliyətini Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsi istiqamətində quran Zakir Sərdarov və həmfikirlərinin mübarizəsi sonralar "91-lər" adı ilə tarixə düşdü. Tariximizin bu səhifəsinin yazılmasında onun xidmətləri də qabarıq idi.
Zakir Sərdarov ictimai-siyasi fəaliyyəti ilə yanaşı elmi işlərini də davam etdirir, mətbuatda yazılarla çıxış edirdi. Onun iki məqaləsini xüsusi qeyd etmək istəyirəm: "Milli qürur simvolu" və "Azərbaycançılıq". Bunlar narahat bir siyasətçinin ürək çırpıntısı kimi çox dəyərlidir. Hər iki məqalə Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edirdi. Bu məqalələrdə biz müəllifin Heydər Əliyev şəxsiyyətinə olan səmimi sevgisini və rəğbətini görürük.
Zakir Sərdarov ömrünün son ilini Milli Məclisin deputatı kimi yaşadı. 1996-cı ilin fevralında 26 saylı 1-ci Nəsimi seçki dairəsindən deputat seçilmiş və MM İnsan Hüquqları daimi komissiyasında fəaliyyətə başlamışdı. Lakin amansız ölüm onun bütün işlərini və nəcib niyyətlərini yarımçıq qoydu.
Onu tanıyanlar yaxşı xatırlayarlar ki, xaraktercə sərt insan idi. Ancaq bu sərtliyin içərisində bir mülayimlik, həlimlik vardı. Heç vaxt kimsəyə yarınmaz, üzəvari "yağlı" cümlələr işlətməzdi. Əqidəsindən dönənləri, ikiüzlüləri qəbul etməzdi.
Cəmi 58 il ömür yaşadı. Dünyaya sadə bir insan kimi gəldi. Haqq dünyasına isə böyük bir xalqın ictimai-siyasi xadimi titulunda köçdü. Bu heç də hamıya nəsib olmur.
|