çap et  
Milli Məclis ABŞ-a etiraz bildirəcək
Milli Məclis ABŞ-a etiraz bildirəcək
Parlament ABŞ-dan Dağlıq Qarabağa yardımlarını dayandırmağı tələb edəcək
Şənbə, 12.12.2009

E.Elçin

Azərbaycan Milli Məclisində ABŞ Konqresinin Dağlıq Qarabağa maliyyə yardımı ayırmasına etiraz bildiriləcək. Bu barədə MM Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Deputat deyib ki, on illərdir davam edən bu proses haqlı narazılıq yaradır. Onun sözlərinə görə, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa ayrılan bu yardımlar öz təyinatı üzrə istifadə olunmur, burada fəaliyyət göstərən hərbi xuntanın azğınlığını daha da artırır.

Z.Oruc deyib ki, digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağa yardım ayırması bu ölkənin üzərinə götürdüyü vasitəçilik missiyasının statusuna uyğun deyil: "Biz Milli Məclisdə məsələ qaldırıb, ABŞ-dan Dağlıq Qarabağa göstərdiyi yardımları dayandırmasını istəyəcəyik. Baş verənlər münaqişənin həllinə mənfi təsir göstərir".